Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti, bəstəkar Tofiq Bakıxanovun 85 illik yubileyi çərçivəsində qala-balet gecəsi keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüksək zövqlə səhnələşdirilən tamaşalar üçün rəngarəng dekorasiyalar hazırlanıb. Gecədə görkəmli bəstəkarın “Xəzər balladası”, “Xeyir və Şər” və “Şərq poeması” birpərdəli baletləri nümayiş olunub. Təqdim olunan səhnə əsərləri maraqla qarşılanıb.
Qeyd edək ki, 1930-cu ildə Bakıda Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alaraq, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. Sənətkar musiqili komediyalarla yanaşı, bir sıra baletlər və simfonik əsərlərin müəllifidir.