Çindən gələn qatar Tiflisdən Potiya yola salındı

Çindən gələn qatar Tiflisdən Potiya yola salındı
16:09 13 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Çindən gələn ilk tranzit yük qatarının Tiflisdə qarşılanması mərasimi keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qarşılanma mərasimini Gürcüstanın baş naziri İrakli Qaribaşvili açaraq "İpək Yolu" layihəsinin əhəmiyyətindən danışıb: "Bu layihə çərçivəsində Gürcüstan multiregional mərkəzə çevriləcək və tezliklə Çinin şərqindən başlayaraq Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Avropaya yüklər daşınacaq".

 

Gürcüstanın baş naziri bu gün Gürcüstan paytaxtına gələn tranzit yük qatarının simvolik olaraq Gürcüstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Aİ bayraqları ilə bəzədildiyinə sevindiyini bildirib: "Mən çox şadam ki, bu gün bizim tranzit yük qatarımız  simvolik olaraq Gürcüstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Aİ bayraqları ilə bəzədilib. Biz 8-10 günə yükləri Gürcüstanda qəbul edib 3-4 gün ərzində Avropanın digər ölkələrinə göndərə bilərik. "İpək Yolu" ucuz və qısa yoldur. Bu yolla Asiyadan Avropaya məsafə beş dəfə qısaldılmış olacaq. Bizim ölkə bu marşrutu daha da qısaldır və bu bizə dünya iqtisadi həyatında əlavə şans verir. İnanıram ki, bu layihə ölkəmizə daha çox investisiya, stabillik, məşğulluq və rifah gətirəcək. İnanıram ki, "İpək Yolu" layihəsi çərçivəsində Gürcüstan multiregional mərkəzə çevriləcək və Avropanı Şərqi Asiya, Hindistan, Mərkəzi Asiya və Orta Şərqə birləşdirəcək”.

 

Baş nazir "Ypək Yolu" layihəsinin Çin prezidenti tərəfindən irəli sürüldüyünü və bu barədə iki il Gürcüstanla bağlı məsələlər barədə danışıqlar aparıldığını, həmçinin 32 ölkədən 1000 nəfərin iştirakı ilə forum keçirildiyini və  memorandum imzalandığını bildirib.

 

Tədbirdə Çinin Gürcüstandakı səfiri, "Gürcüstan Dəmir Yolları" idarəsinin baş direktoru, "Qazaxıstan Dəmir Yolları" İdarəsinin rəsmisi, “Azərbaycan Dəmir Yollar” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov çıxış edərək tranzit yük qatarının ilk reysini tarixi hadisə adlandırıblar. Tədbirdə 2020-ci ilə kimi "İpək Yolu" layihəsi çərçivəsində Çin və Türkiyə arasında ticarət potensiyalının 200 milyard dollaradək artacağı bildirilib.

 

Sonra Gürcüstan baş nazirinin, Çin səfirinin və Gürcüstan Dəmir Yolu İdarəsinin rəhbərinin iştirakı ilə tranzit yük qatarının açılış lenti kəsilib.

 

Bunun ardınca tranzit yük qatarı Tiflisdən Potiyə yola düşüb.

 

Tədbirdə Gürcüstan xarici işlər naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri Dimitri Kumsişvili, Türkiyənin, Azərbaycanın və digər ölkələrin Gürcüstandakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR