Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” abidəsi bərpa olunur VİDEO

17:03 14 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki XVIII-XIX əsrlərə aid olan “Günbəzli hamam” tarixi abidəsinin bərpasına başlanılıb. Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta dekabrın 14-də Qubaya gəlib. “Günbəzli hamam” abidəsi ilə yaxından tanış olan səfir həyata keçirilən layihənin xalqlarımız arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd edib.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu 2001-ci ildən etibarən dünyanın yüzdən çox ölkəsində müxtəlif qədim və tarixi binaların, nadir əlyazma və muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üzləşən arxeoloji ərazilərin, eləcə də müxtəlif mədəni irs nümunələrinin qorunmasına dəstək verib.
Xatırladaq ki, “Günbəzli hamam” şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.
1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_seherindeki_XVIII_XIX_esrlere_aid_Gunbezli_hamam_abidesi_berpa_olunur_VIDEO-911136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR