Azərbaycanda icbari sığortaların elektron qaydada bağlanması təklif edilir

18:23 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Dekabrın 11-də V çağırış Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İcbari sığortalar haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, son illərdə Azərbaycanda sığorta bazarı daha sürətlə inkişaf etməyə başlayıb. Azərbaycanın sığorta bazarında çox müsbət dəyişikliklər olub, bu sahə ilə bağlı bir sıra qanunlar qəbul edilib. Hər iki qanun layihəsinin qəbulu bu sahənin inkişafına töhfə verəcək.
İclasda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov çıxış edərək layihələr barədə məlumat verib. Bildirilib ki, qanun layihələrində edilən dəyişikliklər sığorta sektorunda ödəniş sisteminin təkmilləşdirilməsi və nağdsız dövriyyənin artırılması məqsədilə hazırlanıb. Sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı yüksəkdir. Son illərdə aparılan təhlillər göstərir ki, beynəlxalq səviyyədə bu problemin həll olunmasının ən səmərəli yolu nağd dövriyyənin azaldılması və nağdsız ödənişlərə yol açmaqdır. Nağdsız ödənişlərin artırılması üçün bir sıra təkliflər var. Bu, qanun layihəsində öz əksini tapıb. Təkliflərdən biri ondan ibarətdir ki, icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılsın. Elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola, eyni zamanda, sığorta haqlarının azalmasına imkan verə bilər. Bu baxımdan sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər.
Qeyd edilib ki, “İcbari sığortalar haqqında” Qanunun “İcbari sığorta haqqında” və “İnformasiya sisteminin məlumatlarla təchiz edilməsi haqqında” bölmələrinə yeni hissələr və maddələr əlavə edilib. Bunlar standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına və avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi haqqında əlavə bəndlərdir.
İclasda komitə üzvləri dəyişikliklərin vacib olduğunu söyləyib, ölkənin sığorta sistemində baş verən əsaslı dəyişikliklər barədə fikirlərini bildiriblər.
Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_icbari_sigortalarin_elektron_qaydada_baglanmasi_teklif_edilir-910442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR