"Səs Azərbaycan"a biganəliyin səbəbləri - jurnalistlər danışır

"Səs Azərbaycan"a biganəliyin səbəbləri - jurnalistlər danışır
19:51 13 Dekabr 2015
131 Şou
Ölkə mətbuatı
A- A+

“Səs Azərbaycan” musiqi müsabiqəsi yayımlanmağa başlayıb. Lakin tamaşaçılar tərəfindən maraqla gözlənilən müsabiqə ölkəmizdə böyük ajiotaj yaratmayıb. Müsabiqənin münsiflər kürsüsündə əyləşən sənətçilər layihənin uğurlu alındığını bildirsələr də, layihə sosial şəbəkələrdə tənqid hədəfinə çevrildi. Hətta müsabiqədən əvvəl dəfələrlə layihə haqda xəbərlər yayımlayan mediamız da “Səs Azərbaycan”a biganə yanaşdı.

Xatırladaq ki, “The Voice” (Səs) dünyaca məşhur layihədir. Layihənin orijinal versiyası Hollandiyanın “RTL 4” kanalında yayımlanan “The Voice of Holland”dır. İlk bölümü 17 sentyabr 2010-cu ildə yayımlanıb. Proqramın yaradıcıları Roel van Velzen və John də Moldur.

Yarışmanın mükafatı 1 milyon dollar və albomdur. Christina Aguilera, Cee Lo Green, Adam Levine və Blake Shelton həm yarışmanın münsif üzvləri, həm də iştirakçıların müəllimləridir. Azərbaycan tamaşaçısı əsasən, “O səs Türkiyə” və “Qolos”u izləyirlər, mediamızda isə hər həftə layihənin buraxılışları barədə xəbərlər yazılır. Bəs öz “Səs”imizə qarşı niyə biganəyik?
 
Musavat.com “Səs Azərbaycan”ın ölkədə ajiotaj yaratmamasının, öz mediamızın diqqətini çəkə bilməməsinin səbəblərini öyrənmək üçün mətbuat nümayəndələrinə müraciət edib.
 
Axşam.az media nümayəndələrinin cavablarını təqdim edir:

Musavat.com saytının redaktoru Elçin Xalidbəyli “Səs Azərbaycan”ın ölkədə maraqla qarşılanmamasına səbəb olaraq, layihənin qeyri-peşəkarcasına hazırlanmasını göstərib:
 
“İstənilən maraqlı layihə tamaşaçı tərəfindən diqqətlə qarşılanır. Xüsusilə də, belə layihələrin peşəkar və istedadlı şəxslər tərəfindən hazırlanması analoji layihələrin gələcək taleyində mühüm rol oynayır. Türkiyə, Ukrayna, Rusiya, eləcə də Avropa ölkələrində belə layihələrin hazırlanması prosesinə mütləq peşəkar və istedadlı şəxslər cəlb olunurlar. Və bu səbəbdən də həmin ölkələrdəki əksər telelayihələr tamaşaçı rəğbəti və uğur qazanır. Təəssüf ki, Azərbaycanda "hazırlanan" telelayihələr haqqında eyni fikirləri söyləmək mümkün deyil. Çünki Azərbaycan teleməkanında yer alan layihələrin mütləq əksəriyyətini "hazırlayanlar" istedadsız və qeyri-peşəkarlardır. Bunun belə olduğunu analoji layihələrə cəmisi bir dəfə baxmaqla, əmin olmaq mümkündür. Bəsit dünyagörüşlü, yetərli intellektə sahib olmayan müəlliflərin layihəsi, əlbəttə ki, maraq doğura bilməz. Bir az diqqət etməklə, əmin olmaq olar ki, "müəlliflər" adətən, özlərinin "hazırladıqları" layihələrin başqa ölkələrdə efirə gedən analoqlarına, orijinal versiyalarına belə, baxmayıblar. Və hansı səbəbdənsə, indi öz qabiliyyətlərini üstələyən belə layihələri reallaşdıra biləcəklərini düşünməkdən çəkinmirlər. Vulqar danışıq tərzləri, pozuq Azərbaycan dili vərdişləri ilə tamaşaçını bezdirirlər, insanların zövqünü korlayırlar. Layihələrin "yaradıcı heyət"i isə, böyük ehtimalla şəxsi tanışlıq və ya şəxsi münasibətlər zəminində seçilir. Maraqlı bir nüans da var ki, belə layihələrin "müəlliflər"i adətən, tənqidləri də qəbul etmirlər. Və əksər hallarda, tənqidləri qeyri-etik məzmunda cavablandırırlar. Özləri peşəkarlıqdan çox-çox uzaq olsalar da, tamaşaçıların deyil, məhz peşəkarların tənqid hüquqlarının olduğunu iddia edirlər. Halbuki nəzərə almırlar ki, efirə getmiş istənilən layihəyə münasibətdə onun tamaşaçısı rəy bildirmək hüququna malikdir. Çünki bütün layihələr məhz tamaşaçı üçün hazırlanmalıdır. Tamaşaçı isə ağıllıdır, hər hansı layihəyə bir dəfə baxdıqdan və onun müəlliflərinin bəsit və vulqar davranışlarını gördükdən sonra haqlı olaraq, televizorun kanalını dəyişir. Bu baxımdan, Azərbaycanda belə layihələrin uğur qazanması üçün tamaşaçını daha yaxşı tanıyan peşəkar və istedadlı nəslin yetişməsini gözləmək lazımdır. İndiki bəsit dünyagörüşlü müəlliflərlə bu sahənin irəli gedə biləcəyi qətiyyən inandırıcı görünmür". Qafqazinfo.az saytının redaktoru Günel Əbilova bildirib ki, saytda müsabiqəyə yer ayırmamalarının səbəbi layihənin geniş auditoriyasının olmamasıdır: “Etiraf edim ki, “O səs Türkiyə”nin bütün buraxılışlarını izləyirəm. İzləməyimə səbəb təkcə gözəl səs dinləmək deyil, eyni zamanda dincəlməkdir. Bu isə münsiflərin sayəsində olur. İstəsəniz, dörd münsifin hər biri ilə bağlı bəlkə də bir səhifə danışaram. Çünki həddən artıq səmimi və maraqlıdırlar.

Təkcə çalışdığım sayt üçün deyil, eyni zamanda bir izləyici kimi “Səs Azərbaycan”ı gözləyirdim və ilk yayımından sonra qərar verdim ki, bir də müsabiqəni izləməyəcəm. Bu tip proqramlarda yük münsif və aparıcının üzərinə düşür, biz mahnı izləmək istəsək, mahnı kanallarına baxarıq. Deməli, bu cür müsabiqələrdən təkcə musiqi duymaq istəmirik. Bizim “Səs Azərbaycan”da isə bu, qətiyyən yoxdur. Münsiflər (hərçənd ki, onlar özlərinə ustad deyirlər) çox qurudurlar, hətta iştirakçıya reaksiya verəndə ifrat dərəcədə sevinmələri belə, adama səmimi gəlmir. Demək olar ki, “Səs Azərbaycan”la bağlı “Qafqazinfo”da bir-iki yazı yayımlamışıq. Səbəbi isə məlumdur, bu müsabiqənin geniş auditoriyası yoxdur. Elə sosial şəbəkələrə nəzər salanda da bunu aydın görmək olur. Hansı birimiz günlərlə “Facebook” və ya “Twitter”də “Səs Azərbaycan”dan danışmışıq. Üstəgəl, mənə elə gəlir ki, sanki yarışmada Azərbaycan mahnılarına qadağa qoyublar”.

“Kaspi” qəzetinin müxbiri Xəyalə Məmmədova qeyd edir ki, oxucular üçün “Səs Azərbaycan” maraqsızdır:
 
“Mən “The Voice” haqda araşdırma tipli yazı hazırlamışdım. Azərbaycanlılar əsasən “O səs Türkiyə” və “Qolos” müsabiqələrinə üz tuturlar. Azərbaycanda layihə iştirakçılarına hər hansı gələcək vəd olunmur. Ona görə də, bizimkilər xarici ölkədəki müsabiqələrə üz tuturlar. Çünki Azərbaycanda musiqi yarışmalarından sonra iştirakçının gələcək karyerası ilə maraqlanılmır. Onlar da toyxanalara üz tutub, “boşbaş” müğənni olurlar. Bizim əhalinin sayı da azdır, “O səs Türkiyə”nin auditoriyası daha genişdir. Orada iştirak edən ifaçı az da olsa, tanınır. Türk münsiflər də dəfələrlə azərbaycanlıların səs diapazonunun güclü olduğunu bildiriblər. Azərbaycan mediası da “O səs Türkiyə” və “Qolos”a geniş yer ayırır, çünki bizim tamaşaçılara, oxuculara o müsabiqə daha maraqlıdır. Bizim ölkədə keçirilən “Səs Azərbaycan” mediamız üçün maraqsızdır, münsiflər daim mətbuatda gördüyümüz simalardır. Onların müsabiqədə davranışları bizə maraqlı deyil.
 
“Səs Azərbaycan”da bir qızın oğlan imicində efirə çıxması mediamız tərəfindən xəbərə çevrilmişdi. Bu xəbər isə biədəb göründü, iştirakçıların qınağına səbəb oldu. Jurnalistlər istəmirlər ki, münsiflərlə münasibətləri pozulsun. Çünki biz daim onlarla işləyirik, onları tənqid etməməyə çalışırıq. Bizdə bəzi münsiflər güclü səslərə dönmürlər, istəyirlər ki, komandalarında olan iştirakçılar “bişmiş” səslər olsun və onlarla az çalışsınlar. Türkiyədə isə münsiflər səs diapozonu güclü, lakin təcrübəsiz iştirakçıya çox vaxt ayırıb, onu səhnə üçün hazırlayırlar”.

Axşam.az saytının müxbiri Pərviz Sadıqov vurğulayıb ki, “Səs Azərbaycan” özünəməxsus olmadığı üçün tamaşaçını cəlb etmir:

“Deməzdim ki, “Səs Azərbaycan” tam uğursuz alınıb. Veriliş efirə gedən zaman sosial şəbəkələrdə müzakirələr olsa da, biz əsasən tənqidlərlə rastlaşırıq. Bizim tamaşaçılar bu layihənin daha yaxşı variantlarını görüblər. Ona görə AzTV maksimum çalışmalıydı ki, yarışmanı özünəməxsus etsin. Məsələn, müqavilə düzgün bağlanmayıb. Müqaviləyə görə layihədə yalnız 20 faiz Azəbaycan mahnıları səsləndirilə bilər, bu da tamaşaçıları narazı salır. Münsiflər tam rahat deyil, Mübariz Tağıyev illərdir ki, qazandığı hörməti itirir, bəzən çox yersiz müdaxilələr edir, tənqidi kobud şəkildə büruzə verir. Hərdən yarışmacı adını demədən münsiflər ona adı ilə xitab edirlər. Bu da yarışmanın şəffaflığına kölgə salır. Bəlkə də bu montaj səhvidir, amma bu hal bir neçə dəfə təkrarlanıb. Layihəyə yerli medianın diqqət göstərməsi yenə də verilişin maraqlı olub-olmamasından asılır. Media bilsə ki, müsabiqə oxucu üçün maraqlıdır, buraxılışlar barədə xəbərlər yayımlayar.

Həm də AzTV hər verilişə medianı xüsusi olaraq, dəvət etməliydi. Diqqət çəkmək üçün “Layihəni ən yaxşı işıqlandıran media” müsabiqəsi keçirsəydi, “Səs Azərbaycan” daha çox işıqlandırılardı. Verilişin “O səs Türkiyə” ilə müqayisə olunması tam doğru deyil. Çünki Acun Ilıcalı müqaviləni necə razılaşdırıbsa, formatda çox dəyişiklik edib. Bəlkə də “O səs Türkiyə”nin münsifləri qədər diqqətli və səmimi münsiflər bizdə də olsa, eyni uğuru əldə edə bilərik. Məsələn, o gün münsiflər “Səs Azərbaycan”da 44 yaşlı adamın müsabiqəyə qatılmasına çox təəccübləndilər, onun bu yaşda müsabiqəyə qatılmasına heyrətləndiklərini bildirdilər. Onların belə reaksiyaları qeyri-etik idi”.

Qeyd edək ki, “Səs Azərbaycan”ın layihə rəhbəri Xəyal Qayıbov, münsifləri isə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana və Tünzalə Ağayevadır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR