Ulu öndər Heydər Əliyevin xatirəsi Dövlət Miqrasiya Xidmətində anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Dövlət Miqrasiya Xidmətində anılıb
18:13 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin xatirəsi Dövlət Miqrasiya Xidmətində (DMX) anılıb.
Əvvəlcə Xidmətin Heydər Əliyev Muzeyində Ulu Öndərin büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin akt zalında davam etdirilən anım mərasimində qurumun rəisi Firudin Nəbiyev “Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq qazandığı bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi böhran, dövlətimizin məhv olmaq təhlükəsi tarixi faktlarla xatırlanıb. Məruzədə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra böyük çətinliklər hesabına Azərbaycan xalqının düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardığına, qanunsuz silahlı dəstələrin ləğv edildiyinə, vahid komandanlıq altında Silahlı Qüvvələrin formalaşdırıldığına diqqət çəkilib. Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıldığı vurğulanıb.
Müasir Azərbaycanın inkişaf strategiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini diqqətə çatdıran Xidmət rəisi bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin bu gün bu siyasəti uğurla davam etdirməsi nəticəsində sabitlik və inkişaf baxımından nümunə olan ölkəmiz gündən-günə müasirləşir. Respublikamızın bu inkişafı təkcə ölkə daxilində yox, xaricdən də aydın görünür. Bu tərəqqinin nəticəsidir ki, Azərbaycan dünya iqtisadiyyatının 85 faizini, dünya ticarətinin 80 faizini əhatə edən “Böyük iyirmiliy”in sammitlərinə dəvət olunur. Azərbaycana təşrif buyuran əcnəbilərin sayı isə ildən-ilə artır.
F.Nəbiyev deyib ki, Ulu Öndərin hüquqi dövlət quruculuğu ideyasının təzahürü kimi Prezident İlham Əliyev tərəfindən yaradılmış Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşı dövlətə, dövlətçiliyə sadiqdir.
Sonda mərasim iştirakçıları ulu öndər Heydər Əliyevə həsr olunan filmə baxıblar.
Anım tədbirləri çərçivəsində DMX-nin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzini ziyarət edib. Mərkəzlə yaxından tanışlıq, Ulu Öndərin həyat və fəaliyyətinin əks olunduğu muzeyi ziyarət Dövlət Miqrasiya Xidməti əməkdaşlarında zəngin təəssürat yaradıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Dovlet_Miqrasiya_Xidmetinde_anilib-910435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR