Dünyanın məşhur müsəlman alimlərindən biri

Dünyanın məşhur müsəlman alimlərindən biri
22:47 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşhur coğrafiyaşünas alimlərindən biri də Əhməd ibn Məciddir.

Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin 7 bölgəsindən biri olan Oman o dövrdə dənizçilik mərkəzlərindən biri kimi tanınırdı. Əhməd ibn Məcidin atası məşhur dəniz səyyahı idi və o, Avropa ilə Hindistan arasında üzən gəmilərdə bələdçi funksiyasını həyata keçirirdi. Gələcək məşhur dəniz səyyahının atası dənizçilik üzrə mahir bilicilərdən hesab edilirdi və o, dənizdə heç bir alət olmadan istiqaməti asanlıqla və olduqca dəqiqliklə müəyyən edə bilirdi. Belə bir ailədə böyüyən Əhməd qısa müddətdə atasının dənizçilik peşəsini dərindən mənimsədi və 17 yaşı olanda, o artıq atası kimi dənizdə istiqaməti asanlıqla müəyyən edə bilirdi. Qısa müddətdə atasından daha zəngin bilik əldə edən Əhməd ibn Məcid bütün bölgədə məşhurlaşdı. Ona Hindistana, Çinə, İndoneziyaya və Uzaq Şərqə üzən gəmilərə bələdçilik etmək tapşırılırdı və o bu işin öhdəsindən asanlıqla gəlir, gəmiləri sağ-salamat mənzilbaşına çatdırırdı. Eyni zamanda dənizçilik elmini də dərindən öyrənən məşhur coğrafiyaşünas alim bu sahə üzrə çoxsaylı elmi kitablar yazdı.

Tam adı Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin olan gələcəyin məşhur dəniz səyyahı  və alimi  uşaq yaşlarından atasından və babasından dini və riyazi, coğrafi elmləri öyrəndi. Kiçik yaşlarından atası ilə bir yerdə dənizçilər arasında olan Əhməd ibn Məcid onlardan bu sahənin dərindən öyrəndi. Eyni zamanda atasının tövsiyəsi ilə o dövrdə dənizçi lik sahəsində çoxsaylı alimlərin əsərlərini öyrənən Əhməd ibn Məcid praktikada əldə etdiyi nəzəri biliklərini bir araya gətirərək biliklərini daha da zənginləşdirdi.

Vasko da Qamaya bələdçilik etdi

Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb. Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün  dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib. Ən önəmlisi məşhur coğrafiyaşünas alim və dəniz səyyahı əsərlərində özündən əvvəlki alimlərin bu sahədə yazdıqlarına istinad edərək, onlar barədə də geniş məlumat verməsidir. Qeyd edək ki, Vasko da Qamaya  Əhməd ibn Məcidin kömək etməsi və onun gəmilərini sağ-salamat Hindistana çatdırması alimin şöhrətini daha da artırdı. Bu barədə məşhur alimin qeyd kitabında məlumat var. Amma bunu şübhə altına alanlar da var. Belə bir fikir vurğulanır ki, Vasko da Qamanın gəmiçilik jurnalında Əhməd ibn Məcidin onlara bələdçilik etməsi barədə heç nə yazılmayıb. Ancaq bu da təbiidir. O dövrdə gəmi jurnalında əsasən gəmi heyəti, dənizdə istiqamət, gedəcəkləri, olduqları yerlər, dənizdə baş verən hansısa hadisələr barədə məlumat verilirdi. Vasko da Qamanın bələdçi barədə jurnalda bəhs etməməsi də bu səbəbdən ola bilər. Ancaq araşdırmaçıların böyük əksəriyyəti Əhməd ibn Məcidin Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları Hindistana aparması və sonra da geriyə Ras əl-Haym limanına qaytarmasının həqiqət olduğunu qeyd edirlər. Əhməd ibn Məcidin Vasko da Qamaya bələdçilik etməsi barədə ilk dəfə onun ölümündən 50 il sonra Osmanlı tarixçisi Qütb əl-Dinin kitabında  qeyd edilib.

Dənizçiliyə aid 40-dan artıq əsər yazıb

Yenə də qeyd edək ki, həmin dövrdə ərəblər məşhur dəniz biliciləri hesab edilirdilər və Qərb dünyası 300 ilə yaxın bir müddətdə məhz ərəb dənizçilərinin kartoqraflarının, coğrafiyaşünaslarının, o cümlədən Əhməd ibn Məcidin bu sahəyə aid yazdığı əsərlərdən onu öyrəndilər. Bu müstəvidə də Əhməd ibn Məcidin yazdığı "Kitab əl Favaid usul ilm əl Bəhr VA-l-Qavaid" əsəri qeyd etdiyimiz kimi, elm və texnikanın inkişaf etdiyi indiki dövrdə belə əvəzedilməz bilik mənbəyi rolunu oynayır. Məşhur alimin dənizçiliklə bağlı yazdığı məşhur iki kitabın əlyazması hazırda Parisdəki Milli Kitabxanada qorunub saxlanılır.

Əhməd ibn Məcid bəzi dəniz cismlərinin, o cümlədən və balıqların yaydığı fosfor işıqları vasitəsilə istiqaməti müəyyən etməyi öyrənib və bu barədə əsərlərində geniş məlumat verib. O astronomik hesablamalar yolu ilə ulduzların məsafələrinin təyin edilməsində rolu ola bildiyini müəyyən etdi. Astronomik hesablamalarda üsturlab alətindən mükəmməl bir şəkildə istifadə etdi. Pusula sıradan çıxdığı zaman müxtəlif yollarla istiqamətin müəyyən edilməsi ilə bağlı xüsusi araşdırmalarla vəziyyətdən çıxış yollarını, hədəfin dəqiq tapılmasını müəyyən etdi. Pusulanın tam dəqiq işləməsi üçün metodlar tapdı və bunu gəmilərdə tətbiq etdi. O, əsərlərində özündən əvvəl gələn bütün dəniz səyyahlarının və coğrafiyaşünaslarının elmi əsərlərini oxuyaraq onları daha da təkmilləşdirdi, onlara özünün əldə etdiyi bilikləri əlavə etdi. Əhməd ibn Məcid nəzəri biliklərdən daha çox, praktikada əldə etdiyi təcrübəyə böyük əhəmiyyət verdiyindən yunan dənizçilərinin və bu sahə ilə məşğul olan alimlərin əsərlərinə etibar etməyərək özünün müşahidələri və təcrübəsi sahəsində əldə etdiyi bilikləri  əsasında dənizçiliklə bağlı mükəmməl əsərlər yazdı. Bu baxımdan onun dənizçiliklə bağlı yazdığı əsərlər daha mükəmməl idi və elmi-paktik cəhətdən əvəzedilməz dərsliklər hesab edilirdi. Əsərlərində Əhməd ibn Məcid Hindistan, İndoneziya Qırmızı dəniz, Ağdəniz sahilləri və buradakı limanlarla bağlı maraqlı məlumatlar verib, oraları tarixi baxımdan indi də əvəzsiz mənbə hesab ediləcək dərəcədə geniş şəkildə təsvir edib, orada yaşayan insanlar, məşğuliyyətləri, günlük həyat tərzləri, limanların imkanları, dənizçiliyin həmin bölgələrdə hansı səviyyələrdə inkişaf etdiyi barədə qiymətli məlumatlar verib

Əhməd ibn Məcidin ən önəmli əsərlərindən biri hesab edilən "Kitab-ül-Fevaid" girişdən və on iki bölümdən ibarətdir. Alim bu əsərində gəmiçilik, dənizçilik, gəmiçilikdə istifadə edilən alətlər, dənizdə ulduzlar vasitəsilə istiqamətin təyin edilməsi, dənizlərdə musson və küləklər dövrü, günəş və ay tutulmaları və onların hesablanması yolları barədə məlumat verib. Dənizçiliklə bağlı hər bir dənizçinin öyrənməsi lazım olan əsərlərin adları barədə də o bu kitabında ətraflı məlumat verib. Gəmilərdə kapitan otağı və pusulanın önəmi, gəmilərin necə inşa edilməsi, onun hansı texniki vasitələrlə təchiz edilməsi, gəmilərin texniki heyətinin uzaq səfərlərə necə hazırlaşdırılması barədə kitabda qiymətli məlumatlar var. Ərəbistan yarımadası, Qırmızı dəniz, Hind okeanı, Bəhreyn, Madaqaskar, Cava, Sumatra, Seylon və Zəngibar adaları və onların çoğrafiyası, sahilləri iqlimləri barədə də əsərdə geniş məlumatlar əksini tapıb. 11 bölmədən ibarət "Haviyet-ül-İhtisar" əsərində isə alim gəmilərin yaxınlaşa biləcəyi dəniz sahillərindəki işarələr, əlamətlər, günlər, həftələr, aylar hesablanıb. Müxtəlif dəniz yollarını hesablayaraq limanlar arasındakı məsafəni olduqca dəqiq müəyyən edib.

Ümumiyyətlə, Əhməd ibn Məcid dənizçiliyə aid 40-a yaxın əsərin müəllifidir. Hələ sağlığında ikən "Dəniz şiri" adı ilə müasirləri arasında tanınan bu böyük insan 1501-ci ildə Haqqın rəhmətinə qovuşub. 
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR