"Türkiyə bunu özbaşına etməyib"

"Türkiyə bunu özbaşına etməyib"
21:17 11 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsgərlərinin İraqın Mosul şəhərinə yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən Türkiyə ordusunun İraqdan geri çağırılmayacağını bəyan edib: "2014-cü ildə İraqın Baş naziri Heydər Abadi təlim məqsədilə bizdən əsgər tələb etdi. Hazırda türk əsgərlərinin Mosuldan geri çəkilməsi mümkünsüzdür".

Onun sözlərinə görə, Rusiya Suriyada hərbi baza yaratmasının izahatını verməlidir: "Rusiya Suriyanın Latakiya şəhərində yeni hərbi baza yaradır. Əvvəlcə bunu dünyaya izah etməlidir. Rusiya BMT Təhlükəsizlik Şurasında Türkiyənin İraqa hərbi müdaxiləsi ilə bağlı danışıqlar aparıb. Rusiya nə üçün oraya getdi? Bu da ayrı problemdir".

Hadisələri Milli.Az-a şərh edən təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib ki, əslində Türkiyənin İraq və Suriya siyasəti fərqlidir. Belə ki, oradakı hər iki dövlətin mərkəzi orqanları Türkiyə ilə sərhəd bölgələrində nəzarəti itiriblər. Lakin Türkiyə İraqla bağlı yaranmış vəziyyətdə başqa cür fəaliyyət göstərir:

"Bağdaddakı mərkəzi hökumət şimalda Türkiyə ilə həmsərhəd bölgələrinə tam nəzarət etmir. İŞİD-in Qərbdə bəzi əraziləri tutması, şimalda Məsud Bərzaninin başçılıq etdiyi kürdlərin, cənubda isə şiyələrin, demək olar ki, muxtar formada yaşaması orada başqa şərait yaradır. Faktiki olaraq Türkiyə orada kürd muxtariyyətinin Bərzaninin nəzarət etdiyi hakimiyyətlə əməkdaşlıq edir. Bilirsiz ki, İraqda kürdlərin iki əsas qüvvəsi var. Onlardan birinə Cəlal Tələbani, digərinə isə Məsud Bərzani rəhbərlik edir. Türkiyənin Bərzani aşirəti ilə yaxşı əlaqələri var. Bəlkə də, çoxları bilmir, amma Bərzaninin cibindəki diplomatik pasport da məhz Türkiyə tərəfindən verilib. Onun rəhbərlik etdiyi qüvvə Türkiyəyə çox yaxındır və çox zaman Türkiyə onlara yardım edir. Bu yardım hətta silahlı dəstələrə də göstərilir. Türkiyənin verdiyi bəyanata görə 150 hərbçinin İraqın sərhədini keçərək Mosul şəhərinə göndərilməsinin məqsədi kürd peşmərgələrinə, Bərzani tərəfdarlarına hərbi təlim verməkdir.

Məlumdur ki, Bərzani də Türkiyəyə PKK-ya qarşı mübarizədə dəstək verir. Çünki PKK solçu, təşkilatdır və siyasi baxışlarına görə Bərzani onları dəstəkləmir. Yəni Mosula silahlı kontingent göndərilməsi Türkiyə ilə Bərzani hökuməti arasındakı anlaşma çərçivəsində olub. Təbii ki, bu məsələ Bağdaddakı mərkəzi hökumətin xoşuna gəlməyib. Ona görə də rəsmi Bağdad bu məsələdə Rusiyadan yardım istəyib. Hətta İran da məsələ ilə əlaqədar bəyanat verdi. İraq hədələdi ki, türk ordusu çıxmasa, əks tədbir görüləcək.

Lakin İraq mərkəzi hakimiyyəti şimaldakı Bərzani ordusunu özünə tabe edə bilmir.

İndi sual olunur ki, belə olan halda Bağdad hakimiyyəti türk əsgərlərini öz qərarlarına necə tabe etdirəcək? Bu, artıq başqa söhbətin mövzusudur. Amma Türkiyə hərəkətlərində vaxtilə İraqla bağlı qəbul etdiyi qərarlara əsaslanır. Vaxtilə Türkiyə təyyarələri PKK-nı da bombalayırdı, orada tez-tez hava əməliyyatları keçirirdilər. Bu dəfə də ordunu yerli hökumətin, yəni Bərzaninin dəvəti ilə ora göndərib. Yəni Türkiyə bunu özbaşına etməyib, bu məsələdə öz haqqı var idi və bu haqqı qorumaq istəyir".

E.Ələsgərovun fikrincə, əgər həmin bölgələrdə nəzarət olsaydı, orada daha stabil vəziyyət olardı və Türkiyə də belə addımlara əl atmazdı: "Hər halda BMT-də Rusiya tərəfindən bununla bağlı qaldırılmış məsələ ilə əlaqədar Türkiyəyə qarşı sərt qərar qəbul olunmadı, yalnız Türkiyə ordusunun oradan çıxarılmasına dair müəyyən tövsiyələr səsləndi. Yəni Türkiyənin bu həkərətinin əsas səbəbi Suriya və İraqda mərkəzi hökumətin regionlara nəzarət edə bilməməsidir".

Ekspert hesab edir ki, bu məsələdə İraq türkmənləri faktorunu da unutmaq olmaz: "Biz Suriyadakı türkmənlərdən danışarkən İraqdakı türkmənləri də unutmamalıyıq. Orada böyük türkmən icması var. Türkiyə onları dəstəkləyir. Kərkük türkmənlərinin böyük qismi dini mənsubiyyətinə görə şiə müsəlmanlardır. Onların bir qismi vaxtilə Azərbaycanın Qarabağ bölgəsindən köçmüş tayfalardır".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com/ saytında da əldə etmək mümkündür. 

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR