Rusiyadan Türkiyəyə ilk güzəşt

Rusiyadan Türkiyəyə ilk güzəşt
19:11 13 Dekabr 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə qırıcıları tərəfindən Rusiyaya məxsus Su-24 bombardman təyyarəsinin vurulması ilə Moskva və Ankara arasında başlanan qarşıdurma Rusiyanın bir sıra müəssisələrinin işinin dayandırılması ilə nəticələnib.

ANS PRESS-in məlumatına görə, iki ölkə arasında yaranmış qarşı durma nəticəsində Sankt-Peterburq vilayətinin Peterqof şəhərində yerləşən “Bosch-Siemens” soyuducu zavodunun işinin dayanmasına səbəb olub. Sankt-Peterburq vilayətinin sənaye siyasəti və innnovasiyalar üzrə komitəsinin sədri Maksim Meyksin bildirib ki, dekabrın 14-də zavodun konveyerləri işini dayandıracaq.

“Bosch-Siemens”dən olan mənbənin verdiyi məlumata görə, noyabrın 23-dən Rusiya gömrüyü Türkiyədən gələn detalları sərhəddə saxlayıb. Yəni Su-24 bombardman təyyarəsinin vurulduğu 24 noyabr tarixindən detallar gömrükdən keçə bilməyib.

Həmin vaxt Rusiya lideri Vladimir Putin təyyarənin vurulmasını kürəkdən xaincəsinə vurulma kimi dəyərləndirmişdi və bildirmişdi ki, bu, iki ölkə arasında münasibətləri ciddi şəkildə pisləşdirəcək. Rusiyada Türkiyə mallarının idxalına qarşı qadağalar qoyulmasına çağırışlar səsləndirilməyə başlanılmışdı.

Rusiyadan Türkiyəyə ixrac və idxalın illər üzrə dəyişməsi

Mənbə: World Trade Center Moscow

Rəqəmlər isə bu qarşıdurmadan daha çox Rusiyanın itirəcəyini ortaya çıxarırdı. Rusiya Mərkəzi Bankının məlumatına görə, iki ölkə arasındakı ticarət dövriyyəsində müsbət saldo böyük üstünlüklə Rusiyaya məxsusdur. 2015-ci ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 18 milyard dollar təşkil edib. Bunun 15 milyard dolları Rusiyadan Türkiyəyə ixracat təşkil edib. Türkiyədən Rusiyaya ixracat isə cəmi 3 miylard dollar olub.

Doqquz ay ərzində Rusiyadan Türkiyəyə ixracatın 6 milyard dollarını silah-sursat, 3,6 milyard dollarını mineral məhsullar və 3,1 milyard dollarını isə metallurgiya məhsuları təşkil edib. Türkiyə isə bu müddət ərzində Rusiyaya 779,3 milyon dollarlıq bitkiçilik məhsulu, 514 milyon dollarlıq toxuculuq məhsulları və 495 milyon dollarlıq avadanlıq ixrac edib.


Mənbə: World Trade Center Moscow


Göründüyü kimi, Türkiyə Rusiyadan əsasən silah və xammal alıb ki, bunu başqa ölkələrdən də ala bilər. Amma Rusiya Türkiyədən ərzaq və toxuculuq məhsulları ilə yanaşı avadanlıq da alır ki, bu, birbaşa istehsalla bağlıdır. Yəni həmin avadanlıqların idxalı dayandıqda Rusiyadakı istehsal da dayanır və Peterqofdakı “Bosch-Siemens” soyuducu zavodu da belə istehsal sahələrindəndir.

Bəlkə də, elə bu səbəbdəndir ki, Rusiya bu istiqamətdə artıq geriyə addım atıb. Sankt-Peterburq vilayətinin sənaye siyasəti və innnovasiyalar üzrə komitəsinin sədri Maksim Meyksin bildirib ki, artıq gömrük Türkiyə mallarını buraxmağa başlayıb. Beləliklə, Rusiya geriyə addım atıb və Türkiyəyə ilk güzəştini edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR