Bu gün Rəşid Behbudovun doğum günüdür

Bu gün Rəşid Behbudovun doğum günüdür
14:33 14 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Azərbaycanı səsi, sənəti, fitri istedadı ilə dünyada tanıdan insanların sırasında onun öz yeri, öz çəkisi var. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək, tükənməz məhəbbət qazandırıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 14-ü SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun 100 yaşı tamam olur. Bu münasibətlə unudulmaz sənətkarın yaxınları, sənət dostları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək onu ziyarət edib, məzarı önünə tər güllər düzüblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığından söz açıb. Onun ölməz səsi ilə hələ də qəlblərdə sevilərək yaşamasını diqqətə çatdıran nazir müavini, Rəşid Behbudovun Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixində böyük simalardan biri olduğunu vurğulayıb.
Bildirilib ki, R.Behbudovun Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkildiyi “Arşın mal alan” filmində baş rolda çıxış etməsi və filmin 1945-ci ildə efirə çıxar-çıxmaz, qısa bir zamanda nəinki Azərbaycanda, bütün keçmiş Sovet İttifaqında böyük populyarlıq qazanması onun əsl sənətkarlıq əzmindən xəbər verirdi. Dahi Üzeyir bəyin əsəri və Rəşid Behbudovun məharətli ifası 70 ildir ki, dünyanı fəth etməkdədir.
Nazir müavini deyib ki, Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq bu günlər ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirilir. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə və sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir.
Azərbaycan bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək bildirib ki, XX əsrdə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, estrada musiqisinin simvolu, müstəsna və ecazkar səsə malik R. Behbudovun yaradıcılığında milli və xarici, Şərqlə Qərb, o cümlədən Avropa və Asiya musiqinin, uğurlu sintezi öz əksini tapıb.
Qeyd edilib ki, ecazkar səsə malik Rəşid Behbudov uzaq Hindistan, Latın Amerikası, Avropa və Asiyanın bir çox ölkələrinə uğurlu qastrol səfərləri etmiş az-az sənətkarlardandır.
Daha sonra Xalq Artisti Mübariz Tağıyev çıxış edərək onun səsinin sevgiyə, şəfqətə, saflığa çağırış kimi bütün dünyanı özünə heyran qoyduğunu söyləyib.
Sonda R. Behbudovun həyat yoldaşı Ceyran Behbudova sənətkar haqqında xatirələrini bölüşərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_Resid_Behbudovun_dogum_gunudur-911054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR