Şahin Mustafayev: Azərbaycan tranzit potensialından tam istifadə etmir

Şahin Mustafayev: Azərbaycan tranzit potensialından tam istifadə etmir
11:43 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov – Trend:

Azərbaycan tranzit və yükdaşımalar sahəsində böyük potensiala malik olsa da, hazırda bu imkandan tam istifadə edilmir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin “Azərbaycan” qəzetinə müsahibəsində deyilir.

Nazirin sözlərinə görə, Çin - Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan və Qara dənizi əhatə edən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bir çox üstünlüklərinə baxmayaraq, son dövrlərdə dəhliz vasitəsilə yükdaşımaların həcmində azalma müşahidə olunur: “ Belə ki, dəhlizin Azərbaycan hissəsində 2010-2014-cü illər ərzində dəmir yolu vasitəsilə tranzit yük daşımalarının illik həcmi 45 faiz azalaraq 8,3 mln. tondan 4,5 mln. tona enib”.

Ş.Mustafayev qeyd edib ki, bu, dəhlizin üzv ölkələri arasında yükdaşımalar üzrə koordinasiyanın zəifliyi, tranzit yük daşınması prosedurlarının təkmil və yükdaşıma tariflərinin rəqabətqabiliyyətli olmaması ilə bağlıdır. Halbuki, bu dəhliz məsafə baxımından Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir: “Belə ki, 4200 km uzunluğunda olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mümkün tranzit müddəti 14 gündən azdır. Asiya və Avropa arasında ticarət əlaqələrinin genişlənməsi Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına böyük imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı qazanacaq”.

O diqqətə çatdırıb ki, tariflərin optimallaşdırılması Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyətində başlıca istiqamətlərdəndir və hazırda şurada təmsil olunan qurumlarla birgə bu sahədə müvafiq işlər görülür: “Artıq tranzit prosedurları sadələşdirilib. Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz aşağı salınıb. Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20 faizədək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 dollar həcmində müəyyənləşdirilib. Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 dollar təşkil edəcək”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2469602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR