Təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması davam edir

Təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması davam edir
20:23 11 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Bu ilin oktyabr və noyabr aylarında Bakı, Qazax, Şirvan, İsmayıllı, Samux, Ağstafa, Bərdə, Göygöl və Lənkərandakı 55 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
Qeyd edək ki, bu iş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq aparılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günədək ATŞ-yə ümumilikdə 2051 təhsil müəssisəsi qoşulub. Bu məktəblər yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.
ATŞ ölkədə tədris prosesini daha səmərəli qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda, ATŞ-də istifadə olunan “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb.
Eyni zamanda, 2015-ci ilin oktyabr-noyabr aylarında təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə üç min ədəd Monoblok Lenovo stolüstü kompyuter, 70 ədəd noutbuk, 153 ədəd proyektor və 183 ədəd interaktiv elektron lövhə paylanılıb. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təchizatı zamanı avadanlıqlar, əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_muessiselerinin_Azerbaycan_Tehsil_Sebekesine_qosulmasi_davam_edir-910512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR