Dekabrın 29-da Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli şairi, tanınmış maarifci Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinə həsr olunmuş “M.Ş. Vazeh təsviri sənətdə və musiqidə” adlı sərgi-konserti keçirilib. Lent.az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin birgə Məhsəti Mərkəzində təşkil etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, tanınmış sənətkarlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərgidə 44 nəfər rəssamın 100-ə qədər yağlı və sulu boya, vitraj, tuş, şüşə, xovlu tikmə ilə işlənmiş rəngkarlıq, boyakarlıq, keramika əsərləri, qədim məişət əşyaları nümayiş etdirilib. Burada görkəmli şair M. Ş. Vazehin həyat və yaradıcılığını əks etdirən əsərlərə daha geniş yer verilib.
E. Vəliyev tədbirdə çıxışında deyib ki, xalq tətbiqi sənət nümunələrinin yaşadılması, gələcək nəslə ötürülməsi üçün hər cür şərait yaradılacaq, yaxın zamanlarda Gəncənin tanınmış rəssamlarının sərgiləri təşkil olunacaq.