Merkel barədə bilinməyən 10 gerçək...

Merkel barədə bilinməyən 10 gerçək...
23:05 13 Dekabr 2015
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İlin adamı"nın film kimi həyat hekayəsi

"Hitlerin qızı"ndan kanslerliyə gedən inanılmaz yüksəliş 

Ötən həftə Almaniya kansleri Angela Merkel ABŞ-ın nüfuzlu "Time" jurnalı tərəfindən "İlin adamı" seçildi. Onsuz da dünyanın siyasi gündəmində populyar olan Merkel yenə də birinci sırada qərarlaşdı. Merkelin bu ada layiq görülməsinin səbəbləri il ərzində siyasi, iqtisadi hadisələrin, eləcə də miqrant böhranı ilə bağlı tənqidlərin mərkəzində olması ilə əlaqədardır. "İlin adamı" nominasiyasında Almaniya kanslerinin rəqibləri Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, İŞİD lideri Əbu Bəkr əl Bağdadi və ABŞ prezidentliyinə namizəd Donald Tramp olub.

Qeyd edək ki, ötən il "İlin adamı" tituluna "Ebola" virusu ilə mübarizə aparan şəxslər layiq görülüb.

KEŞİŞ QIZI DOĞULUR VƏ ... 

Bu isə bizə "dəmir ledi", "Hitlerin qızı", "Boz mirvari", "Sakit güclü", "Helmut Kolun qızı" kimi ünvanlara sahib Merkelin siyasi karyerasına yenidən bir nəzər salmağı mütləq etdi. Dünyaya gəlişindən ta bu günə kimi. Nələr edib, sevincləri, qorxuları, həyəcanları... 

Öncə bir qədər quru, statistik məlumatlar. Merkel Almaniya siyasətçisi və görkəmli dövlət xadimidir. Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005). O, hər iki vəzifəni tutan ilk qadındır. 

1954-cü il iyulun 17-də Hamburqda Kasnerlər ailəsində dünyaya gəlib. Angelanın atası Horst Kasner Lüteran keşişi, anası Herlind isə Almaniya Sosial-Demokrat Partiyasının üzvü, ingilis və latın dili müəlliməsi idi. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə Alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund - Nordvorpommern - Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. 

Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994-1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) - ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.

2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və SDP partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri oldu.

Bütün bunlar, dediyimiz kimi, quru, statistik bilgilərdir. 

İndi keçək Merkelin əsas dünyasına. Uzaqdan soyuq, boz... qadın təəssüratı yaradan Angela xanımın həyatının gizlinləri, qorxuları, sevincləri nələrdir? Bununla bağlı Rusiyanın inosmi.ru saytı "Angela Merkel barədə bilinməyən 10 fakt" başlıqlı maraqlı bir yazı hazırlayıb. Milli.Az musavat.com-a istinadən onu sizlərə təqdim edir. 

BU QADIN SMS-LƏRƏ BAYILIR 

Bəli, yanlış anlamadınız. Angela Merkel mesajlaşmağı sevir. Gün ərsində öz işçilərinə onlarla mesaj yollayır və səbirsizliklə onlardan gələn cavabları gözləyir. Telefonu hər zaman səssiz rejimdə olsa da, mesajlara qarşı çox diqqətlidir. Ona xüsusən də mətbuat xidmətinin yeni xəbərlərin xülasəsindən ibarət mesajlar xoş gəlir. Onlar gün ərzində orta hesabla 70 ədəd olur. Ümumiyyətlə, kanslerlə əlaqə saxlamağın ən optimal yolu mesajlaşmaqdır. Səsli mesajları isə kansler ləğv edib. O, qorxur ki, səsli mesajları nəzərdən qaçıra və ya onları cavabsız qoya bilər. Elektron ünvandan isə təhlükəsizlik baxımdan ümumiyyətlə istifadə etmir. Bundan başqa, onun noutbuku yoxdur. Texnikadan "yeganə dostu" iPad-dır ki, onun köməyi ilə xəbər saytlatını və birja yeniliklərini izləyir. 

O, AMERİKAYA HEYRANDIR 

Almaniya kansleri yeniyetməlik yaşlarından etibarən Amerikaya heyrandır. Necə deyərlər, bir Amerika sevdalısıdır. Bu haqda o, 2009-cu ildə Amerika Konqresindəki çıxışı zamanı etiraf edib: "Məni hər zaman amerikan arzusu cəlb edib. Hər kəs üçün uğura çatma imkanı, öz gücünə arxalanaraq hədəfə çatmaq əzmini sevmişəm". 

Berlin divarının aradan götürülməsinə qədər o, düşünürdü ki, heç olmasa 60 yaşına qədər ABŞ-da olmaq şansını qazanacaq. Şərqi Almaniya vətəndaşları üçün qərbə getmək demək olar ki, qeyri-mümkün idi. Hakimiyyət onların qaça biləcəyindən ehtiyatlanırdı. Onlar sərhəddən çıxmağa ancaq təqaüd yaşına çatanda icazə qazana bilirdilər. 

Amma onun təqaüd yaşını gözləməsinə ehtiyac qalmadı. 1990-cı ildә məzuniyyətini keçirmək üçün Kaliforniyaya getdi. Özü də tək yox, İoaxim Zauerlə. Həmin vaxt onlar evli deyildilər:  "Biz ilk dəfə Sakit okeanı görəndə keçirdiyimiz hissləri təsvir etməkdə acizik. Bu, sadəcə möhtəşəm idi". 

O, QƏRBİ ALMANİYADA DOĞULUB 

Stereotiplərin əksinə olaraq, kansler Hamburqda, yəni, Almaniyanın qərbində dünyaya gəlib. Bununla belə, doğulandan iki ay sonra o, anası və atası ilə Almaniyanın şərqinə getməyə məcbur olub. 

O, İTLƏRDƏN ÇOX QORXUR 

Onu bu dünyada qorxudan dəhşətə gətirən yeganə şey itlərdir. Bu barədə özü 2012-ci ildə verdiyi müsahibəsində bildirib. Hər şey 1995-ci ildə qonşusuna ov itinin hücum etməsi ilə başlanıb. Onun fobiyasının sərhədləri o qədər böyüyüb ki, xaricə səfər zamanı hər zaman təhlükəsizlik xidməti bu nüansa diqqət yetirir. Çalışırlar ki, kanslerin gəlişi münasibətilə yaxınlarda bir dənə də olsun it olmasın. Bu qaydaya hamı əməl edir, Putindən başqa. Məhz bu səbəbdən onların münasibətlərində gərginlik hər zaman müşahidə olunur. Belə ki, 2007-ci ildə Putin onu Krımdakı yay rezidensiyasına dəvət edib. Onlar fotoqraflar üçün birgə poz verəndə otağa Putinin Koni adlı iti daxil olub. Merkel sakitliyini qorumağa müvəffəq olsa da, gərgin olduğu hiss olunub. Bunun üstünə Putin "it sizi qorxutmur?" deyə ona istehza ilə gülüb. Bundan bir il öncə isə Putin ona bir it hədiyyə etmişdi ki, bu da münasibətlərdəki soyuqluğu daha da artırmışdı. 

O, ALMAN "KOMSOMOL"UNUN KATİBİ BƏ TƏBLİĞAT ÜZRƏ ƏMƏKDAŞI OLUB 

Valideynləri Angela Merkeli məcbur eləməsələr də, o, özü ikinci sinifdə oxuyanda pioner sıralarına qoşulub. Bunun ardınca isə Azad Alman Gəncləri İttifaqına daxil olub və universitetlərdəki dərsləri zamanı təşkilati məsələlərlə də məşğul olub. O, katib və təbliğat üzrə fəaliyyət göstərib. Amma o, özü heç zaman bu komsomol keçmişi barədə heç yerdə danışmayıb. 

O, FRANSIZ DİLİNİ YARIMÇIQ ÖYRƏNİB 

Fransada keçirilən tədbirlədən birində Angela Merkel bildirib ki, gənclər Almaniyanın tərəfdaşı olan Fransanın dövlət dilini öyrənməlidir. Hətta özü bu dili öyrənmədiyi üçün təəssüf hissi keçirdiyini də etiraf edib. İngilis və rus dillərini bilən Merkel bildirib ki, rus dili məktəbdə onun sevimli dərsi olub. Bununla yanaşı, gəncliyində fransız dilini də öyrənməyə cəhd edib. Ta ki, müəllimi bir kanadalı qadınla evlənib, qərbə qaçana qədər. Angela da onu əvəzləyəcək başqa pedaqoq tapmayıb. 

ONUN KOMANDASINDA ANCAQ "OĞLANLAR"DIR

İki əsas məsləhətçisi qadın olsa da, Angela Merkel hər zaman karyera vəd edən, gənc oğlanlarla işləməyə üstünlük verib. Onun bütün əməkdaşları yüksək təhsil və qabiliyyətləri ilə fərqlənirlər. Komandasının ən məşhur işçiləri sırasında isə Ulris Vilhelm yer alıb. Keçmiş mətbuat katibi. Eləcə də Şteffen Zayberq. Onların hər ikisi jurnalistikadan gəlmişdilər və parlaq jurnalistika karyeraları ilə fərqlənirdilər. 

MERKEL YAŞADIĞI MƏNZİLİN SAHİBİ DEYİL 

Sələflərindən fərqli olaraq, Angela Merkel kansler üçün ayrılmış xidməti mənzilə köçməkdən imtina edib və Berlinin mərkəzində əri İoahim Zauerlə yaşadığı böyük mənzildə qalmağa davam edib.Bununla yanaşı, o, həmin mənzildə ancaq kirayənişindir. Onun bu hərəkətinin analoqu həqiqətən də yoxdur. Nə Fransada, nə də İngiltərədə. Amma bu evə indiyə qədər bir jurnalistin belə ayağı dəyməyib. Bu, kanslerin həyat prinsiplərindən biridir. 

O, FİZİKLƏRİ SEVİR 

Angela Merkel ixtisasca fizikdir. 1986-cı ildə çox yüksək səviyyədə dissertasiya müdafiə edib. Təhsil illəri zamanı o, ilk sevgisini - Ulrix Merkeli tanıyıb. 1977-ci ildə evlənsələr də, nikahda xoşbəxt olmayıblar. Merkelin sonradan dediyinə görə, əri həddən artıq ev adamı olub və onlar uyğunlaşmayıblar. 
Merkel daha sonra başqa bir fizikə  - İoaxim Zauerə vurulub. O da kvant kimyası sahəsində mütəxəssis olub. O, İoaximlə Berlin divarlarının çökməsindən illər sonra evlənib. Merkel və Zauer rəsmi nikaha 1998-ci ilin 30 dekabrında giriblər. O vaxta qədər bir müddət vətəndaş nikahında yaşayıbıar. 

HƏRDƏN SOYUQQANLILIĞINI İTİRİR

Angela Merkel bütün situasiyalarda soyuqqanlılığını qoruması ilə ad qazanıb. Amma bununla belə onu da təbdən çıxarmaq mümkündür. Yuxarıda o hallardan birini yazdıq - it qorxusu. Amma bununla belə əsəblərini qoruya bilməyəndə işçilərinin üstünə qışqırması, əsəbi reaksiyalar verməsi də bilinən hallardandır. 

FİLM KİMİ QADIN... 

Almaniyanın Baş naziri Angela Merkelin həyatı dram filmi olacaq. Film 2017-ci ildə ekranlara gələcək. Filmin ssenarisi yazıçı Dirk Kurbjuweit tərəfindən yazılıb. Merkelin ovsunlayıcı bioqrafiyası olduğunu deyən ssenarist Merkelin həyatını izah etməyin vaxtının gəldiyini qeyd edib.
Angela Merkeli illərdir yaxından təqib etdiyini deyən Kurbjuweit Merkelin insani tərəfləri ilə yanaşı, Baş nazir olaraq on ildən çoxdur mediayla xoş dialoqda olmasına da diqqət çəkib. Kurbjuweitin fikrincə, Merkel dövrümüzün ən həyəcanlı siyasətçisidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR