Ümit Karan: "Sizin futbolçular özlərinə yaxşı baxmırlar"

Ümit Karan: "Sizin futbolçular özlərinə yaxşı baxmırlar"
12:37 15 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Ötən həftə Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan paytaxtımızda olub. Qısamüddətli səfər zamanı dostlarıyla görüşən veteran futbolçu Azərbaycan Premyer Liqasında keçirilən "Sumqayıt"-"Qəbələ" görüşünü də izləyib. Məşhur futbolçu Vətənə dönməzdən əvvəl "R+"un suallarını cavablandırıb. 

Milli.Az regionplus.az-a istinadən müsahibəni təqdim edir:

- Deməli, artıq Türkiyəyə qayıdırsınız?

- Bir neçə saat sonra hava limanında olmalıyam (həmin gün Türkiyəyə qayıdırdı - red). Əks halda sizə daha çox vaxt ayıra bilərdim. Bakıya dostlarımın dəvəti ilə gəlmişəm. Gəlmişkən, Azərbaycan futbolunun vəziyyəti ilə də tanış olmaq istədim. Sizin futbolçulara Türkiyədə elə də maraq yoxdur. Çünki ən yaxşılarınız PTT 1-ci Liqasında çıxış edir. Super Liqa klubları da buna görə futbolçularınıza maraq göstərmir. Təəssüf ki, Azərbaycandan gəlib bizim çempionatda uğurlu çıxışı ilə yadda qalan oyunçunuz olmadı. Azərbaycan bizim qardaşımızdır. Lakin real danışmalıyıq. Çox istərdim ki, hər il 10 futbolçunuz Super Liqa klublarında çıxış edərdi. Amma bu, bir qədər çətin görünür. Yeri gəlmişkən, Bakını çox bəyəndim. Gözəl memarlıq nümunələriniz var. Bakı sakinlərinin Milli Parkı sevməsini başa düşürəm.

- Adətən, əcnəbi tanınmış veteran futbolçu Bakıya gələndə müxtəlif şayiələrə səbəb olur...

- (gülür) Dərhal mətbuat yazır ki, təzə məşqçi gəlir? Azərbaycanda belə yazan oldu?

- Belə məlumat görməmişəm.

- Əminliklə bildirmək istərdim ki, Bakıya səfərim ancaq dostlarımızın təklifinə əsasən baş tutdu. O insanlar uzun müddətdir məni qonaq görmək istəyirdi. Başqa səbəb yoxdur. Heç bir klubunuzda işləmək fikrim yoxdur. Çünki hazırda belə təklif almamışam. Digər tərəfdən mənim çox çətin şərtlərim var. Hər klub bu şərtlərə razılaşmaz.

- Oktay Dərəlioğlu və Əhməd Dursun kimi türk futbolçular karyeralarının sonuna yaxın Azərbaycan Çempionatında çıxış etdilər. Onların "Xəzər-Lənkəran"da oyunu uğurlu alındı...

- Bu barədə məlumatım var. Sizdə Rasim Kara, Bülənt Korkmaz, Mustafa Dənizli kimi məşqçilər çalışıblar. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Ona görə burada olduğumuz müddətdə özümüzü evdə olduğu kimi hiss edirik. Bəlkə, bu məqam daha yaxşı oynamağa imkan verir. 

Niyə o zaman Azərbaycan futbolçuları özlərini Türkiyədə göstərə bilmirlər? Səviyyə çox fərqlidir?

- Çətin, həm də asan sualdır. Hər bir futbolçunun məsuliyyəti olmalıdır. Əsasən, Türkiyədə birinci liqada çıxış edirlər və bununla kifayətlənirlər. Mənim fikrimcə, sizin futbolçular özlərinə yaxşı baxmırlar. Keçən dəfə futbolçularınızın biri ilə görüşdüm. Müqaviləsi qarşılıqlı şəkildə pozulub və indi klubsuzdur. Baxıram ki, artıq çəki alıb. Adını çəkmək istəmirəm. Amma futbolçu özünə qarşı intizamlı olmalıdır. Birinci liqada çıxış edirsən, daha çox məşq etməlisən ki, səni superliqaya çağırsınlar.  

- Azərbaycan futbolu haqda hansı məlumatınız var?

- Cari il iki klubunuzun Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığını bilirəm. Eşitdiyimə görə, klub futbolu inkişaf edir. Milli komanda o qədər uğurlu oynamır. Dostlarım deyiblər ki, maliyyə baxımından problem yoxdur. Lakin maliyyə dəstəyilə müqayisədə Azərbaycan futbolu o qədər güclü inkişaf etmir. 

- Azərbaycan millisindən danışdınız. Türkiyə ilə matçlarda millimiz daha yaxşı çıxış edir...

- Bu fikirlə razıyam. Azərbaycan millisi Türkiyə ilə oyuna xüsusi motivasiya ilə hazırlaşır. Son görüşdə Bakıda Türkiyəni 1-0 hesabıyla məğlub etdiniz. Bizə qarşı çox yaxşı mübarizə nümayiş etdirirsiniz. Bununla belə, Azərbaycana qarşı oynamaq hər zaman xoşdur. Bizi həm Bakıda, həm stadionda evdə olduğu kimi qarşılamısınız.

- İzlədiyiniz "Sumqayıt"-"Qəbələ" görüşü barədə nə düşünürsünüz?

- Dəqiq fikir söyləmək çətindir. Matçın yalnız ilk hissəsinə baxdım. Bəzi futbolçularda artıq çəki hiss olunurdu. Həm də azarkeşlərin az olmasına təəccübləndim. Yerli çempionatda daha çox azarkeş gözləyirdim. Sonradan dostlar dedilər ki, Azərbaycanda daha çox avrokubok matçlarına diqqət edilir. Meydanda olan komandalar bir-birindən ciddi fərqlənmirdi. Oyunçuların səviyyəsi də çox yüksək deyildi.

- Artıq 4 ildir ki, futbolçu karyeranızı başa vurmusunuz. Nəyə görə hələ də məşqçiliyə başlamamısınız?

- Mən hazırda şərhçilik edirəm. Daha əvvəl idman direktoru kimi də çalışmışam. Müəyyən vaxtdan sonra məşqçiliyə başlayacam. Sadəcə, mən işimə çox peşəkar səviyyədə yanaşıram. Birinci növbədə, çalışdığım klubda heç kim işimə qarışmamalıdır. Kluba tam olaraq mən nəzarət etməliyəm. Həm əsas, həm də aşağı yaş qrupları üzrə komandalara. "Əskişəhərspor"da çalışdığım müddətdə 2 istedadlı gənci üzə çıxarıb, onları yaxşı qiymətə satdıq.

- Türkiyə millisi bir neçə məşqçiylə uğur qazanıb. Amma azarkeşlər, sanki daha çox hazırkı çalışdırıcı Fatih Terimə daha çox inanır...

- Fatih Terim tam başqadır. Yüksək peşəkar, intizamı sevən bir insan. Həm "Qalatasaray", həm də millidə böyük uğurlar qazandı. Futbolçunu motivasiya etməyi bacaran məşqçidir. Bəzən elə danışır ki, futbolçu özünü dünyanın ən güclüsü hesab edir.

- Azərbaycan millisində baş məşqçi xorvatiyalıdır. Bir neçə il əvvəl azarkeşlər baş məşqçi postunun türk mütəxəssisə tapşırılmasını istəyirdilər. Sizin fikriniz maraqlıdır. Türk mütəxəssisin millimizdə işi uğurlu ola bilərmi?

- Milli komandada çalışmaq klubda işləməkdən daha çətindir. İnanın, məşqçilər dediyimi təsdiqləyərlər. Milli komanda ildə bir neçə dəfə toplanır. Deməli, milliyə hazır və peşəkar futbolçular gəlməlidirlər. Əgər yaxşı futbolçu seçimi olmayacaqsa, məşqçi işinin nəticəsi olmayacaq. Millinin baş məşqçisi futbolçu hazırlamalı deyil. O ən yaxşılarını toplamaqla güclü komanda formalaşdırmalıdır. Bu mənada proqnoz verə bilmərəm. Çünki hazırda Azərbaycanda yaxşı futbolçular çox deyil. Hazırda Robert Prosineçki millinizin sükanı arxasındadır. Onun zamana ehtiyacı var. Bir neçə ay çalışmaqla millinin səviyyəsini yüksəltmək mümkün deyil. Seçimi çox olarsa, yığmada daha yaxşı futbolçuları görərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR