Nardaranın mərkəzi küçələrində təmir-tikinti işləri aparılır

Nardaranın mərkəzi küçələrində təmir-tikinti işləri aparılır
11:23 15 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial–mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədilə imzaladığı Sərəncama əsasən, “Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işlərinə başlanılıb. İlkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidən qurulması işləri aparılır.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işləri aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Layihəyə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqonmetr səki daşı düzüləcək. 40 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Analoji işlərin qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Küçənin uzunluğu 780 metr, ortalama eni 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1 metr enində səkilər tikiləcək, 1500 paqonmetr səki daşı düzüləcək. 11 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Yenidənqurma işləri “Azəryolservis” ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nardaranin_merkezi_kuchelerinde_temir_tikinti_isleri_aparilir-911281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR