İsveç teatrları ilə Musiqili Teatr arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

İsveç teatrları ilə Musiqili Teatr arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
15:53 11 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad Dövlət Musiqili Teatrında olub.
Musiqili Teatrında yaradılmış şəraiti yüksək qiymətləndirən qonaq görülən işlərin çağdaş dünya standartlarına tam cavab verdiyini söyləyib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib.
Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonağa rəhbərlik etdiyi mədəniyyət ocağı barədə məlumat verib.
O, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin teatr sənətinin, ümumilikdə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində çox mühüm işlər gördüyünü vurğulayıb. Teatr sənətinin inkişafına dair Dövlət proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və İsveç Krallığına dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi, qarşılıqlı səfər və qastrolların təşkilinə toxunulub.
Əliqismət Lalayev 130 illik yubileyini qeyd etdiyimiz dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının azərbaycanlı mütəxəssislər tərəfindən İsveç teatrlarından birində hazılanmasını təklif edib. Tomas Danestad bunun çox dəyərli bir ideya olduğunu və bu ideyanın reallaşması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_teatrlari_ile_Musiqili_Teatr_arasinda_emekdasliq_elaqeleri_muzakire_edilib-910379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR