Ümummilli lider Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti

12:23 12 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatından on iki il keçir. Bu dahi şəxsiyyət misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Heydər Əliyev öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Bu böyük insan çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür.
Ötən on iki il ərzində xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmayıb. Onun uyuduğu Fəxri xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməyib. Bu günlər Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda, xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.
Hər il olduğu kimi, bu il də dekabrın 12-də insanlar səhər tezdən Fəxri xiyabana axışırlar. Axışırlar ki, müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirsinlər.
Ziyarətə gələnlər yaxşı bilirlər ki, “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur”, - deyən ulu öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə - istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövr sadəcə təqvim göstəricisi deyil. Bu dövr Azərbaycan üçün yeni üfüqlər, yeni zirvələr deməkdir. Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri var. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edib, müstəqil dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa orada Ümummilli Liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.
Ötən əsrin 90-cı illərində - ölkəmiz üçün olduqca mürəkkəb və gərgin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Ulu Öndər respublikada baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoydu, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən dövlətləri sırasına çıxardı. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olan müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.
Dahi şəxsiyyət Heydər Əliyevin iqtisadi islahatlar irsini araşdıran mütəxəssislər yazırlar ki, Azərbaycanın yeni inkişaf modelində Ulu Öndərin neft strategiyası mühüm rol oynayıb. Bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, bu strategiya 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə reallaşmağa başladı. Dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu.
Ölkənin iqtisadi müstəqilliyi siyasi islahatlarla möhkəmləndirilməli idi. Bu mənada Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaradıb. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilib, siyasi plüralizm, söz, mətbuat, vicdan azadlığı bərqərar olub.
Demokratik dövlət quruculuğu istiqamətində Heydər Əliyevin ən mühüm addımlarından biri də o oldu ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələr, mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələri gündən-günə möhkəmləndi.
İnsanların Fəxri xiyabana axını davam edir. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Onlar fəxr edirlər ki, Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində artıq müstəqil dövlətimiz, sosial-iqtisadi sabitliyimiz və dinamik inkişaf edən iqtisadiyyatımız vardır. Xalqımız əmindir ki, Ulu Öndərimizin quruculuq xətti bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunacaq, əhalinin rifahı daha da yaxşılaşacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_xatiresine_umumxalq_mehebbeti-910623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR