Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olub

Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü olub
10:52 15 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP və Azərbaycanın neft-qaz sahəsində aparıcı şirkət olan SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi (BANM) arasında müqavilə imzalanıb. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM-in rektoru Elmar Qasımov bildirib ki, müqaviləyə əsasən, Ali Məktəb SAP Universitetlər Alyansının üzvü olub: "Razılaşma Azərbaycanın neft və qaz sənayesində çalışan gənc mütəxəssislərə dünyanın aparıcı neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Belə ki, SAP-ın tətbiqi proqramları Fortune-500 siyahısına daxil olan bütün neft və qaz şirkətlərində, eləcə də, Azərbaycanın ÜDM-nin 50 faizini təşkil edən SOCAR-da istifadə olunur. Hazırda dünya rəqəmsal iqtisadiyyat erasına qədəm qoyub və burada uğurlu mütəxəssis dedikdə qabaqcıl texnologiyalar və sənaye proqramları sahəsində geniş biliklərə sahib olan mütəxəssislər nəzərdə tutulacaq. Alyans çərçivəsində tərəfdaşlığımız bizə bu imkanları verəcək. Qlobal texnologiyalar üzrə təcrübə tələbələrimizə zəruri biliklərin toplanması və bu biliklərin ölkəmizin aparıcı şirkətlərindən biri olan SOCAR-da tətbiq edilməsi imkanını yaradacaq".
SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer qeyd edib ki, dünyanın neft və qaz sənayesi üçün ən müsbət təcrübəyə çevrilən SAP tətbiqi proqramları Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatında istifadə olunur və SOCAR, Nobel Oil, Bos-shelf və başqa aparıcı şirkətlərə səmərəliliyin artması və dünyada təhlükəsizlik və davamlılıqla bağlı standartlara uyğun işgüzarlığın inkişafina yardım göstərir: "SAP və aparıcı sənaye ali məktəbi olan BANM arasında əməkdaşlıq ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsədə nail olmaq üçün imkan yaradacaq".
Xatırladaq ki, BANM-in professor - müəllim heyəti və tələbələri Ali Məktəbin tədris prosesi üçün nəzərdə tutulmuş SAP Tədris Mərkəzinin Akademik Nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanacaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənəcək və SAP texnologiyaları əsasında ən yeni layihələrini həyata keçirə biləcəklər. Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar.
BANM və SAP Universitetlər Alyansı arasında əməkdaşlıq auditoriya və onlayn mühazirələr və master-klasların keçirilməsi, SAP mütəxəssisləri tərəfindən prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara girişi nəzərdə tutur. Tələbələr təlim və müsabiqələr zamanı öz biliklərini göstərə biləcəklər, həmçinin tələbələr üçün sahibkarlıq üzrə proqramlar, elmi seminarlar və simpoziumların təşkili planlaşdırılır.
Qeyd edək ki, 20 ildən artıq fəaliyyət göstərən SAP Universitetlər Alyansına dünyanın 90 ölkəsinin 2 300 universiteti daxildir. Artıq 7 ölkədə (Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus və Rusiya) 82 universitet Universitetlər Alyansına üzvdür. Bu gün MDB ölkələrində 200-dən artıq müəllim və 250 000-dən artıq tələbə açıq mühazirələr, konfranslar və müsabiqə şəklində təlim-tədris prosesində SAP proqramlarından istifadə edir.


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/baki-ali-neft-mektebi-sap-universitetler-alyansinin-uzvu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR