Azərbaycanda cərimələr 60 dəfəyədək artırılır

Azərbaycanda cərimələr 60 dəfəyədək artırılır
09:41 14 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cərimələr 60 dəfəyədək artırılaraq 30 min manatadək yüksəldilir.

Milli Məclisdən verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibatı Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.

Hazırkı məcələyə əsasən, qanunsuz olaraq, özəl tibbi fəaliyyətlə məşğul olanlar üçün 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir.

Yeni layihəyə görə, lisenziyasız özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10 000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 30 000 manatadək cərimələnəcəklər.

Azərbaycanda heyvanları şikəst və ya tələf edənlər də böyük məbləğdə cərimələnəcəklər. Layihəyə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.

Hazırkı məcəllədə yalnız lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə cərimə var. Bu hala görə fiziki şəxslər 200 manatdan 500 manatadək miqdarda, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək miqdarda, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək miqdarda cərimə edilir.

Yeni layihəyə görə, qurumuş bitkilərin heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılması, heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsi, heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulması və s. heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması halları hesab ediləcək. Bu hallara görə fiziki şəxslər 500-700, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 5500-7000 manat miqdarında cərimələnəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR