Tələbə və məzunlara 345 vakant iş yeri təklif olunub

Tələbə və məzunlara 345 vakant iş yeri təklif olunub
15:58 11 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Xəzər Universitetində təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında qeyd olunub ki, gənclərin məşğulluğunun artırılması ölkəmizdə həyata keçirilən dövlət məşğulluq strategiyasının əsas hədəflərindən biridir. Aparılan məqsədyönlü işlər gənclər arasında məşğulluq səviyyəsinin getdikcə artmasına, onların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirakına şərait yaradıb. “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərinin əhəmiyyətindən bəhs olunaraq, bu tədbirlərin əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə yönəldiyi vurğulanıb.
İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Tədbir zamanı 7-si dövlət, 45-i özəl sektora aid 52 müəssisə tərəfindən 345 boş (vakant) iş yeri də təqdim edilib. Tələbə və məzunlara boş iş yerlərinə göndərişlər verilməklə, onlardan əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüb. Həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq üçün onlardan şəxsi məlumatlar əks olunan CV-lər qəbul ediblər.
Cari ilin ötən dövründə respublikamızın 9 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərində 340 nəfərə yaxın şəxsə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 3 min nəfərdən çox tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV-lər) verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telebe_ve_mezunlara_345_vakant_is_yeri_teklif_olunub-910380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR