x
Loading...

Qara Qarayev: “Ailədə hamı Ağayevdi, təkcə məndən başqa” - PRESSİNQ

Qara Qarayev: “Ailədə hamı Ağayevdi, təkcə məndən başqa” - PRESSİNQ
11:49 30 Dekabr 2014
173 İdman
Ölkə mətbuatı
A- A+

"Atam pianonu ikinci mərtəbədən yerə atdı ki, yer tutur”

 

Lent.az-ın “Pressinq” layihəsinin budəfəki qonağı “Qarabağ”ın və Azərbaycan yığmasının istedadlı futbolçusu Qara Qarayevdi. Ölkəmizdə 2014-cü ilin ən yaxşı oyunçusu seçilən Qara oxucuların sosial şəbəkə vasitəsilə ona ünvanladıqları sualları cavablandırdı.

 

 

Namiq Sadıqov:

 

- Son günlərini yaşadığımız 2014-cü ili “Qarabağ” və özünüz üçün necə dəyərləndirirsiz?

 

- 2014-cü il mənim həyatımda silinməyəcək iz olacaq, uğurlarıma görə. Bu il “Qarabağ”ın heyətində Avroliqada demək olar ki, bütün oyunlarda çıxış etdim. Ölkə çempionu olduq. İlin ən yaxşı futbolçusu adına məni layiq gördülər. Həqiqətən də, il mənim üçün yaxşı keçdi. Əsas millidə də oynadım. Çalışacam ki, gələn il daha yaxşı olsun.

 

 

Vüsal Yaqublu:

 

- Sizin mövqeyinizdə oynayan əcnəbilər daha çox hücumameylli oynayırlar. Sizdə də o potensial var. Bəs niyə daha çox müdafiəyəmeylli oynayırsız?

 

- Bizim komandada müdafiəçilərdən başqa hamı, yəni öndə olan 6 nəfər hücumameyllidi. Bu gün mən çalışıram ki, Qurban müəllimin verdiyi təlimatı yerinə yetirim. Əgər müdafiəyə meylli oynamağım onu razı salacaqsa, elə oynayacam. Mənə də çox xoş olardı ki, hücuma gedim, qol vurum. Amma meydançada azarkeşlərin dediyini edə bilmərəm. Mən də qabağa getsəm, komanda əks-hücumlar zamanı çətinlik çəkə bilər. Qurban müəllim də deyir ki, Riçard daha çox oynasın irəlidə, sən qabağa getmə. Məndən qol vurmağı tələb etmir. Məndən tələb etdiyi müdafiədən oynamaq, rəqibin hücumlarının önünü kəsməkdi. Oyun ərzində aradabir hücuma getmək imkanı yaranır mənim üçün. Namiq Yusifovla yanaşı oynayanda hücuma daha çox qoşuluram. Amma onunla çox oyunda yanaşı oynamamışam, daha çox Riçardla oynayıram. Buna görə də, hamıda belə bir hiss yaranıb ki, daha çox müdafiədən oynamalıyam.

 

 

Teymur Məmmədov:

 

- Çox futbolçu olub ki, dayaq yarımmüdafiəçisi mövqeyində oynamağın çətin olduğunu bildirərək, mövqeyini dəyişib. Sizə çətin deyil?

 

- Orta xətdə oynamaq çətindi, bütün komanda yoldaşlarınla əlaqədə olmalısan. Həm müdafiəçilərlə, həm ön xətdəki, həm də ki cinah oyunçuları ilə. Elə bir məsafədə yer seçməlisən ki, hamısı ilə eyni bərabərlikdə olasan. Ortada oynayanda riyazi terminlər də lazımdı. Hesablamalısan ki, ön xəttə nə qədər çıxmalıyam, arxada nə qədər olmalıyam. Bir də orta xətdə daha çox məsuliyyət tələb olunur. Müdafiədə sağ cinahdan hücum edirlərsə, sol cinahdakı istirahət edir. Amma yarımmüdafiədə belə bir şansın yoxdu.

 

Emin Həmidov:

 

- “Qarabağ”da olan birlik nədən irəli gəlir: “Qarabağ”ın adından, Qurban Qurbanova olan hörmətdən, yoxsa dinlə bağlıdı bu məsələ?

 

- 3 amilin üçü də var. “Qarabağ”da oynayanda birinci məsuliyyətimizi dərk edirik. İkincisi, dostluq münasibətimiz çoxdu. Üçüncüsü də İslamda bizə necə buyurulubsa, yəni dostluq, qardaşlıq, mehribanlıq, hamısına əmək etməyə çalışırıq. Deyərdim ki, bu 3 komponentin cəmləşməsi “Qarabağ”ın bir ailə kimi formalaşmasına kömək edir.

 

Rəşad Mürsəlov:

 

- Avropanın müxtəlif meydanlarında oyuna çıxmısız. Gənc yaşda soyuqqanlı olmağı necə bacarırsız?

 

- Artıq o həyəcan prosesini keçmişik. Amma yenə də məsuliyyətimiz daha çox olur. Bir də görürsən ki, oyunlara o qədər məsuliyyətlə çıxırıq ki, adamda istər-istəməz həyəcan yaranır. Meydanda sərbəst olmağımda isə U-17 və U-19-un heyətində xaricdə keçirdiyimiz matçların rolu böyükdü. Bir çox beynəlxalq oyunlar oynamışıq. Bir məqamı da qeyd edim ki, “Qarabağ”da bir nəfərin oynaması üçün bütün komanda əlindən gələni edir. Yəni sən top itirəndə, ötürməni düzgün verməyəndə sənə qışqıran, bağıran yoxdu. Bu da futbolçuya çox kömək olur. Topu itirəndə, həyəcanlı vaxtlarında kimsə sənə kənardan bir şey desə, avtomatik olaraq, beynin o istiqamətə yönəlir. Amma bizdə səhv edəndə həm komanda yoldaşlarımız, həm kapitanımız, həm də məşqçimiz mənə dəstək olur. Deyirlər ki, heç nə olmaz, narahat olma, hamı səhv edir. Mənə qarşı bu inam və güvən meydanda sərbəst oynamağıma kömək edir.

 

Rəvan Həmidov:

 

- Kamran Ağayev, Əfran İsmayılov və Rauf Əliyev legioner həyatı yaşamadılar. Siz də onların yolu ilə gedəcəksiz?

 

- Mənim öz yolum var. Digər futbolçulara baxıb, mən ancaq yolumu müəyyənləşdirirəm. Onların səhvlərinin mənə aidiyyatı yoxdu. Tam səmimi deyirəm ki, bu dəqiqə Avropada oynamaq istəyirəm. “Qarabağ”dan getmərəm, getsəm də, karyeram üçün uğurlu ola biləcək kluba gedərəm. Hələ ki, Avropadan real təklif yoxdu.

 

Mahmud Əliyev:

 

- Bir futbolçu kimi çatışmayan cəhətiniz hansıdı?

 

- Bir yox, çox çatışmayan cəhətim var. Yaxşıdan yuxarı hələ ki heç bir keyfiyyətim yoxdu. Futbolçu kimi bütün keyfiyyətlərimdə bir balaca çatışmazlıq var. İstər topla olsun, istərsə də topsuz.

 

Cavid Yusubov:

 

- Ən çox görüb-götürdüyünüz futbolçu kim olub?

 

- “Qarabağ”da təzə-təzə başladığım vaxtlarda həmişə yanında olmaq istədiyim futbolçu Aslan Kərimov idi. Çalışırdım ki, bütün məşqlərdə onun yanında olum və eyni komandada oynayaq. Yəni cütlük təşkil edək ki, mənə başa salsın, göstərsin. Aslan Kərimov futbolu qurtarandan sonra Rəşaddan öyrənmək istəyirəm. Rəşadın, həqiqətən də, futbol biliyi, insanlığı yüksək səviyyədədi. Çalışıram ki, ondan nəsə götürüm. İdealım isə Xavi və İnyesta olub. Müdafiədə oynadığım vaxtlarda isə Maldini və Nestaya pərəstiş edirdim.

 

Yalçın Bayramov:

 

- İndiki bir çox gənc oyunçulardan fərqli olaraq, sadəsiz. Bu nədən irəli gəlir?

 

- Uşaqlıqdan böyüklərimiz bizə belə buyurub ki, futbolçu olmaq asandı. Yaxşı futbolçu olub müəyyən bir yerə gəlib çıxa bilərsən. Eləcə də, başqa sahələrdə yaxşı işçi olmaq asandı. Amma insanlığı qazanmaq çətindi. Mən də qarşıma məqsəd qoymuşam ki, yaxşı, sadə insan olmalıyam. Çünki dünənimizlə müqayisədə bu gün bizim danışmağa haqqımız yoxdu. Dünənimiz çox bərbad idi. Bu gün bir balaca əlimizə imkan düşübsə, bundan istifadə edib nəyisə qabartmaq, özünü kimdənsə üstün tutmaq mənliyimizə zərbə vura bilər. Ən azından, bizi tanıyan insanlar deyər ki, dünənini bilirəm. Bu mənada, ən əsası insan olmalıyıq. O ki qaldı digər cavanlara, heç kim haqda bir söz deyə bilmərəm. Mənim ərkim ancaq dostlarıma çatır. Narazılığımı yalnız müəyyən dostlarıma deyə bilərəm. Digər cavanlara isə tövsiyə edərdim ki, bizdən əvvəl də oynayan ən yaxşı futbolçularımızın karyeralarına nəzər salaq. Görək ki, onlar necə yaşayır, necə davranırlar. Sonra özümüzü analiz edək ki, biz hələ futbol oynamamışıq, hansı hərəkətləri edirik. Məncə, bir balaca düşünsələr, hər şey qaydasında olacaq.

 

Ceyhun Qəribov:

 

- Hansı ulduz futbolçu ilə forma dəyişdirmək istərdiniz?

 

- İstədim Pirlo ilə dəyişdirəm, amma... İtaliya ilə oyunda şans oldu, lakin vermədi (gülürük). Daha doğrusu, məndən qabaq başqa futbolçu ondan forma istədi, vermədi, mən də daha yaxınlaşmadım. Amma onunla forma dəyişdirməyi çox istəyirdim. Deyəsən oyundan öncə bir nəfər Pirlonun formasını “bron” eləmişdi (gülür).

 

İsmayıl Hüseynov:

 

- Qara Qarayev adında bəstəkar olub. Ondan sonra bu ad və soyadda məşhurlaşmaq asandı, ya çətin?

 

- Çətindi. Çünki bizdə futbol hələ kütləvi hal almayıb. İnsanlarda futbola maraq yavaş-yavaş oyanır. İndiyə kimi küçəyə çıxıb soruşsan ki, Qara Qarayev kimdi, deyəcəklər dahi bəstəkar. Amma bu cür dahi şəxsiyyətin adı çəkiləndə “Belə bir futbolçu da var” deməkləri məni çox sevindirir. Onunla qohumluğumuz yoxdu. Mənə bu adı bəstəkar Qara Qarayevə görə qoymayıblar. Qara bizim ailənin kökünə gedən bir addı. Amma ailədə hamı Ağayev soyadını daşıyır, təkcə məndən başqa (gülür). Adım Qara olduğu üçün deyiblər qoy elə soyadı da Qarayev olsun. Amma atam çox istəyirdi ki, mən də musiqiçi olum. Məni uşaq vaxtı pianoya qoymuşdular, lakin həvəsim yox idi. 5-6 aydan sonra atam pianonu ikinci mərtəbədən yerə atdı. Dedi ki, artıq yer tutur. Çünki məşğul olmurdum. Atam nə qədər məcbur etsə də, pianonu mənə sevdirə bilmədi. Amma indi çox istərdim ki, nəsə ifa edə bilim. Bəlkə də bu, qarabağlı olmağımdan irəli gəlir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR