Əli Həsənov: "O günləri heç zaman unutmayacağıq"

Əli Həsənov: "O günləri heç zaman unutmayacağıq"
19:32 11 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 11-də ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və "İnkişaf Proqramı"nın rezident nümayəndəsi Antonius Bruku qəbul edib.

Milli.Az bildirir ki, Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov A.Brukun ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib, dövlətimizin başçısının Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan "Tərəqqi" medalı ilə təltif edildiyi üçün onu təbrik edib, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə etmiş və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb və bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və qeyd edib ki, olkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 1 milyard dollar vəsait sərf olunub. BMT-nin agentlikləri tərəfindən indiyədək Azərbaycanda humanitar və inkişaf layihələrinə 300 milyon dollar həcmində vəsait ayrılıb, ondan 110 milyon dollar BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin xətti ilə, 100 milyon dollar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə və qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.

Görüşdə Ə.Həsənov bildirib: "Problem yarananda ilk ölkəyə gələn BMT qurumları olub. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Lakin biz o günləri heç zaman unutmayacağıq".

Baş nazirin müavini Əli Həsənov BMT-nin Azərbaycandakı rezident əlaqələndiriciləri ilə görüşlərini minnətdarlıqla xatırlayıb və qeyd edib ki, BMT agentlikləri 20 il ərzində olkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub. Fəaliyyət müddəti ərzində bu təşkilat heç zaman öz nizamnaməsindən kənara çıxmayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyindən, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞ PA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsinə toxunan Baş nazirin müavini deyib: "Ermənistanda olan rejim qeyri-demokratik bir rejimdir və bu, bütün dünyaya bəllidir. Hazırda Ermənistanda hakimiyyətdə olanlar bu problemin üzərində hakimiyyətə gəliblər. Onlar isə bu problemin həllinə getməyəcəklər. Dünyanın böyük dövlətləri isə bu problemin həll edilməsinə laqeyd yanaşırlar. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Biz isə Sizinlə bu problemin humanitar tərəfləri ilə məşğul oluruq. Ancaq dünyada ədalətsizliklər daim davam edə bilməz".

BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

BMT-nin rezident əlaqələndiricisi A.Bruk Azərbaycanın "Tərəqqi" medalına layiq görülməsini onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Sonda diplomat səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb və Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR