Qələmşah Babayev: “Heydər Əliyev yaddaşlarda xalq məhəbbətini qazanan öndər kimi daim yaşayacaq”

Qələmşah Babayev: “Heydər Əliyev yaddaşlarda xalq məhəbbətini qazanan öndər kimi daim yaşayacaq”
11:53 12 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Siyəzən, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev həm görkəmli dövlət xadimi, həm də çox səmimi insan idi. Dahi rəhbər və lider kimi fenomen şəxsiyyət olan Ulu Öndər insanlara daim qayğı ilə yanaşardı. O, hamımızın qəlbində müsbət, insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb.
Ulu öndər Heydər Əliyev haqqında xatirələrini danışan Siyəzən şəhər sakini Qələmşah Babayev AZƏRTAC-a müsahibəsində dahi liderlə bir neçə dəfə görüşmək şərəfinə nail olduğunu söyləyir. Hazırda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Siyəzən rayon təşkilatının sədri vəzifəsində çalışan Q.Babayev həmin anların videolent kimi daim gözünün qabağında olduğunu bildirib: “Heydər Əliyevi ilk dəfə Bakı Ali Partiya məktəbində təhsil aldığım vaxt görmüşəm. Bugünkü kimi yadımdadır. O vaxt Ulu Öndərimiz Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinın birinci katibi vəzifəsində çalışırdı. O, bizim idealımız idi.”
Ulu Öndərlə növbəti dəfə 1975-ci ildə qarşılaşdığını söyləyən Q.Babayev həmin vaxt Siyəzən rayonunda tərəvəz məhsulları yığımı üzrə qərargahın rəisi işləyib. Bakı şəhərində Heydər Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsinə qatıldığını xatırlayan Q.Babayev deyib: “Həmin müşavirdə yüzlərlə insan iştirak etsə də, hər kəs Ulu Öndərin diqqətində idi. Çıxış etmək istədiyimi bildirdim və dərhal icazə verdi. Rayonda tərəvəz yığımında qarşılaşdığımız çətinliklərlə bağlı məlumatı çatdırdım. Diqqətlə dinlədi. Sonra səsləndirdiyim çətinliklərin aradan qaldırılması ilə bağlı ətraflı danışdı və müvafiq tapşırıqlar verdi. O, heç bir kəsi diqqətdən kənar qoymazdı”.
Müstəqillik illərində Ümummilli Liderimizin şimal rayonlarına səfərləri zamanı görüşlərdə də iştirak etdiyini söyləyən Q.Babayev vurğulayıb ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz xəzinədir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi daim yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qelemsah_Babayev_Heyder_Aliyev_yaddaslarda_xalq_mehebbetini_qazanan_onder_kimi_daim_yasayacaq-910612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR