Üzdəki çapıqlardan necə qurtulmalı? MÜALİCƏ ÜSULLARI

Üzdəki çapıqlardan necə qurtulmalı? MÜALİCƏ ÜSULLARI
22:42 12 Dekabr 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Çapıq - tibbi nöqteyi nəzərdən dəri bütövlüyünün pozulması nəticəsində dəri sağaldıqdan sonra əmələ gələn birləşdirici toxumadır və dəri bərpasının son mərhələsi hesab olunur. Bəs çapıqla mübarizə və müalicə üsulları necədir?
 
Milli.Az lent.az-a istinadən bildirir ki, həkim-kosmetoloq Günay Mikayılovanın dediyinə görə, çapıqlar üç növə bölünür - normotrafik, atrofik və hipertrofik. Sonuncunun kelloid çapıqlar deyilən əlavə növü də var. Normotrafik ən yüngül çapıq növüdür: "Digər çapıq növlərini müalicə edəndə məqsədimiz odur ki, çapığı normotrafik hala gətirib çıxaraq. Yəni çapığın səviyyəsi ətraf toxumalarla bir olsun. Atrofik dəri səthindən aşağı olan çapıq növüdür. Bu cür çapıqları elə səviyyəyə gətirib çıxarmalıyıq ki, çapığın dibi yuxarı qalxsın və ətraf toxuma ilə bərabər olsun. Hipertrofik isə daha qabarıq çapıq növüdür. Bu cür çapıqları müalicə edəndə çapığın daha qabarıq, yəni artıq hissəsini götürürük və çapığı yenə ətraf toxumalarla bir səviyyəyə gətirib çıxarırıq".
 
Həkim-kosmetoloq deyir ki, çapığın müalicəsində müxtəlif vasitələrdən istifadə edilir. Bunlardan ən populyarları mezoterapiya və lazer cilalanmasıdır: "Atrofik çapıqların müalicəsində mezoterapiya və təbii dolğulardan istifadə edilir. Bu üsullarla çapıqların kökünün qaldırılmasına nail oluruq. Bundan başqa, mikronidilinq proseduru və fraksional lazerdən istifadə etmək olar. Hipertrofik çapıqların müalicəsində də mezoterapiya, fraksional lazer və lazer cilalanmasından istifadə edilir. Bu üsullarla hipertrofik çapığı normotrafik çapıq halına gətirib çıxardırıq. Əlbəttə ki, atrofik çapıqların müalicəsində mezoterapiyada istifadə edilən dərmanlar, hipertrofik çapıqların müalicəsində istifadə olunmur".
 
G. Mikayılova çapıqların ən qorxulu növünün kelloid çapıqlar olduğunu vurğuladı. Onun sözlərinə görə, kelloid çapıqlar xoşxassəli şiş də hesab olunur. Kelloid çapıqlar digər çapıqlardan fərqlənir, böyüməyə meylli olur, rəngi qırmızı, göyümtüllüyü ilə fərqlənir: "Hər zaman hiss edirsən ki, bu çapıq öz ayrı həyatını yaşayır. Onunla mübarizə aparmaq çox çətindir. Əgər hətta cərrahi yolla bu çapığı götürsək də, onun yerində yenidən bir çapıq toxuması, hətta yenidən kelloid çapıq toxuması yarana bilər. Bu çapıq növləri ilə çox ehtiyatlı olmaq lazımdır. Bu cür çapıqları necə gəldi, harda gəldi müalicə etdirmək olmaz. Kelloid çapıqlar daha çox kelloidə meylli olan insanlarda müşahidə edilir. Ona görə də biz cilalanma proseduruna gələn pasientlərdən bədəninin hər hansı hissəsində və ya nahiyəsində çapıq olub-olmaması ilə maraqlanırıq. Bədəndə olan hər hansı çapığın özünü aparmasından asılı olaraq digər çapıqların müalicəsi haqqında proqnoz vermək olar. Çünki etdiyimiz müdaxilənin nəticəsi bundan asılıdır. Hətta mezoterapiya proseduru etməzdən əvvəl də pasientin çapıq və ya çapıqları haqqında da maraqlanırıq. Kelloid çapığı olan insana hər hansı tibbi müdaxilə zamanı ehtiyatlı olmaq vacibdir. Çünki adi mezoterapiya proseduru zamanı iynənin yerində kelloid çapıq əmələ gələ bilər".
 
Qəzalar, bədbəxt hadisələr zamanı yaranan çapıqların müalicəsində əsasən fraksional lazer və cilalanmadan istifadə edilir. Əgər travmadan sonra kelloid çapıq yaranıbsa, xüsusi mezoterapik dərmanlardan istifadə edilir. G. Mikayılova bu cür müalicələrin mütləq xəstəxana şəraitində və xüsusi nəzarət altında aparılmasını bildirir.
 
Həkim-kosmetoloq çapığın insanda heç zaman getməyən bir iz olduğunu da təəssüflə etiraf edir: "Biz heç  vaxt pasientə deyə bilmərik ki, çapığı tam aparacağıq. Çünki bu, düzgün deyil və yalan olar. Çapıq varsa, hər zaman qalacaq. Sadəcə, optik olaraq həmin çapıqları itirmək mümkündür. Yəni kənardan baxanda çapıq görünməyəcək. Amma həmin toxumanı müayinəyə versək, çapıq toxumasını görəcəyik".
 
Səpkilərdən sonra qalan çapıqlar, ləklər, atrafik və ya gipertrafik çapıqların aparılması üçün ən effektiv üsul isə lazer cilalanmasıdır: "Yanıqlarla da lazer cilalanması vasitəsilə mübarizə aparmaq mümkündür. Lakin yanıq tam sağalmalıdır. Əgər yanıqdan sonra iz və ləkə qalırsa, fərqli üsullar həyata keçirilir. Yanıq zamanı spesifik, düzgün yardım almaq lazımdır ki, yanığın yerində çapıq və ya ləkə qalmasın".  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR