Azərbaycan Şimal və Cənubu birləşdirdi

Azərbaycan Şimal və Cənubu birləşdirdi
15:51 12 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

""Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi" təxminən 5 min kilometr məsafəni əhatə edir və bu yol Azərbaycandan da keçdiyinə görə ölkəmiz üçün çox vacib bir dəhlizdir."

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda İranla Rusiya arasındakı yük dövriyyəsi 7-10 milyon tondur. Avropa ilə Hindistan arasındakı yük dövriyyəsi isə 25 milyon tondan çoxdur:

"Bu yüklərin əksəriyyəti dəniz üzərindən daşınır. Həmin daşımalar 45-60 gün vaxt alır. Azərbaycan üzərindən daşınma isə daha asandır. Şimal-Cənub dəhlizində yüklərin Rusiya, Gürcüstan və Avropa üzərindən daşınması ən yaxın yollardan biridir və biz də bu proseduru həyata keçirməyə hazırlaşırıq. Bununla bağlı koordinasiya şurası yaradılıb.

QSC sədri həmçinin Astarada 8 kilometr uzunluğunda dəmir yolunun tikintisi məsələsinin İrandan olan komissiya birgə həll ediləcəyini bildirdi:

"Bunun üçün dekabr ayının 20-də və 21-də Tehran şəhərində görüş keçiriləcək. İclasda məsələnin detalları müzakirə olunacaq. İlkin mərhələdə Azərbaycan Astarası ilə İran sərhəddi arasında 8 kilometrlik yolun və yüz metrlik körpünün tikintisi nəzərdə tutulur", -deyə C. Qurbanov bildirdi.


Cavid Qurbanov- QSC-nin sədri


Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb.

Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir.

Prezidenti İlham Əliyev də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR