Dünyadakı maraqlı qadağalar

Dünyadakı maraqlı qadağalar
19:57 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Təxminən 400 min insan respubllikaçıların prezident seçkisinə namizədlik yarışının iştirakçısı Donald Trump-ın Birləşmiş Krallığa gəlişinə qadağa qoyulmasını tələb edən petisiyanı imzalayıb. Bu isə o deməkdir ki, Britaniya millət vəkilləri bu məsələ barəsində debat aparmalı olacaqlar.
Biz planetin müxtəlif yerlərində mövcud olan bəzi qeyri-adi qadağalara nəzər salmışıq.

Rusiyada poliester tumanların qadağası

Ötən il Rusiya, Belarus və Qazaxıstanda qəbul olunmuş yeni ticarət qaydalarına görə, sintetik materialdan olan alt paltarları qadağan edilib.
Milli.Az BBC-yə istinadən bildiir ki, Qazaxıstanda bir qadın gipürlü alt tumanı geyinmək hüququnun pozulmasına etiraz aksiyası keçirərkən həbs edilmişdi. Qadın "Siz tumanlardan niyə qorxursunuz? Tumanlara azadlıq!" deyə qışqırırdı.

Sözü gedən üç ölkədə qüvvədə olan bu qayda tərkibində 6 faizdən az pambıq lifi olan alt paltarlarının idxalına, istehsalına və satışına qadağa qoyur.
Qadınlar əlbəttə, belə paltarları xarici səfərlərə gedərkən ala bilərlər.

Kann: Qırmızı xalça üstündə dikdaban qaydası

2015-ci ildə Kann Kino Festivalı yastı dabanlı ayaqqabı geyinmiş qadınların Qırmızı xalça üzərindən keçməsinin qadağan olunmasına dair iddialara görə tənqid atəşinə tutulmuşdu.
Bəziləri yaşlı və hətta xəstə olan qadınların, Cate Blanchetin "Carol" filminin dünya premyerasına buraxılmadıqları xəbər verilmişdi.

"Screen Daily" qəzeti yazırdı ki, festival Qırmızı xalça üzərindən keçid çəkilişi zamanı qadınların dikdaban ayaqqabı geyinməsinin icbari olduğunu təsdiq edib.
Lakin festivalın direktoru "şayiələrin" əsassız olduğunu bəyan etmişdi.

Papua Yeni Qvineyada maya qadağanı

Xəbər verildiyinə görə Papua Yeni Qvineyada bir polis rəisi alkoqolla bağlı cinayətlərin önlənməsi üçün maya satışının qadağanını tələb edib.
Bu ölkədə maya, həm də "cəngəllik şirəsi" kimi tanınan əldəqayırma spirtli içkinin hazırlanmasında əsas komponentlərdən biri sayılır. Post Courier internet saytı yazır ki, polis bu içki ilə cinayətkarlığın artması arasında əlaqə görür.
Şimal Əyaləti polisinin başçısı Lincoln Gerari Ticarət Palatasına müraciət edərək mayanın supermarket və başqa mağazalarda satışının qadağan olunmasına çağırıb.
"Mən bu zəhrimardan içib xəstəxanaya düşənləri həbs etməkdən cana yığılmışam" - deyib komissar mətbuata.

Ağ Evdə foto çəkmək qadağanı

Ağ Ev burada fotoşəkil çəkməyə qoyulmuş onillik qadağanı qaldırandan sonra, indi istəyənlər ABŞ prezidentinin evində selfie və ya foto çəkə bilərlər.
Əslində bu qadağanın qaldırılması xəbəri də elə sosial media ilə bildirlib. Birinci ledi Michelle Obama qadağan lövhəsini cırıb tulladığını əks etdirən videonu internetə post edib.


İndi Vaşinqtonun bu görməli yerinə ekskursiya qrupu şəklində gələnlər şəkil çəkmək üçün smartfonlardan və kiçik fotoaparatlardan istifadə edə bilərlər.
"Əgər siz Ağ Evə ekskursiyada olmusunuzsa, bu lövhəni görmüsünüz, - deyir sözü gedən videoda birinci ledi və üzərində "Foto və sosial media qadağandır. Riayət etdiyinizə görə təşəkkür edirik" yazılmış lövhəni göstərir.
"Daha bu qadağan yoxdur" - deyən xanım Obama lövhəni cırıb iki bölür.

Qara maşınların qadağanı

Türkmənistanda qara avtomobillərin alınması qadağan edilib.
Bəzi xəbərlərə görə, gömrük rəsmiləri bu ilin əvvəllərindən ölkəyə qara avtomobillərin idxalını qadağan ediblər. Bu barədə Vyanada mənzillənmiş müxalif Chrono-tm.org portalı xəbər verib.
Rəsmilər səbəb göstərməsələr də, adamlara ağ maşın almağı tövsiyə edirlər. Onlar deyirlər ki, ağ maşın adamı ağ günə çıxarar.
Rusiyanın RİA Novosti xəbər agentliyi bildirir ki, prezident Qurbanqulu Berdımuxammedov ictimai və dövlət tədbirlərinə təzəlikcə özünün ağ maşın karvanı ilə gedir.
Nazirlər, idarə başçıları və hətta media rəhbərləri də prezidentdən nümunə götürməyə başlayıblar.

Çin: ulduz qadağanı

Çində mətbuata nəzarət edən qurum ötən il bəyan etmişdi ki, narkotiklərdən və fahişələrdən istifadə edən məşhurları dövlət telekanallarına və başqa mediaya buraxmayacaqlar.
China Daily qəzeti yazır ki, qadağandan məqsəd medianın sağlamlığını qorumaqdır.

Mətbuat, nəşriyyat, radio, kino və televizya dövlət administrasiyası deyib ki, "belə ulduzlar" ölkə gəncliyi üçün pis nümunədir.
Məşhur Jackie Chan-ın oğlu da daxil, bir sıra məşhurlar ötən il narkotik maddə ittihamı ilə həbs edilmişdilər.

Qana parlamentində jarqon qadağanı

Ötən il Qana millət vəkilləri iclasın pozulmasına səbəb olmuş məşhur bir jarqon sözün parlamentdə işlədilməsini qadağan ediblər.
Modern Gana internet portalının xəbərinə görə, Qanada danışılan Akan dilində narazılıq bildirən "tweaa" sözü parlament debatlarında o qədər tez-tez işlədilirdi ki, axırda spiker Edward Doe Adjaho bu sözdən iclaslarda istifadə olunmasını qadağan edib.
Lakin bəzi ağzıgöyçəklər deyirlər ki, bu qadağan prezident John Mahamanın parlamentdə çıxış edəcəyi günə təsadüf edib.
Xəstəxanalardan birinin qarşısında adamlar tərəfindən küyə basılmış bir siyasətçinin "kim tweaa dedi?" deyə soruşduğu göstərən video internet hitinə çevrilib.

Şotlandiyada qadağan olunmuş Mars qəlyanaltısı

Bu yay qızartma kartof satan qəlyanaltı kafelərindən birinə qızardılmış Mars şokoladının bu kafedə icad edildiyini göstərən plakatı endirmək göstərişi verilib.
Şotlandiyanın Stounhevn şəhərindəki "The Carron Fish Bar" kafesinə bu reseptlə hazırlanan qəlyanaltıdan dadmaq üçün dünyanın müxtəlif yerlərindən turistlər gəlir.

Aberdinşir mahalındakı bu yeməkxana bu qəlyanaltı növünün öz işçiləri tərəfindən icad edildiyini iddia edən plakatı iftixarla qapısının üstündən asıb.
Lakin Aberdinşir bələdiyyəsi bildirib ki, "geniş ictimaiyyətin xeyri naminə" bu plakat oradan çıxarılmalıdır.
Bələdiyyənin fikrincə, yaxşıca qızardılmış Mars şokoladı şotland mətbəxi üçün pis reklam olub.
2004-cü ilədək bu qəlyanaltının reputasiyası Atlantik okeanının o tayına çatmış və ABŞ-da məşhur Jay Leno Show televiziya proqramında yad edilmişdi.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR