Filarmoniyada Tofiq Bakıxanovun yubileyi qeyd edilib

Filarmoniyada Tofiq Bakıxanovun yubileyi qeyd edilib
18:28 12 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, professor Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verib. Bir neçə gündür Bakıda Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş festival keçirildiyini diqqətə çatdıraraq bildirib ki, festival çərçivəsində bir çox konsert salonlarında bəstəkarın yaradıcılığına həsr olunmuş konsertlər təşkil edilib.
Qeyd edib ki, Tofiq Bakıxanov xalqımızın çox sevimli, seçilən bəstəkarlarından biridir. Onun əsərləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə səslənir. Tofiq Bakıxanov çox ziyalı bir nəslin nümayəndəsi olduğu vurğulanaraq bildirilib ki, onun ulu babası Abbasqulu Ağa Bakıxanov Azərbaycanın görkəmli tarixçisi, filosofu, atası Əhmədağa Bakıxanov isə Xalq artistidir.
Nəzərə çatdırılıb ki, Tofiq Bakıxanovun formalaşmasında dahi bəstəkar Üzeyir Hacıbəylinin çox böyük rolu var. Çünki Üzeyir Hacıbəyli ilə Əhmədağa Bakıxanov dost idilər. Üzeyir bəyin məsləhəti ilə Tofiq Bakıxanov musiqi məktəbinin skripka sinfinə daxil olur. Həmin məktəbdə oxuyaraq o artıq bəstəkarlığa da böyük meyil göstərir. O, 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını A.N.Amitonun dərs dediyi skripka sinfini, 1957-ci ildə dahi bəstəkar Qara Qarayevin bəstəkarlıq sinfini bitirib.
Vurğulanıb ki, musiqi ictimaiyyəti Tofiq Bakıxanovu ilk növbədə skripkaçı kimi tanıyıb. O, hələ 12 yaşında- musiqi məktəbində oxuyanda bir çox konsert salonlarında, radioda skripkaçı kimi çıxış edib. Daha sonra dövlət triosunda çıxış edib və bir çox Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olub.
Bəstəkarın çoxşaxəli yaradıcılığı barədə danışan Z.Qafarova qeyd edib ki, o bir çox janrlarda musiqilərin - 3 musiqili komediya, 3 balet, 8 simfoniya, müxtəlif alətlər üçün 25 konsert, 26 sonata, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərlər, süitalar, uvertüralar, mahnılar və romansların müəllifidir.
Tofiq Bakıxanovun pedaqoji fəaliyyətindən söhbət açılaraq vurğulanıb ki, o, Asəf Zeynalla adına musiqi kollecində skripka dərsi deyib. Bakı Musiqi Akademiyasında uzun müddət kamera instrumental kafedrasında çalışaraq bir çox alətlər üçün əsərlər yazıb ki, bu əsərlər həm görkəmli ifaçılarımız tərəfindən səsləndirilib, həm də tədris sistemində yer alıb.
Qeyd edilib ki, Azərbaycanda ilk birpərdəli balet olan “Xəzər balladası” Tofiq Bakıxanovun yaradıcılığının vizit kartıdır. Xəzər neftçilərinə həsr olunmuş bu əsər 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq musiqi festivalında nümayiş olunub və böyük uğur qazanıb. Balet Fransanın bir çox şəhərlərində, keçmiş sovet ölkələrində səhnəyə qoyulub və bəstəkara çox böyük şöhrət gətirib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan MR-nin Ali Məclisinin sədri Vasif Talıbovun bəstəkara ünvanladığı təbrik məktubu oxuyub. O, həmçinin musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Tofiq Bakıxanova Əməkdar İncəsənət Xadimi fəxri adının verilməsi barədə Naxçıvan MR Ali Məclis sədrinin Sərəncamını diqqətə çatdırıb.
Sonra Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert təqdim edilib. Proqramda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Həmişə bizimləsən” simfonik muğamı, “Nəva” simfonik muğamı, “Dünya durduqca yaşa”, “Vətən nəğməsi”, “Təntənəli uvertüra”, “Bağışla məni”, “Sevən könül” və digər əsərlər səsləndirilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filarmoniyada_Tofiq_Bakixanovun_yubileyi_qeyd_edilib-910771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR