Şərur rayonunun Axaməd kəndində yeni sosial obyektlər istifadəyə verilib

Şərur rayonunun Axaməd kəndində yeni sosial obyektlər istifadəyə verilib
20:03 14 Dekabr 2015
119 Digər
Ölkə mətbuatı
A- A+


Şərur, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır. Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür”.
Bu gün muxtar respublikada Ulu Öndərin siyasi xətti uğurla davam etdirilir. Naxçıvan yeni inkişaf dövrünü yaşayır. Bu dinamik inkişaf bütün bölgələri əhatə edib. Hər il rayon mərkəzləri və kəndlərdə yeni sosial obyektlər tikilərək istifadəyə verilir. Son illər muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda da insanların rahat yaşayışı üçün lazımi infrastruktur yaradılıb. Bu tədbirlərdən Axaməd kəndinə də pay düşüb, bu il kənddə kompleks quruculuq işləri aparılıb.
Kənd yolu yenidən qurulub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 14-də Axaməd kənd yolunun açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib.
Sonra Ali Məclisin Sədrinə yolda aparılan yenidənqurma işləri barədə məlumat verilib.
Bildirilib ki, aparılan tikinti-quruculuq işləri çərçivəsində 4 kilometrlik yola asfalt örtük salınıb. Yol yatağının genişləndirilməsi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini və sakinlərin rahatlığını təmin edib. Yolun üzərində 36 su keçidi qoyulub, 380 metrlik beton kanal çəkilib, kənddaxili yollara 2600 metr məsafədə qum-çınqıl qatı verilib.
Axaməd kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib
Dekabrın 14-də Axaməd kənd tam orta məktəbinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəhid Sədi Əsgərovun məktəbin həyətindəki büstü önünə gül dəstəsi qoyub, açılışı bildirən lenti kəsib.
Tədbirdə məktəbin direktoru Arif Yusifov çıxış edərək deyib ki, bütün zəruri vasitələrlə təchiz olunan məktəb binasında şagirdlərin yaxşı təhsil alması üçün hər cür şərait vardır. Xüsusilə yeni informasiya texnologiyalarının müəllim və şagirdlərin istifadəsinə verilməsi tədrisin mütərəqqi metodlar və yeni tələblər əsasında təşkilinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Axaməd kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni məktəb binasının da istifadəyə verildiyini bildirib, bu münasibətlə müəllim və şagirdləri təbrik edərək deyib: Ölkəmizdə təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu da Azərbaycanın dünya təhsil sistemində öz layiqli yerini tutmasına və ciddi nailiyyətlərin qazanılmasına imkan verir. Bu gün Azərbaycanda gənclərin təhsilin bütün pillələri üzrə hərtərəfli təhsil alması üçün lazımi şərait yaradılmışdır. Hər bir gənc bu şəraitdən istifadə edərək seçdiyi peşə üzrə təhsilini davam etdirmək, əsl vətəndaş kimi yetişmək imkanına malikdir.
Ümummilli liderimiz Heydər Əliyevin “Təhsil sahəsində əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir”, - fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, təhsilli gənclər ölkəmizin milli sərvəti olmaqla yanaşı, həm də onun gələcəyinin təminatçılarıdır. Bu mənada məktəb kollektivlərinin qarşısında mühüm vəzifələr durur. Müəllimlər gənclərə yaxşı təhsil verməli, vətənpərvər böyütməli, onları gələcək həyata hazırlamalıdırlar. Gənclər isə yaxşı təhsil almalı və özlərini ölkəmizin gələcək qurucuları hesab etməlidirlər.
Ali Məclisin Sədri deyib: Vətənpərvərlik hissi hər bir insan üçün həyatda ən dəyərli və qiymətli hissdir. Ona görə də, ilk növbədə gənclərimizə vətənpərvərlik hissi aşılanmalı, onlara qarşılarında duran vəzifələr izah olunmalıdır. Bu gün yaxşı təhsil almaq, yaradılanlardan, qurulanlardan səmərəli istifadə etmək gənclərin qarşısında duran əsas vəzifədir. Dövlətimiz tərəfindən Axaməd kənd tam orta məktəbində yaradılan müasir tədris şəraiti bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Ötən tədris ilində qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə müəllim-şagird münasibətləri düzgün qurulur, tələbkarlıq vardır.
Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib.
Sonra Ali Məclisin Sədri məktəb binası ilə tanış olub.
Məlumat verilib ki, üçmərtəbəli məktəb binası 192 yerlikdir. Burada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kitabxanası uşaqların hərtərəfli bilik almasında və dünyagörüşünün artırılmasında mühüm baza rolunu oynayır. Hazırda kitabxananın fondunda 3418 kitab vardır.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi işləri çərçivəsində yeni informasiya texnologiyaları ilə təminat xüsusi yer tutur. Axaməd kənd tam orta məktəbində də informasiya texnologiyaları tətbiq olunub, kompüter otağında 17 kompüter dəsti quraşdırılaraq internetə qoşulub.
Elektron lövhəli sinfə baxış zamanı qeyd olunub ki, hazırda muxtar respublikanın 221 təhsil müəssisəsi ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi arasında distant dərs keçirilir, şagirdlərə muzey bələdçisi tərəfindən ətraflı məlumat verilir.
Məktəb bütün ixtisaslar üzrə pedaqoji kadrlarla komplektləşdirilib. Müəllimlər ibtidai sinif şagirdlərinin dərslərə hazırlıq səviyyəsini diqqət mərkəzində saxlayır, valideynlərlə mütəmadi görüşlər keçirirlər. Bu il birinci sinfə 11 şagird qəbul olunub. Kimya-biologiya və fizika laboratoriyalarının hər biri müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Hərbi kabinədə də lazımi əyani vəsaitlər şagirdlərin istifadəsinə verilib.
Qeyd olunub ki, Axaməd kənd tam orta məktəbində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinə xüsusi diqqət yetirilir. Bu il məktəbin 2 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Həmçinin ötən tədris illərində bu məktəbi bitirən məzunlar ali hərbi məktəblərdə öz təhsillərini davam etdirirlər.
Ali Məclisin Sədri çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisini düzgün təşkil etdiyinə görə məktəbin hərbi rəhbərinə təşəkkür edib.
Gənclərdə idmana maraq ümumtəhsil məktəblərində formalaşdırılır. Bu zərurət nəzərə alınaraq məktəbdə geniş idman zalı yaradılıb və həyətdə açıq idman qurğuları qoyulub.
Ali Məclisin Sədri müəllimlərlə görüş zamanı deyib ki, ölkəmizdə təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Müasir məktəb binaları tikilib istifadəyə verilir, müəllimlərin əməkhaqqısı artırılır. Axaməd kənd tam orta məktəbində də lazımi tədris şəraiti vardır. Məktəbin müəllimlərindən 1-i “Tərəqqi” medalı ilə təltif edilib. Dövlətimiz tərəfindən bu tədbirlər ona görə həyata keçirilir ki, ölkəmizin gələcəyinə xidmət edən bilikli və vətənpərvər gənclər yetişdirilsin. Pedaqoji kollektiv bu sahədə səylərini daha da artırmalı, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilməlidir.
Müəllim Tamaraxanım Aşurlu göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək deyib ki, təhsilin davamlı inkişaf etdiyi bir ölkədə yaşayıb fəaliyyət göstərmək pedaqoji kollektivi daha da ruhlandırır, onların məsuliyyətini artırır. Axaməd kənd tam orta məktəbində bu cür müasir şəraitin yaradılması gənclərimizin daha bilikli, dünyagörüşlü və vətənpərvər böyüdülməsinə hesablanıb. Hər bir müəllim çalışacaq ki, yaradılan şəraitdən düzgün istifadə edərək göstərilən etimadı doğrultsun.
Məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.
Axaməd Kənd Mərkəzinin açılışı olub
Dekabrın 14-də Axaməd Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kənd mərkəzinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, mərkəzin ikimərtəbəli binasında kənddə fəaliyyət göstərən dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılıb. Burada rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və iclas zalı vardır. Kəndin kitabxanasında müasir şərait yaradılıb, 2077 müxtəlif bədii ədəbiyyat sakinlərin istifadəsinə verilib.
Dərman preparatları ilə təmin olunan baytarlıq məntəqəsinin fəaliyyət göstərməsi kənd əhalisi üçün xüsusi əhəmiyyət kəsb edir. Baytarlıq xidməti işçiləri mal-qaranın sağlamlığının qorunmasını diqqət mərkəzində saxlayır, mütəmadi olaraq təsərrüfatlarda dezinfeksiya işləri aparırlar.
Rabitə evində abonentlərə keyfiyyətli telefon və internet xidməti göstərilir. Burada poçt əməliyyatlarının, kommunal və bank ödənişlərinin aparılması, gündəlik dövri mətbuat, danışıq və internet kartlarının satışı təşkil edilib.
Feldşer-mama məntəqəsində müdir, mama və manipulyasiya otaqları istifadəyə verilib. Məntəqədə müayinə və ilkin tibbi yardımın göstərilməsi üçün lazımi avadanlıqlar qoyulub.
Ali Məclisin Sədri insanların sağlamlığının qorunması və səhiyyə maarifi işinin aparılması ilə bağlı tapşırıqlar verib.
Kənd mərkəzindəki iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün şərait vardır.
Axaməddə Xidmət mərkəzi istifadəyə verilib
Xidmət mərkəzləri kənd sakinlərinin zəruri məişət tələbatlarının ödənilməsi baxımından olduqca əhəmiyyətlidir.
Dekabrın 14-də Axaməddə yeni Xidmət mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xidmət mərkəzinin açılışını edib.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mağazalarda gündəlik tələbata uyğun ərzaq məhsulları, məişət avadanlıqları və təsərrüfat mallarının satışı təşkil olunub. Mərkəzdə 5 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Axaməd kəndi tamamilə yenidən qurulmuş, kənd üçün vacib olan bütün sahələri əhatə edən yeni sosial obyektlər tikilib istifadəyə verilmişdir. Kəndin bərəkətli və məhsuldar torpaqları vardır. Əkinçiliyin və heyvandarlığın inkişafı üçün lazımi şərait yaradılıb. Artıq Axaməd kənd sakinləri rayon mərkəzinə getmədən gündəlik problemlərini öz kəndlərində həll edəcəklər. Dövlətimiz bu işləri ona görə görür ki, insanlar rahat yaşasın, gələcəyimiz olan uşaqlar müasir şəraiti olan məktəblərdə təhsil alsınlar. Sakinlərin də üzərinə düşən vəzifə yaradılan şəraitdən səmərəli istifadə etməkdir. Kənddə təsərrüfatlar genişləndirilməli, bol məhsul istehsal olunmalıdır. Çünki təsərrüfatlar inkişaf etdikcə əhalinin yaşayış şəraiti daha da yaxşılaşacaq, muxtar respublikanın ərzaq təhlükəsizliyi möhkəmlənəcək, ölkəmizin iqtisadi gücü artacaqdır.
Kərəm Aşurov kənd sakinləri adından minnətdarlıq edərək deyib ki, bu gün ölkəmizdə şahidi olduğumuz inkişaf və tərəqqi ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin bəhrələridir. İndi muxtar respublikanın ən ucqar kəndində də bu inkişaf və tərəqqinin şahidi oluruq. Sevinirik ki, bu gün Axaməd kəndi də müasir görkəm alaraq inkişaf etmiş yaşayış məntəqələri sırasına qoşuldu. Bütün bunlar əhalinin firavanlığına və rahat yaşamasına şərait yaradır, insanları doğma yurduna daha sıx tellərlə bağlayır. Kənd adamları yaradılan şəraitdən ruhlanaraq təsərrüfatlarını daha da genişləndirəcək, muxtar respublikanın inkişafına öz töhfələrini verəcəklər.
* * *
Kəndin rabitə və elektrik enerjisi təchizatının dayanıqlılığı da təmin olunub, 2850 metrlik fiber-optik kabel, 6950 metr uzunluğunda rabitə və 2 kilometr məsafədə yeni elektrik verilişi xətləri çəkilib. Həmçinin yeni tikililərə 250 metr uzunluğunda qaz xətti çəkilib, 1200 metr qaz xəttinin yeri isə dəyişdirilib.
“Şərur-3” MMC-nin yeni istehsal sahəsi fəaliyyətə başlayıb
Muxtar respublikada sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılıb, əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. İstifadəyə verilən yeni müəssisələr özəl bölmənin inkişafına təkan verib, yerli istehsalın həcmi artıb. Bu sahədə görülən işlərin davamı olaraq “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal sahəsi fəaliyyətə başlayıb.
Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni istehsal sahəsinə baxıb.
Sahibkar Fikrət Əhmədov məlumat verib ki, ümumi sahəsi 4950 kvadratmetr olan müəssisə üçün yeni bina tikilib, ən müasir istehsal avadanlıqları quraşdırılıb. Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılan kredit və şəxsi vəsait hesabına yaradılan müəssisədə emal bölməsi, istehsal, qablaşdırma, meyvə və bitki cövhərlərinin saxlanılması sahələri, laboratoriya, iş otaqları, hazır məhsul və xammal anbarları vardır. İstehsal prosesi tamamilə avtomatlaşdırılıb.
İstehsal gücü saatda 2 min butulka olan müəssisədə 14 çeşiddə araq və 3 çeşiddə likör istehsal olunur. Xammal kimi muxtar respublikada bitən və yetişən kəklikotu, baldırğan, zirinc, qara tut, heyva, şaftalı, ərik və albalıdan, eləcə də yüksək keyfiyyətli spirtdən istifadə olunur. Məhsul gümüş filtrdən keçirilərək standartlara uyğun süzülür. 100, 250 və 500 millilitrlik şüşə butulkalarda qablaşdırılan içkilər lazımi laboratoriya analizlərindən keçirildikdən və keyfiyyətinə müvafiq qaydada zəmanət verildikdən sonra satışa buraxılır.
Ali Məclisin Sədri istehsal prosesinin ardıcıl texnoloji tələblər əsasında aparılması, keyfiyyətə daim nəzarət edilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac imkanlarının yaradılması barədə tapşırıqlar verib.














Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serur_rayonunun_Axamed_kendinde_yeni_sosial_obyektler_istifadeye_verilib-911231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR