Arıqlamaq istəyən xanımların nəzərinə: 70%-i, 30% idman...

Arıqlamaq istəyən xanımların nəzərinə: 70%-i, 30% idman...
18:49 11 Dekabr 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Əsl idman mövsümüdür. Hər kəs idman zallarına axışır. Yayda hava isti olduğu üçün insanların səbri çatmır. İsti hava, üstəlik, idman edərkən bədən hərarətinin artması onları yorur. Həm də yayda çox məşq etmək, xüsusilə ürəyə ziyan verə bilər”.

Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, məşqçi Kamil Zeynallı deyib.

 

Qonaq bildirib ki, qış mövsümündə çəkini artırmaq azaltmağa nisbətən daha asandır. Məşqçinin sözlərinə görə, bu ilk növbədə soyuq havada xəmir xörəklərinə tələbatın artması ilə bağlıdır: “Qışda məşq etmək çox yaxşı nəticələr verir. Çünki qida rejiminə daha çox diqqət yetirilir. Düzdür, iştaha da yaxşı olur. Bu ilk növbədə xəmir xörəklərinin yeyilməsi ilə əlaqədardır. Çəkisini artırmaq istəyənlər üçün uyğun mövsümdür. Amma arıqlamaq istəyənlər üçün əksinə, bir qədər çətinlik olur. Səbəb xəmir xörəkləridir”.

 

Son illər bədən quruluşunu daim formada saxlamaq istəyən xanımların sayının artdığını deyən Kamil Zeynallı bildirib ki, yay mövsümündə qüsursuz görünmək istəyi onları idman zallarına gətirir: “Səhər saat 09.00-dan etibarən zal yavaş-yavaş dolmağa başlayır. Məşq edənlərin əksəriyyəti xanımlardır. Onlar yaya hazırlaşırlar. Hava da uyğun olduğu üçün xanımlar yayda qüsursuz görünmək üçün tam gücləri ilə məşq edirlər. Sevindirici haldır ki, bu gün xanımlar bəylərdən daha istəklidir”.

 

Məşqçi qeyd edib ki, qısa zamanda mükəmməl nəticə əldə etmək üçün fitneslə məşğul olmaqdan əlavə, həm də düzgün qidalanmaq lazımdır: “Elə xanımlar var ki, başlayırlar məşqə, 1 ay keçəndən sonra çəkinin azalmamağından dolayı şikayətlənirlər. Çox adam fikirləşir ki, idmana gedən kimi arıqlayacaq. Amma arıqlamağın ilk şərti pəhrizdir, idman sonra gəlir. Elə düşünürlər ki, istədiyini yedikdən sonra idman edəcək deyə çəkidə dəyişiklik olmayacaq, amma bu çox yanlış fikirdir. İdmandan sonra gələn iştaha çəkiyə təsir göstərir. Gün ərzində yaxşı qidalanmaq lazımdır. Amma idmandan sonra yağlı şirniyyat yemək çəkini artırır. Bu da idmanın xeyrini azaldır. Çünki əzələ yağla örtülür, inkişafa imkan vermir. İdmandan sonra yalnız sağlam qidalanmaq lazımdır – soyutma, meyvə-tərəvəz yemək, su içmək olar. Ümumiyyətlə, xanımlar daha iradəlidir. Düzdü, peşəkarlıq baxımından kişilərdə nəticə daha mükəmməldir. Amma Azərbaycanda xanımlarının idmana bu dərəcədə maraq göstərməsi sevindirici haldır. Qonşu ölkələrdə xanımların məşqə bu dərəcədə maraq göstərməsinə inanmıram”.

 

Qonağın sözlərinə görə, arıqlamaq üçün ilk növbədə peşəkar dietoloqa müraciət etmək lazımdır. Əgər orqanizmdə hər hansı problem varsa, məşqlər ciddi fəsadlara səbəb ola bilər: “Pəhriz saxlamaq o demək deyil ki, şirniyyatdan, yağlı qidalardan tamamilə imtina etmək lazımdır. Həftədə, yaxud 10 gündə bir dəfə bu növ qidalar yemək olar, amma doyana kimi yox. Az miqdarda istifadə etmək olar. Arıqlamağın 70%-i pəhriz, 30% idmandır. Evdə oturub, idmana gəlmədən də arıqlamaq mümkündür. Pəhrizlə yanaşı, idman ona görə məsləhət görülür ki, bədəndə sallanma olmasın. Məşqçidən öncə, pəhriz üzrə mütəxəssisə müraciət etmək lazımdır. Müraciət edənlərdən hər hansı problemin olub-olmamasını mütləq soruşuram ki, ona uyğun proqram təyin edim. Əks halda, ciddi fəsadlar yarana bilər. Bu gün məşqçilərin əksəriyyəti dietoloqluq edir. Amma fikirləşmirlər ki, nə dərəcədə ziyan vura bilərlər”.

Kamil Zeynallı qeyd edib ki, bu gün uşaqlar arasında da piylənmə problemi var. Bunun qarşısını almaq isə məşqçilərdən öncə, valideynlərin öhdəsinə düşür: “Uşaqların sağlam olmağı valideyndən asılıdır. Dostlarımın, tanışlarımın arasında kök uşaqları var. Amma söhbət anormal köklükdən gedir. 8-10 yaşlı uşaqların çəkisi 50-60 kilodur. Mən belə uşaqlarla məşq keçmirəm. Valideynlərə də məsləhət görürəm ki, əgər uşaq gecə durub yemək yeyəcəksə, ümumiyyətlə, qida rejiminə nəzarət etmək mümkün deyilsə, idmanın faydası olmur. Uşaqları normadan artıq yedirtmək, vaxtından əvvəl inkişafına şərait yaratmaq sonradan çox ciddi fəsadlara səbəb ola bilər. Adətən, yeniyetmələri qəbul etmirəm. Lap kiçik yaşlardan uşaqları idmana yönəltmək lazımdır ki, əzələlər düzgün inkişaf etsin. İdmanla məşğul olan zaman zatən bədən formada olur. Trenajorlar fiziki güc verir. Əzələni ən tez bu yolla çıxarmaq olar. Ən yaxşısı, uşaqları zamanında idmana yönəltməkdir”.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR