"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
14:12 14 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Zənnimcə, 1921-ci ildə belə müqavilənin hər iki dövlət tərəfindən imzalanması o zamankı geosiyasi şərtlərə görə sərf edirdi. İran özünün sərhədində yaranan və daxildən əhali, yəni etnik kimliyi bəlli olan azərbaycanlılar tərəfindən dəstəklənməməsi üçün, qonşuluqda belə bir dövlətin yaranmamasına görə Rusiya ilə belə bir müqavilə imzaladı. Rusiya tərəfinə də belə bir müqavilə sərf edirdi, çünki özünün geosiyasi yükünə görə Xəzər hövzəsi və Cənubi Qafqaz digər geosiyasi, geoiqtisadi məkanlardan həssaslığına görə fərqlənirdi. Nəzərə alaq ki, XX əsrin əvvəllərində dünyanın bir çox yerlərində, o cümlədən Rusiyanın özündə də karbohidrogen yataqları kəşf edilməmişdi. Odur ki, Xəzər dənizi kimi zəngin neft ehtiyatları ilə zəngin bir bölgəni Rusiya əlindən çıxarmaq istəmirdi və buna da nail oldu. Bunun nəticəsi olaraq ikinci Dünya müharibəsi zamanı Azərbaycan nefti SSRİ-nin 94% ehtiyacını ödəyirdi. Bax, belə aparılan geosiyasi, geostrateji mübarizə, demək olar ki, 20 ildən sonra tam bəhrəsini verdi və bu, rəsmi Moskvanı savaşdan qalib çıxardı.

Daha sonra təxminən eyni məzmunlu müqavilə Rusiya ilə İran arasında 1935 və 1940-cı illərdə imzalanıb. 1991-ci ildə SSRİ imperiyası dağıldıqdan sonra Xəzər hövzəsində Rusiya və İranla yanaşı daha üç dövlət (Azərbaycan, Qazaxıstan və Türkmənistan müstəqilliyini elan edirlər) bölgənin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji oyunçusuna çevrilirlər. Yeni dövlətlərin yaranması Xəzər hövzəsinin və Cənubi Qafqazın planetar baxımdan əhəmiyyətini artırır. Təbiidir ki, Xəzər dənizinin yeni geosiyasi statusu onu karbohidrogen yataqlarının mənsubiyyətinin ilk növbədə 5  dövlət arasında (Xəzərsahili dövlətlər nəzərdə tutulur) müəyyənləşməsi, su hövzəsində iş aparmaq hüququ, dənizdə sərhəd akvatoriyanın  aydınlaşması və razılığa gəlinməsi və s. həllini nəinki gündəmə gətirdi, hətta regionda ən aktual məsələlərdən birinə çevirdi. Odur ki, Xəzər hövzəsinə, onun zəngin bioresurslarına və karbohidrogen ehtiyatlarına bu beş dövlətlə yanaşı beynəlxalq güclər də özlərinin geosiyasi strategiyasını formalaşdırmağa başladılar.

Başlanğıcda Xəzərin bölünməsində fikir ayrılığı əsasən Rusiya, İran və Azərbaycan arasında olsa da, elə mərhum prezident Heydər Əliyevin dövründə Rusiya məsələsi aradan qaldırılmış və Rusiya, Qazaxıstan və Azərbaycan arasında razılığa gəlinmiş, müvafiq sənədlər imzalanmışdır. Hal-hazırda məsələ Türkmənistan və İran arasında çözülməyib. SSRİ parçalandıqdan sonra Xəzərin bölünməsində problem dərhal ortalığa çıxır. Hörmətli professorun fikrinə görə, dənizin statusu ilə bağlı ciddi şəkildə ortaya atılması  regional qarşıdurma yaratmağa xidmət edilməsinə cəhd də göstərildi. Belə ki, 1993-cü ildə Rusiya Xarici İşlər Nazirliyi belə bəyanat verir ki, Rusiya SSRİ-nin yeganə varisi olduğu üçün (imperiya ambisiyaları necə də özünü aydın biruzə verir. Niyə məhz Rusiya? Nəzərə alaq ki, SSRİ dağılana qədər RSFSR-dən savayı, qalan on dörd respublikanın SSRi Konstitusiyasına uyğunlaşmış Konstitusiyası var idi.), İranla bağlanmış 1921 və 1940-cı illər müqaviləsinə uyğun olaraq "Xəzər dənizində həyata keçirilən hər hansı fəaliyyətlə bağlı mütləq şəkildə onun və İranın razılığı alınmalıdır". Varislik məsələsində ruslar 21 dekabr 1991-ci ildə "MDB-nin yaranması" və "SSRİ-nin öhdəliklərinin yerinə yetirilməsi haqqında" sənədlərə istinad edərək göstərirdilər ki, Rusiya SSRİ-nin yeganə varisidir və onun bütün beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini öz üzərinə götürür.

Təzadlara bir fikir verin! 1991-ci il dekabr ayında üç respublikanın prezidentləri (Rusiya, Ukrayna, Belarus) Belarusun Belovejsk istirahət mərkəzində toplaşaraq SSRİ-nin fəaliyyətinə son qoyulması barədə sənəd imzalayırlar, daha doğrusu bu üç respublika SSRİ-nin tərkibindən çıxmaları haqqında bəyanat verirlər. Bu zaman qalan on iki respublikanın bu hadisələrdən heç xəbərləri də olmur. Yalnız bəyanat verildikdən sonra həmin məkandan Qazaxıstan prezidentinə bu barədə məlumat verirlər. Maraqlı olduğu qədər də çox ziddiyyətli proseslər yaşandı, çünki elə həmin ilin mart ayında, yəni bu hadisədən düz səkkiz ay öncə SSRİ-nin saxlanmasına dair referendum keçirilmiş və əhalinin əksər hissəsi buna müsbət cavab vermişdi. Belə qənaətə gəlmək olar ki, (mən də bu qənaətdəyəm, özü də tutarlı faktlar göstərə bilərəm) SSRİ deyilən bir imperiya yarandığı gündən formal xarakter daşıyırdı. Burada zənnimcə "Moskva istədi yarandı, istəmədi dağıldı" prinsipi əsas rol oynayırdı. Azərbaycan Respubliası MDB üzvlüyünə ölkə daxilində və xaricində gedən mürəkkəb geosiyasi oyunları nəzərə alaraq 1993-cü ildə daxil olub.

Xəzər dənizinin statusuna Azərbaycan mövqeyindən baxdıqda isə Əli Həsənov bunu belə izah edir: "Azərbaycan Rusiyanın bəzi bəlli dairələrini qeyri-konstruktiv və imperiya düşüncəli hərəkətlərinə öz konstruktiv təklifləri və beynəlxalq hüquqa söykənən mövqeyi ilə cavab verməyə, Xəzər dənizində həyata keçirdiyi istər beynəlxalq hüquqa, istərsə də Xəzər hövzəsi ölkələrinin söykəndiyi dövlətlərarası hüquqa və praktikaya tam uyğunluğunu sübuta yetirməyə çalışırdı. O israrla sübut edirdi ki, bəzi iddiaların əksinə olaraq bütün hallarda istər Xəzər "qapalı su hövzəsi" hesab edilsin, istər beş ölkənin sərhədində yerləşən "qapalı dəniz" olsun, Azərbaycanın reallaşdırmaq istədiyi layihələri və həyata keçirdiyi fəaliyyəti qətiyyən inkar etmir". (Bax. s. 565-566)

Azərbaycan Xəzər dənizinin statusu ilə bağlı öz geosiyasi və geoiqtisadi mövqeyini həm də onunla əsaslandırırdı ki, SSRİ-nin dağılması, onun yerində Xəzərətrafı dörd yeni dövlətin yaranması və hövzəətrafı beş ölkənin birgə məsələsi olmaqla yanaşı bu həm də beynəlxalq məsələdir. Belə ki, BMT-nin 1982-ci ildə qəbul edilmiş və üzv dövlətlər üçün məcburi hüquqi öhdəlik yaradan "Dəniz hüquqları konvensiyasına" əsaslanaraq görərik ki, Xəzərətrafı beş dövlət bu konvensiyaya sözsüz əməl etməlidir. Konvensiyada qeyd olunur ki, dənizlər və su hövzələri- açıq, yarım qapalı və qapalı olmaqla üç qrupa bölünür. Konvensiya sahildən 12 millik su hövzəsini dövlətin tam "Suveren ərazisi", 200 millik hövzəni onun "İqtisadi suveren ərazisi", ölkələrarası milli sərhədlərini isə qarşı dövlətlə dənizin ortaq xətti üzrə müəyyən edir. Odur ki, Xəzərin statusu kimi süni problemlərin qaldırılması təkcə regionda münaqişələrin, qarşıdurmaların yaranması deyil, həm də planetar oyunçuların bu qarşıdurmalara cəlb edilməsi, aktiv iştirak etməsi deməkdir.

Xəzərin statusuna münasibətdə Rusiya zaman-zaman fərqli mövqe nümayiş etdirib, bu da təbiidir. Yuxarıda qeyd etdiyimiz kimi   iki yüz ilə yaxın bir dövrdə (bu beynəlxalq güclər tərəfindən qəbul olunub) Xəzərdə Rusiya hegemonluq edib və İran tərəfi burada, əsasən ticarətlə məşğul olub. Eyni vaxtda Rusiya Xəzərə təkcə geoiqtisadi prizmadan deyil, həm də geosiyasi və hərbi-geostrateji maraqlar baxımından nəzər yetirib. Bu mənada XX əsrin sonlarında Xəzərin statusu uğrunda mübarizəyə daha üç dövlətin (Qazaxıstan, Azərbaycan, Türkmənistan) qoşulması və özlərinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarını müəyyənləşdirməsi İran tərəfindən olduğu kimi, Rusiya tərəfindən də aqressiv qarşılandı. Bu başa düşüləndir.

Ardı var

Yunus Oğuz

Olaylar.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR