“Pollu sinif”, dağdağan ağacındakı zəng, qız üstündə amansız dava - “Əyalətdə kim var, kim yox”

“Pollu sinif”, dağdağan ağacındakı zəng, qız üstündə amansız dava - “Əyalətdə kim var, kim yox”
11:34 30 Dekabr 2014
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəndimizdə yeni orta məktəb binası tikildikdən sonra bizim oxuduğumuz məktəbin binası “köhnə məktəb” adlandı. Hər dəfə köhnə məktəbin pozulmuş həyətindən keçəndə burda keçirdiyimiz illər, arxamızca sürüdüyümüz həyat yadıma düşür.

Mənə görə dünyanın heç bir yerində belə gözəl məktəb ola bilməzdi. Məktəbimizin girəcəyində və həyətinin ortasında böyük dağdağan ağacları var. Sovetlər dağıldıqdan, müstəqillik illərinin islahatları başladıqdan sonra bu məktəb binası da ləğv olundu və torpaq sahəsi yeni ailələr arasında bölüşdürüldü.

Məktəbimiz iki çayın arasında “P” şəklində yerləşmişdi. Sağ və sol tərəflərdə sinif otaqları, öndə isə ikimərtəbəli bina vardı. Bu binanın ikinci mərtəbəsində müəllimlər otağı, direktor otağı, ibtidai sinif otağı, fizika-kimya laboratoriyası yerləşirdi. Zirzəmisində isə əmək təlimi dərsi üçün sinif otağı və usta-dülgər alətlərini yığmaq üçün xüsusi guşə ayrılmışdı. Sonralar fənlərə hərbi bilik dərsi də əlavə olunanda, dərs vəsaiti kimi nəzərdə tutulan müxtəlif döyüş silahları da həmin zirzəmidə saxlanıldı.

Bu binalar və torpaq sahəsi sovetlər qurulana qədər kəndçimiz Alı oğlu Mirzənin şəxsi mülkü olub. Deyilənə görə, kollektivləşmə dövründə, becərib məhsulu kolxoza təhvil vermək şərtilə, Mirzə kişinin də ailəsinə bir hektar pambıq sahəsi ayırıblar. Kişi onu qul yerinə qoyan sovetliyin əmrinə tabe olmayıb və pambığı becərməkdən imtina edib. “Elə gündənsə tanrı mənə ölüm versin!” deyib. Sabahısı günü kişinin meyiti yatdığı otağından tapılıb. Onu gecə boğub qətlə yetirdikdən sonra ölümünü belə yozublar: özü ölüm istəyibmiş, tanrı da arzusuna çatdırdı.

Mən Mirzə kişinin qızı Züleyxa xanımı uşaq vaxtlarımda görmüşdüm. Qarı, hüquq mühafizə orqanlarında çalışan böyük oğlunun ailəsi ilə Bakıda yaşayırdı. Nənəmlə yaxın rəfiqə olduğuna görə kənimizə gələndə saatlarla baş-başa verib söhbətləşərdilər...

Yadımdadı, sentyabrın birində əlimdən tutub məni ilk dəfə məktəbə böyük qardaşım gətirmişdi. Biz körpüdən keçib məktəb yoluna düzələndə qardaşım, uzaqdan görünən binanın ikinci mərtəbəsindəki pəncərələri göstərib dedi, sən ordakı sinifdə oxuyacaqsan. Mən içərisində iri “Əlifba” kitabı olan çantam əlimdə həmin binaya tərəf yüyürərək göy rəngə boyanmış  iri taxta darvazadan məktəbin həyətinə daxil oldum...

İkimərtəbəli binanın üst mərtəbəsindəki otaqların hamısının döşəməsi taxtadan idi. Çay boyu sağ və sol tərəfdə düzülmüş sinif otaqları isə çiy kərpicdən tikilmiş, torpaq döşəməli idi. Buna görə yuxarıdakı ibtidai sinif otağına “pollu sinif” deyirdilər. Biz bu otaqda dördüncü sinfi bitirdikdən sonra aşağıdakı torpaq otaqlara düşdük. Sinif otaqları qışda, bir qayda olaraq, kömür sobaları ilə qızdırılırdı. Otaqlarımızı silib-süpürən, soyuq havalarda sobaları yandıran xidmətçi qadınlara müəllimlərimiz qədər hörmət edirdik.   

Aşağı siniflərdə oxuyarkən, tənəffüs zamanı çox da uzaqlara getməz, məktəbin həyətindəcə oynayardıq. O zamanlar bir üzü qırmızı, bir üzü isə yaşıl rezin toplar olardı. Topumuz tez-tez çaya düşər, dumduru sularda axardı. Hər dəfə o yerlərdən keçərkən sevimli uşaqlıq topumuzun fırlana-fırlana axaraq sulara olmazın gözəllik qatması gözlərimin önünə gəlir. Biz çayın axarı ilə topun bərabərində qaçıb dayaz yerlərdə onu tutardıq.

Yuxarı sinif şagirdləri isə çayın o biri üzündə yerləşən yaşıl meydançada oynayardılar. Burada turnik, taxta “keçi”lər, yuxarı dırmaşmaq üçün kəndir, uzununa tullanmaq üçün qumluq, voleybol və futbol meydançası vardı.

İmkanım daxilində mövzudan kənar xatirələri yüyrək eləmək istəyirəm, çünki bu yazını mənə oradakı dağdağan ağacları yazdırır. Hər birinin ikiyüz ildən çox yaşı olan bu ağaclar yarpaqlayanda uzaqdan iri, yaşıl göbələyə bənzəyir. Həyatda çox hadisələrin şahidi olan bu ağacları hər dəfə görəndə uşaqlıq xatirələrim təzələnir... 

Yadımdadı, tənəffüs vaxtı həyətdəki dağdağan ağacından asılmış kiçik kilsə zəngini çalardıq. Sinifdə dərs deyən növbətçi müəllim qolundakı saata baxıb vaxtın tamamında uşaqlardan kimisə göndərərdi: get zəngi vur! Dağdağanın altına qaçıb zəngi vurmaq bizə xüsusi zövq verərdi. Odur ki, zəng çalmaq üstündə bəzən dava da salardıq. Əlimiz çatmadığına görə kepkamızı çıxarıb tullanaraq zəngin dəmir dilini vurduğumuz günlər yadıma gəlir. Nə vaxtsa zəng asılmış həmin budağın altından sonralar keçərkən əlim çatan o hündürlüyə kepka ilə atıldığım günləri xatırlayır, istər-istəməz düşünürəm, bir vaxtlar nə balaca çocuq olmuşammış! Gör, bu dağdağan budağı bizə uşaqlığımızın nə məsum yerlərini  xatırladır!

Deyilənə görə, həmin zəngi kəndimizə Alpər adlı bir kəndçimiz gətiribmiş. Alpər Tiflisdə sovet hökumətinin yenidənqurma siyasəti ilə təmir-tikinti işlərində çalışarkən, bu zəngi sökdükləri bir kilsədən götürübmüş. Zəngi xurcuna qoyub qatara minmək istəyərkən vağzalda gürcülərlə dalaşası olur. Qoluzorlu Alpər üstünə tökülüşən gürcülərə sinə gələrək zəngi onlardan birtəhər xilas edib kəndə gətirir. Kəndimizdə ilk ibtidai məktəb açılanda maarifçilik  tərəfdarı olan Alpər zəngi məktəbə bağışlayır. Sonralar İkinci Dünya müharibəsinə gedən Alpər geri qayıtmır...

Məktəbin girəcəyindəki dağdağan ağacının dibində dərin bir kəhriz də vardı. Lakin istifadəsi dayandırılan həmin kəhrizin ağzına, nağıllardakı kimi iri bir daş qoyulmuşdu. Burası, eyni qızı sevən iki aşiq şagirdin duel yeri idi. Yadımdadı, biz onda lap uşaq idik, doqquzuncu sinifdə oxuyan Ziyad və Nizami, məktəb qızlarının ən gözəli  sayılan səkkizinci sinif şagirdi Tünzaləni  sevirdilər. Onlar tez-tez, nə vaxtsa bu məktəbin şagirdləri tərəfindən icad edilmiş qeyri-adi duelə çıxardılar. Duelin şərtləri belə idi, hər iki sevən üz-üzə duraraq növbə ilə biri-birinə şillə vurar, sonra yumruğa keçərdilər. Burda əsas şərt durduğun yerdən tərpənməmək, dözümlü olmaq və kişilik göstərmək idi. Biz yumruqlaşanları mühasirəyə alıb azarkeşlik eləyər, sonradan belə davaları öz aramızda müzakirə edib zərbələrə əzmlə duruş gətirən tərəfin sevgisinə daha çox etimad göstərərdik. Həm də duel yalnız dərslərarası baş verdiyinə görə ömrü də tənəffüs vaxtı qədər olardı. Zəng içəri vurulan kimi vuruşanlar dərhal aralaşmalı idilər. Burada incə bir məqam da vardı, sevilən qız əlaltdan bu duellərin nəticələri ilə maraqlanar, beləcə iki sevən arasında öz seçimini edərdi.

Təkcə onu deyim ki, şahidi olduğumuz duelin gizlin qəhrəmanı Tünzalə xanım məktəb illərinin cəngavərlik romantikası bitdikdən sonra uğrunda yumruqlaşan Ziyad və Nizamini kənarda qoyaraq tamam başqa birisi ilə ailə qurdu.
Yəqin, dağdağan ağacının danışmaq imkanı olsaydı, çoxlarını sonu uğursuz sevgi ilə bitən dueldən çəkindirərdi...       

     
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR