132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
21:43 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirilib.
Əvvəlcə, məktəbin kollektivi təhsil müəssisəsində yüksək texnologiyalar əsasında qurulan virtual Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin büstü önünə əklil qoyub,xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Təhsil Kompleksindən AZƏRTAC-a bildiriblər ki, məktəbdə Ulu Öndərin xatirəsi silsilə tədbirlərlə yad edilib. Dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan dərslərdə şagirdlərə Ümummilli Liderin zəngin irsi barədə məlumat verilib, çoxcəhətli fəaliyyətini əks etdirən sənədli film göstərilib. Təhsil Kompleksində, həmçinin, “Nəsillərdə yaşanan ömür” mövzusunda “dəyirmi masa” keçirilib.
Ulu Öndərin xatirəsinə həsr olunan tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin vəfatından on iki il keçir. İndi hər bir azərbaycanlı Ulu Öndərin şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, dahi rəhbərin xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini daha dərindən dərk edir. Bu əvəzolunmaz insanın liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün həlledici rol oynayıb. Azərbaycan xalqı çox xoşbəxtdir, çünki onun Heydər Əliyev kimi dünya şöhrətli ümummilli lideri var.
S.Xanlarova dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb. Bildirilib ki, Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Qüdrətli şəxsiyyət Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycana, onun xoşbəxtliyinə, işıqlı gələcəyinə həsr edib.
Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini xatırladan direktor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, Bakının mərkəzində yerləşən və 150 ildən çox tarixə malik olan, hazırda 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyət göstərdiyi bu möhtəşəm bina Prezident İlham Əliyevin tapşırığı ilə yenidən qurularaq əsaslı bərpa olunub və şagirdlərin ixtiyarına verilib. Tarixi keçmişimizə həmişə böyük hörmətlə yanaşan, milli irsimizi, abidələrimizi, milli sərvətlərimizi daim qoruyan, bərpa edən dövlət başçısının bu tarixi binanın da yaşamasında və onun gələcək nəsillərə ötürülməsində böyük xidmətləri vardır. Bütün müəllim və şagird heyətimizlə birgə, dövlətimizin bizə bəxş etdiyi bu əvəzsiz töhfəni layiqincə qoruyub saxlayacağıq.
Dahi rəhbər Heydər Əliyevlə bağlı xatirələrini diqqətə çatdıran Sara Xanlarova vurğulayıb ki, Ulu Öndər yüksək insani keyfiyyətlərinə, dövləti idarəetmə bacarığına, xalqa sədaqətlə xidmət göstərdiyinə görə nadir tarixi şəxsiyyətlərdəndir.
Şagirdlər təhsil müəssisəsindəki Heydər Əliyev Muzeyində müdrik rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərlə tanış olublar.
Tədbirin bədii hissəsində məktəblilər Ulu Öndərə həsr olunan şeir və mahnılar ifa ediblər.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/132_134_nomreli_Tehsil_Kompleksinde_umummilli_lider_Heyder_Aliyevin_xatiresi_anilib-910544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR