Geosiyasət geri döndü. Rusiya zəifləyəcək, Türkiyə hücuma keçəcək

Geosiyasət geri döndü. Rusiya zəifləyəcək, Türkiyə hücuma keçəcək
07:17 14 Dekabr 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+

"Stratfor" qlobal məlumat şirkətinin təsisçisi Corc Fridman 2009-cu ildə XXI əsr üçün proqnozların yer aldığı bir kitab nəşr etdirdi. Fridmanın xüsusi proqnozlarının doğru olub-olmadığından asılı olmayaraq, onun bu kitabda gələcəkdə əsas qüvvə kimi adlarını çəkdiyi ölkələrdə köhnə geosiyasət geri qayıdır.

Tanınmış analitik Leonid Berşidski The Bloomberg View-da dərc olunmuş "If World Slips Toward War, Blame Leaders' Imaginations" yazısında bildirir ki, Fridmanın geosiyasət anlayışı bugünkü dünya ilə üst-üstə düşməyə bilər. "Növbəti 100 il" (ing. "The Next 100 Years" ) kitabının rus dilinə tərcüməsini nəşr edən biri kimi deyə bilərəm ki, bu kitabda elə cümlələr olurdu ki, onları oxuyarkən gülməmək əldə deyildi. Əsrin ortalarında biri ABŞ və Polşa, digəri isə Türkiyə və Yaponiya tərəfindən idarə edilən iki blok arasında dünya müharibəsi olacağını təsəvvürə gətirmək olmurdu. 2009-cu ildə dünya müharibəsindən söhbət gedərkən antiutopiya romanları, ya da sui-qəsd nəzəriyyələri yada düşürdü.

İndi isə bu proqnozlara gülməyə dəyməz. Müharibələr və siyasi münaqişələr liderlərin dünyagörüşündən yaranır. Öz ölkələrinin maraqlarını böyük ərazilərin idarəsində və genişlənməkdə, hərbi güc vasitəsilə nüfuza sahib olmaqda görən yüksək vəzifəli siyasətçilər maraqlarını qorumaq və irəli aparmaq üçün ənənəvi vasitələrə qayıdacaqlar. Buna müharibə də daxildir.

Ötən il Rusiya prezidenti Vladimir Putinin Krımı ələ keçirməsindən sonra "Geosiyasət geri döndü" başlıqlı məqalələr də artdı. Həmin məqalələrdə vurğulanırdı ki, Qərb Rusiyanın soyuq müharibədə şərtləri istəksizcə qəbul etməsini heç vaxt məğlubiyyət kimi görməməli idi. Halbuki Fridman eyni şeyi beş il əvvəl demişdi. Putin hələ o vaxtlar prezident belə deyildi və ABŞ Rusiya ilə əlaqələrini yenidən qurmağa çalışırdı. Corc Fridman kitabında yazır:

"Sadə bir faktı, Rusiyanın parçalanmadığını nəzərə alsaq, görərik ki, Rusiyanın geosiyasi problemi yenidən ortaya çıxacaq. Yeni münaqişə soyuq müharibənin təkrarı olmayacaq, necə ki, birinci dünya müharibəsi Napoleon müharibələrinin təkrarı deyildi. Rusiyanın əsas sualı ilə belədir: Əgər Rusiya vahid suveren dövlətdirsə, sərhədləri harada yerləşəcək və qonşuları ilə əlaqələri necə olacaq? Bu sual dünya tarixində 2020-ci ildən başlayaraq növbəti mərhələni təmsil edəcək".

Bu proqnozunda haqlı çıxan Fridman sadəcə münaqişənin formasını görə bilməmişdi: hibrid Rusiya-Ukrayna müharibəsi. Fridmanın haqlı çıxmasının səbəbi o idi ki, Putin də onunla eyni şəkildə düşünür. Rusiya lideri üçün düşmən Qərbə qarşı buferlər yaradılması və ölkəsinin işğala qarşı müdafiəsinin gücləndirilməsi konkret məqsədlərdir.

Fridman 2020-ci ilə doğru bu düşüncə tərzinin artacağı ölkələri də düzgün müəyyənləşdirir. Bu ölkələr arasında ən önəmliləri isə Türkiyə, Polşa və Yaponiyadır.

Fridman Türkiyəni Yaxın Şərqdə "xaos içərisində stabil platforma" və regionun inkişaf etməkdə olan hakim qüvvəsi kimi təsvir edir. Hal-hazırda vəziyyət tam da bu cür deyil - prezident Rəcəb Tayyip Ərdoğanın hakimiyyətin möhkəmləndirilməsi üçün göstərdiyi səylərə baxmayaraq, Türkiyə daxilən stabil deyil; Səudiyyə Ərəbistanı və İran kimi digər regional qüvvələrlə müqayisədə isə üstün deyil. Prezident Ərdoğan çıxışlarında qisas və imperiyanın geri qaytarılması, ölkənin sünni müsəlman dünyasında qabaqcıl qüvvəyə çevrilməsindən danışır. Baş nazir Əhməd Davudoğlu da bir neçə dəfə bu məqsədləri ifadə edib. 2012-ci ildəki çıxışlarından birində dediyi kimi: "1911-1923-cü illər arasında itirdiklərimizi geri qaytaracaq, 2011-ci ildən 2023-cü ilə qədər geri çəkildiyimiz torpaqlarda yenidən qardaşlarımızla birləşəcəyik".

Polşaya gəldikdə isə, Fridman belə düşünür ki, bu ölkə zəifləməkdə olan Qərbi Avropa qüvvələrinə üstün gələrək Şərqi Avropa blokunun mərkəzinə çevriləcək. Bu fikir 2009-cu ildə mənasız səslənirdi: həmin dövrdə baş naziri Donald Tusk olan Polşa Avropa İttifaqının itaətkar üzvü idi və Almaniya ilə güclü əlaqələr qurur, Aİ qurumlarında daha böyük rol oynamağa ümid edirdi. Tusk indi Avropa Şurasının prezidentidir. Polşada hakimiyyətə gələn sağçı Qanun və Ədalət partiyası ölkənin maraqlarına başqa cür yanaşır. Yaroslav Kaçinski və müttəfiqləri ABŞ-la güclü hərbi ittifaqa, Amerikanın Şərqi Avropadakı hərbi bazalarına və Polşanın milli dirçəlişinə inanan qəti avroskeptiklərdir. Polşa Şərqi Avropa ölkələri arasında suriyalı qaçqınları rədd edənlər arasında başda gedir. Hakim partiyanın siyasi proqramında geosiyasətin XXI əsrdə beynəlxalq əlaqələrin əsas modelinə çevrildiyi yazılır.

Fridman Yaponiyanın böyük iqtisadiyyatı olmasına baxmayaraq, geosiyasi rolunun daha zəif olduğunu yazır: "Militarizm tarixi olan Yaponiya həmişəki kimi əhəmiyyətsiz pasifist bir qüvvə olaraq qalmayacaq. "Həqiqətən də, Yaponiyanın baş naziri Şinzo Abe ölkənin qlobal nüfuzunu artırmaqda qətiyyətlidir. Buna misal olaraq, onun 1945-ci ildən bəri ilk dəfə hərbi qüvvələrin ölkədən kənarda döyüşə girə bilmələrini mümkün etməsini göstərmək olar. 2009-cu ildə belə bir dəyişikliyin proqnozunu vermək heç də asan deyildi.

Fridmanın proqnozları arasında Türkiyənin Qafqaza, Polşanın da Qərbdə Rusiyanın nüfuz dairəsinə girməsi ilə Rusiyanın təxminən 2020-ci ildə parçalanması da var. Bu proqnoza görə, ABŞ yeni böyük qüvvələri dəstəkləyir, ona görə ki, onlar Amerikanın müttəfiqləri, Rusiya isə düşmənidir. Ancaq sonra Türkiyə ABŞ-a qarşı Yaponiya ilə müttəfiq olur. Bütün bunlar real görünmür. Fridman özü də etiraf edər ki, on illər əvvəldən proqnoz vermək çətindir. Ancaq yenə də qəbul etmək lazımdır ki, Rusiya, Türkiyə, Polşa və Yaponiya liderləri geosiyasi düşüncələrlə hərəkət edərlərsə - belə görünür, edirlər - Fridmanın qabaqcadan gördüyü nəticələr mümkün ola bilər.

Geosiyasət dünyasında dəyərlərə əsaslanan siyasət izlənilməsi getdikcə çətinləşir. Fridman öz proqnozlarında köhnə Avropanı nəzərə almasa da, hələ ki, bura qeyri-geosiyasi qərarların verildiyi, danışıqların aparıldığı və hərbi düşüncə tərzindən daha çox iqtisadiyyata üstünlük verildiyi dayaq nöqtəsidir. Bura tərk edilməsi lazım olan köhnə bir yük yox, gələcəyin avropalılarının və məsuliyyətli siyasətçilərinin qoruması lazım olan fərqli bir versiyasıdır.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR