Qadına azadlıq verilməyəndə...

Qadına azadlıq verilməyəndə...
07:37 14 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Həmişə mübahisəli məsələ olub: qadına azadlıq vermək lazımdır, yoxsa yox? 

Bəziləri deyir ki, qadını özbaşına buraxsan, çox hoqqadan çıxar. Bəli, məhz belə deyirlər. 
Bəziləri isə qadına azadlıq verir, çünki ona güvənir, inanır. Çünki özü azad insandır. 
Mən isə düşünürəm ki, bütün hallarda qadına azadlıq vermək lazımdır ki, ondan necə istifadə edildiyini bilsin. Əgər bu azadlığı siz özünüz ona verməyəcəksinizsə, o, özü bunu əldə etmək üçün heç də doğru olmayan yollara əl ata bilər. Siz ayılanda isə gec olar...

Məsələn, bir dostum danışır ki, tanıdığı bir qız var. İkinci kurs tələbəsidir. Ona çox qadağalar qoyulub: onu geyinmək olmaz, ora getmək olmaz və sairə. Evin qayda-qanununa görə qız 6-dan sonra mütləq evdə olmalıdır. Bu qaydaları qoyan ata isə, necə deyərlər, içən, çəkən, qonşunun arvadına, qızına söz qoşan bir kişi tipidir. Bütün bunları özünə dərd edən qız isə acığa axşam saat 6-ya qədər edə biləcəyi nə varsa edir; o da içir, çəkir, oğlan dostları isə görüşür, onlarla cinsi münasibətdə olur. Ailəsi bir də ayılır ki, qızları universitetin ödənişini ödəməyib və onu qovurlar. Onlar isə qızı birdəfəlik evə həbs ediblər. Elə bilirlər ki, bu, çıxış yoludur və onu ömrüboyu dörd divarın arasında saxlaya biləcəklər.

Şahidi olduğum daha bir hekayə. Qonşuluqda vəhhabi olduğunu dedikləri bir oğlan yaşayırdı. Bir müəllimə qız ilə evlənmişdi. Amma evlilikləri uzun çəkmədi. Ayrı düşüncə sahibi olmaqları onları tezliklə ayırdı. Oğlan da bir müddət sonra dostunun 15 yaşlı bacısı ilə evləndi. O qızdan razılıq belə almadılar. Razılığı olmadan qara çadraya bürüdükləri kimi... Qıza işləmək də qadağan idi, evdən bayıra çıxmaq da. Əri onun yeməyini, içməyini gətirəcəkdi, o da "şadlığına şıllaq atmayacaqdı". Nəticədə isə evin kişisi bir gün evə tez gələndə arvadını başqa kişiylə bir yataqda gördü. Ondan da ayrıldı. Nə özü xoşbəxt oldu, nə də o qadın...



Filosof Oşo yazır ki, indiki qadın həqiqi qadın deyil. İllərlə zülmə, basqıya məruz qalan bir cinsin davamçısıdı. Qadın ürəyi dəlmə-deşik olanda təkcə özü yox, kişi də məyus olur. Çünki kişiyə həyat verən qadındır. İçi darmadağın olan bir insan kimi xoşbəxt edə, həyat verə bilər ki? Təbii olaraq onun övladları da xoşbəxt olmur.

Qadının qurtuluşa ehtiyacı var. Azadlıq qadına qadınlığını qaytarır. O, azad olan zaman qadına oxşamağa başlayır.

Azadlıq kişini imitasiya etmək deyil. Hazırda məhz bu dövr yaşanır. Azadlığı gec əldə edən qadın hər şeydə kişiylə ayaqlaşmağa çalışır. Hər şeydə kişiylə eyni olmaq istəyir və beləliklə, qadın ikinci növ kişiyə çevrilir. Bu, azadlıq, qurtuluş deyil. Bu, daha dərin köləlikdi.

Qadın azad olmadıqca mübarizə aparacaq. Ancaq bu mübarizə açıq döyüş deyil. Gizlindi, qadınsayağıdı. Qadın zərbələr endirir, bu yumruq zərbələri deyil. Ağlayacaq, üzüləcək, əzab çəkəcək. Qadının göz yaşları və üzgünlüyü ən güclü kişini də zəiflədəcək. Beləliklə, kişi bütünlükdə qadından asılı duruma düşəcək. Onlar bir-birini asılı, kölə, bədbəxt edəcəklər.

Nəticə belə olacaq: zərif, incə bir qadın güclü bir kişini dabanaltı edəcək.

Qadına azadlıq vermək lazımdı. Qadın azadlığa qovuşmayınca kişi də azadlığına qovuşmur. İki azad varlığın bir araya gəlməsindən üstün heç nə yoxdu.

Ən əsası isə, kimisə köləyə çevirən insan özü də kölədir.

Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR