Bizim qadınımıza bu yaraşır

Bizim qadınımıza bu yaraşır
11:37 13 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əhalinin yarıdan çoxunu - 50,2 faizini qadınlar təşkil edir. Onların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir, yəni ana ola biləcək yaşdadır.

Ölkə iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada qadınlar çalışmasınlar. Məşğul əhalinin ümumi sayında onların xüsusi çəkisi 48,4 faizdir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76,6, orta ixtisas təhsili sahəsində 75,1, ali məktəblərdə 48,8 faizi qadınlardır. Həkimlərimizin 64,9 faizi qadınlardan ibarətdir. Azərbaycan qadınları elmdə də irəlidə gedirlər. Son 5 ildə tədqiqatlarla məşğul olan, elmlər doktoru və fəlsəfə doktoru dərəcələri alan qadınların sayı artıb. Qadınlar onlara tapşırılmış yüksək dövlət vəzifələrində də etimadı doğruldurlar, Milli Məclisdə seçicilərini layiqincə təmsil edirlər. Sahibkarlar, bələdiyyə üzvləri, idmançılar arasında yüzlərlə qadın var. Bir sözlə, bu gün qadınlarımız cəmiyyətin həyatında fəal mövqe tuturlar, dərin bilik, yüksək intellekt sahibidirlər. 
Bütün bunlarla yanaşı, Azərbaycan qadını ana olmağı, övlad böyütməyi özünün ən böyük xoşbəxtliyi və missiyası sayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu barədə çox gözəl deyib: "Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə ki, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir". 
Hazırda Azərbaycanda hər 10 xanım orta hesabla dünyaya 22 uşaq gətirir.
Yeri gəlmişkən: ölkədə doğumun səviyyəsi ölümün səviyyəsini 3 dəfədən çox üstələyir. Beləliklə, Azərbaycan əhalisinin sayı təbii artım nəticəsində çoxalır. Belə bir xoşbəxtlik heç də hər xalqın qismətinə düşmür. 
Analarımız, nənələrimiz həmişə ailəcanlı, övladcanlı olublar. Bu müqəddəs hissləri indiki gənc xanımlar onlardan irsən alıblar. Doğrudur, vaxtilə Azərbaycanda əksər ailələr çoxuşaqlı olub. Lakin cəmiyyətdə gedən elmi-texniki, sosial-mədəni inkişaf bütün sahələrdə insanların həyata baxışında dəyişikliklər edib. Başqa sözlə, indi valideynlər dünyaya gətirdikləri övladı layiqincə böyütməyi, ona mükəmməl təhsil verməyi, yaxşı insan, vətəndaş yetişdirməyi, necə deyərlər, oğlunun, qızının əlini çörəyə çatdırmağı daha önəmli sayırlar. Bununla belə, uşaqsız ailə heç bir azərbaycanlının, o cümlədən azərbaycanlı qadının ağlına sığışmayan anlayışdır. Odur ki, ölkəmizdə təkuşaqlı ailələr də elə tək-təkdir. 
İndi cavan ailələrin əksəriyyətində bir qayda olaraq ən azı iki övlad böyüyür. Üçuşaqlı ailələr də az deyil. Hər şəhərdə və kənddə neçə-neçə dörd, beş və daha çox övladı olan ata-analara da rast gəlmək mümkündür. Çoxuşaqlı ana Zərnigar Hüseynova deyir: "Dörd qızımız, bir oğlumuz var. Mənim anam da, qaynanam da çoxuşaqlı olublar. Mənə də həmişə deyiblər ki, övlad insanın qol-qanadıdır. Əvvəlcə qızlarımız dünyaya gəldi. Hər birinin gəlişini sevinclə qarşıladıq. Sonbeşiyimiz isə qızların qardaş payıdır. Doğrudur, uşaqları araya-ərsəyə gətirincə çətinliyimiz az olmadı. Amma indi onlara baxdıqca qəlbimiz fərəhlə döyünür. Oğlumuz xaricdə təhsil alır. Qızların da hamısı peşə-sənət sahibidir. Üçü artıq ailə həyatı qurub". 
Hazırda Azərbaycanda birinci nikaha daxil olanların orta yaş göstəricisi kişilər arasında 27,7, qadınlar arasında isə 23,7-dir. Bu rəqəmlər çox söz deyir. Ümumən götürəndə gənclər təhsil alıb, peşə, sənət qazandıqdan, daimi iş yerləri olduqdan sonra ailə qururlar. Oğlanlar, ilk növbədə, vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirmək, ev-eşik düzəltmək barədə düşünür, gələcək ailəsini dolandırmaq üçün məşğulluq problemlərini həll etməyə çalışırlar. Qızlar təhsil almaqla bərabər, evdarlıq da öyrənirlər. Bir sözlə, gənclərimizin əksəriyyəti ailə qurmağa hazır olandan sonra bu məsuliyyətli addımı atırlar. Vaxtında və düşünülərək qurulan ailələrdə uşaqlar da sağlam və xoşbəxt böyüyürlər. 
Lakin bəzən erkən ailə quranlar, tələsib təndirə düşənlər də olur. Bəziləri isə seçim etməkdə gecikir. 
Statistika göstərir ki, 2013-cü ildə Azərbaycanda 15-17 yaşlı qadınlar tərəfindən dünyaya 2855 uşaq gətirilib. Bu yaşda olan anaların hətta dünyaya sayca ikinci, üçüncü övladını gətirməsi faktları da məlumdur. Məsələn, 2013-cü ildə bu analar tərəfindən doğulan körpələrin 212-si ailədə ikinci uşaq olub. 
Erkən nikahlardan çox danışılır, çox yazılır, həkimlər, sosioloqlar, psixoloqlar və digər sahələrin mütəxəssisləri belə halların mənfi tərəflərini izah edirlər. Bir sözlə, ictimaiyyət hər vasitə ilə gənclərə, valideynlərə erkən nikahların arzuolunmazlığını çatdırır. Bununla belə, onların sayı azalmır. Keçən il 15-17 yaşlı analar tərəfindən doğulmuş körpələrin sayının 3296-ya çatması, yəni əvvəlki illərə nisbətən daha da artması narahatlıq doğurmaya bilməz. Yaranmış vəziyyət cəmiyyətdə bu istiqamətdə daha güclü maarifləndirmə işinin aparılmasını tələb edir. 
Valideynlərinmi, yoxsa yeniyetmələrin özlərininmi günahı ucbatından yaranan belə ailələrin müqəddəratı əksər hallarda heç də yaxşı olmur. İlk növbədə, erkən yaşlarda doğuşlar ana və uşaqların sağlamlığı üçün təhlükə yaradır. 17 yaşlı qıza ana deməyə adamın heç dili gəlmir. Axı, onun özü hələ uşaqdır, orta məktəb partası arxasında oturmalıdır. Təbii ki, biliyi, savadı da çatışmır, öz hüquqlarını müdafiə etməyi bacarmır. Nəticədə bir çox müşküllərlə üz-üzə qalır. Əlbəttə, onun yaxşı ev sahibəsi olmaq üçün bacarığı, uşaq tərbiyə etmək üçün səriştəsi də kifayət deyil. Odur ki, erkən qurulmuş ailələr bir çox hallarda dağılır. Beləliklə, gənc qadın nə ailə xoşbəxtliyi duya bilir, nə də analıq səadəti. Üstəlik, çanaq həm də onun dünyaya gətirdiyi körpənin başında çatlayır. 
Təbii ki, vaxtından tez evlənənlər nikahlarını rəsmi qeydiyyatdan keçirə bilmirlər - bunun üçün qanunda müəyyən yaş həddi qoyulub. Beləliklə, erkən nikahlar ölkədə mövcud ailələrin sayını dəqiqləşdirməyə də mane olur. Belə ki, statistikaya görə, son bir ildə nikahların sayı azalıb. VVAQ orqanları tərəfindən bu ilin 9 ayında 51 min nikah qeydə alınıb. Halbuki keçən ilin eyni dövründə 63 min, yəni indikindən 12 min çox nikah bağlanmışdı. Lakin bu rəqəmlərə əsaslanıb evlənənlərin sayının azaldığı barədə qəti fikir yürütmək bəlkə də düzgün olmazdı. Çünki məsələnin başqa tərəfi var - bir çox evlənənlər rəsmi nikah bağlamırlar. Bunu həyatın özündə də, statistik rəqəmlərdə də görmək olar. Məsələn, 2013-cü ildə Azərbaycanda rəsmi qeydiyyata alınmamış nikahda olan 15-29 yaşlı qadınlar tərəfindən nə az-nə çox - 20 min 283 uşaq doğulub. İl boyu ümumən nikahdankənar anadan olan uşaqların sayı 25 min 69-a çatıb. 2014-cü ildə isə yeni doğulan hər 100 uşaqdan 15-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Nikahdankənar doğulan uşaqların sayı xeyli artıb və 25 min 486-ya çatıb. Bu, həmin il ərzində ölkədə doğulan körpələrin 14,9 faizini təşkil edir. Bunlar ya tənha anaların, ya da vətəndaş nikahı ilə yaşayan ailələrin övladlarıdır. Üzərində düşünməli faktdır, deyilmi? 
Tənha ana, vətəndaş nikahı, qeyri-rəsmi izdivacdan doğulan uşaq... Son dövrlərədək bu sözlər leksikonumuzda nadir hallarda səslənərdi. Çünki xalqımızın xüsusiyyətinə, milli-mənəvi dəyərlərinə yad olan halları ifadə edirlər. Həm də belə hallar tək-tək idi... 
Erkən evlənənlərin rəsmi nikaha daxil ola bilməməsi səbəbini dedik. Bəs yaşı buna imkan verən qadınlara dünyaya gətirdikləri uşağın atası ilə rəsmi nikah bağlamağa mane olan nədir? Məsələnin kökü bax, buradadır. 
Bütün bunlara aydınlıq gətirmək üçün Azərbaycanda qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair seçmə statistik müşahidə keçirmək qərara alınıb. Bu, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)" layihəsində qeyd edilib. Layihəyə görə, bu tədbiri 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, BMT-nin Əhali Fondunun birgə keçirmələri nəzərdə tutulub.
Digər bir problem isə qızlarımızın bəzilərinin vaxtında seçim edə bilməməsi, yaxud ailə qurmağa tələsməməsidir. Bununla belə, hər bir qızın qəlbində ömür-gün yoldaşı, ana olmaq istəyi məskən salır. Təbii ki, bəxti gec açılan qız da ana olmaq istəyir. Yeri gəlmişkən: ölkəmizdə anaların və uşaqların sağlamlığının qorunması prioritetlərdən biridir. İndi tibbin, səhiyyənin inkişafı sayəsində sonsuz ailələr də övlad sevincini yaşaya bilir, analıq səadətinə qovuşmaq istəyən qadınlar oğul, qız sahibi olurlar. Maraqlıdır ki, hər il Azərbaycanda 50 və bundan yuxarı yaşda olan onlarca qadın analıq səadətinə qovuşur. 1995-ci ildə onların sayı 6 idisə, 2010-cu ildə 32, 2011-ci ildə 24, 2012-ci ildə 42, 2013-cü ildə 46 olub. Keçən il isə yaşı yarım əsri haqlamış 31 qadın dünyaya körpə gətirib. Nə deyə bilərik, analıq hissi elə güclü hissdir ki, ana olmaq elə böyük arzudur ki, hər bir qadının qəlbində kök salır. 
Gec də olsa, dünyaya övlad bəxş etmək nikbinliyin, həyat eşqinin, sabaha ümidin bir təzahürüdür. 
Bununla belə, əlbəttə, hər şey öz vaxtında olsa yaxşıdır. Yazda çiçəklər, payızda bağların barı, qışda qar gözəldir. İnsanın ömrü də ilin fəsillərinə bənzəyir. Odur ki, nə tələsmək, nə də gecikmək lazımdır. Qoy qızlarımız bu vacib şərti eşidib qulaqlarından sırğa kimi assınlar. Xoşbəxt gəlin, xoşbəxt xanım, xoşbəxt ana olsunlar deyə... Bu, Azərbaycan qadınlarının ən böyük arzusudur və bu, onlara çox yaraşır.

"Azərbaycan" qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR