Əmmanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

18:53 13 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Əmman, 13 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən anım tədbiri keçirib.
Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Misir, Gürcüstan, Hindistan və digər ölkələrin səfirləri, İordaniya Haşimilər Krallığının Senat və Parlamentindən nümayəndələr, İordaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, yerli KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər.
Anım mərasimində Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov qonaqlara görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Onun müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini qeyd edərək Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu vurğulayıb. Bildirib ki, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr edən, ölkənin çətin dövründə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Ulu Öndər Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün mühüm addımlar atıb. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 20 ildə Azərbaycanın inkişaf edərək regionun lider dövlətinə çevrildiyini vurğulayan diplomat tədbir iştirakçılarını Ümummilli Liderin mənalı ömür yolunu əks etdirən fotosərgi və kitablarla tanış edib.
Sonra tədbir iştirakçıları Əmman şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan meydana gələrək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib, onun adını daşıyan meydana əklillər qoyublar.
Səfirlik tərəfindən Ümummilli Liderin xatirəsinə ehsan süfrəsi açılıb.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ammanda_umummilli_lider_Heyder_Aliyevin_xatiresi_yad_edilib-910915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR