Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbə və əməkdaşı Almaniyanın Jade Universitetində keçirilən təlimlərin iştirakçısı olub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, “Mədəniyyətlərarası körpülərin salınmasında ünsiyyətin rolu” mövzusuna həsr olunmuş təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və digər ölkələrin nümayəndələri də təmsil olunublar.
Təlimin məqsədi mədəniyyətlərarası inkişaf prosesində ünsiyyətin rolu, bu sahədə strategiyalarla tanışlıq, ünsiyyət mədəniyyətində istifadə olunan metodlar, eləcə də mədəniyyətlərarası fərqliliklərin müzakirəsindən ibarət idi. Tədbir çərçivəsində Almaniyanın tarixi-mədəni yerlərinə ekskursiyaların təşkili də yaddaqalan olub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.