"MOİK gələn mövsüm Premyer Liqa uğrunda yarışacaq"

"MOİK gələn mövsüm Premyer Liqa uğrunda yarışacaq"
13:42 15 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev klubun mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Mərkəzi Ordu İdman Klubunun (MOİK) hazırkı vəziyyəti barədə nə deyə bilərsiz? Ümumi durumu necə qiymətləndirirsiniz?
- Bütün idman növlərində nəticələrimiz qənaətbəxşdi, bizi qane edir. Amma futbolda son illərdə istədiyimiz nəticələri əldə edə bilmirik. MOİK ölkənin ən köklü klublarındandı. Bu il 60 illik yubileyimiz oldu. Sadəcə, son illərin nəticələri ilə istəklərimiz üst-üstə düşmürdü. Ona görə məcbur olub bir müddət öncə baş məşqçi dəyişikliyi həyata keçirdik. Baş məşqçi də ilk oyundaca müsbət nəticə qazanmaqla bu addımımızın doğruluğunu sübut etdi. Məşqçiyə ümidimiz böyükdü.

- Baş məşqçi dəyişikliyinə səbəb nə idi?
- Əsas məqam nəticələrlə bağlı idi. Əldə edilən nəticələr bizi qane edə bilməzdi. Uğursuz nəticələrə isə ilk növbədə baş məşqçi cavabdehlik daşıyır. Baş məşqçi dəyişikliyi sırf cari duruma reaksiya vermək kimi qəbul edilməməlidir, biz səviyyəcə də yüksəlmək istədik. Müşviq Qənbərov təcrübəli məşqçidi, Premyer Liqada çalışıb. İlk ciddi sınağından da üzüağ çıxdı. Səfərdə “Turan Tovuz”u yenməklə MOİK tarixində ilk dəfə Tovuzda qələbə əldə etdik. Özü də əzmkar qələbə qazandıq. Bu, bizi çox sevindirir.

- Artıq komandaya yeni vitse-prezident də təyin olunub. Demək olarmı ki, Ramil Əliyevin təyinatı da səviyyəcə yüksəlmək strategiyasının bir hissəsidi?
- Bilirsiz ki, Ramil Əliyev daha əvvəl baş məşqçi kimi MOİK-də çalışıb. Özü də onun rəhbərliyi altında MOİK iki dəfə Premyer Liqaya vəsiqə qazanıb. Əliyev Premyer Liqada xeyli təcrübə əldə edib. Bizim onun təcrübəsindən yararlanmaq istəyimiz, fikrimcə, ümumi konsepsiyaya uyğundu. Onun vasitəsilə futbol sektorunda səviyyəni qaldırmağa daha yaxın olacağımızı düşündük.

- Bu dəyişikliklərdən əlavə, başqa hansısa yenilik olacaqmı?
- Bəli, bizim məşqçilər korpusuna daha bir məşqçi qatmaq planımız var. Əlbəttə ki, bu mütəxəssis baş məşqçinin tövsiyyəsi ilə seçiləcək. Ümumiyyətlə, biz gənc və perspektivli, ambisiyalı kadrlarla işləməyə üstünlük veririk. Son təyinatlar da bunun sübutudur.

- Sadaladığınız bu dəyişiklər futbol komandası ilə bağlıdı. Bəs İdman Klubunun digər idman növləri üzrə komandalarında nəsə dəyişiklik gözlənilirmi?
- Elə bir ciddi dəyişiklik gözlənilmir. İşlər öz qaydasında davam edir. Orda da hər idman növü üzrə işini bilən təcrübəli mütəxəssislər toplaşıb. Odu ki, nəyisə dəyişməyə lüzum yoxdu.

- İndiki vəziyyətdə futbol komandasının qarşısına hansı məqsədlər qoyulub? Nəzərə alaq ki, ilk dövrənin sonuna, qış fasiləsinə cəmi 1 tur qalıb. Ümumiyyətlə, mövsümlə bağlı planlar necədi?
- İlk əvvəl bildirim ki, hazırda qərarlaşdığımız 8-ci yer iddiamıza uyğun deyil. Amma birdən-birə vəziyyəti kökündən dəyişə bilmərik. Baş məçqçiyə də bildirmişik ki, bu mövsüm komanda ilk “altılıq”da qərarlaşsa, qənaətbəxş nəticə sayılacaq. Amma növbəti mövsüm Premyer Liqaya yüksəlmək uğrunda yarışmalıyıq. İddialı, MOİK adına layiq komanda olmalıyıq.

- Dediyiniz hədəfə çatmaq üçün qış fasiləsində heyətin gücləndirilməsi nəzərdə tutulubmu?
- Bu məsələlərdə baş məşqçiyə tam inanırıq. Yəni seleksiya işi, yeni futbolçuların cəlb olunması sırf baş məşqçinin səlahiyyətləri çərçivəsindədi. O, səylə çalışır. Biz də öz adımızdan komandaya hər cür dəstək verməyə hazırıq.

- Məlum olduğu kimi, MOİK-in bazası 2007-ci ildə əsaslı təmir məqsədilə fəaliyyətini dayandırıb. Bazayla bağlı işlər nə yerdədi?
- Müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənovun əmri ilə 2016-cı ildə bazada təmir-tikinti işləri başlanılacaq. Baza müasir standartlara tam cavab verən bir layihə olacaq. Burada həm futbol, həm də digər idman növləri üzrə komandalarımızın daha yaxşı hazırlaşması üçün hər cür şərait olacaq. Bu, idmançılarımızın inkişafına və qazanacağı nəticələrə böyük təkan olacaq. Nailiyyətləri daha da yaxşılaşdırmaq üçün münbit şərait yaranacaq. İdmançılar daha yüksək əhval-ruhiyyədə yarışlara hazırlaşacaq. Ümidvarıq ki, bununla nəticələrimiz birə-beş artacaq. Onu da əlavə edim ki, işlər birbaşa nazirliyin nəzarəti altında aparılacaq. Ümumiyyətlə, cənab nazirin diqqət və qayğısını daim üzərimizdə hiss edirik. Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarından qayıtdıqdan sonra da cənab nazir bizi qəbul etdi, problemlərimizlə maraqlandı, İdman Klubuna hər cür köməklik göstəriləcəyini bildirdi. Xatırladım ki, Koreyada idmançılarımız Azərbaycanı boks, cüdo, güləş və taekvondo növlərində təmsil ediblər və 2-si qızıl, 4-ü gümüş və 6-sı bürünc olmaqla 12 medal qazanıblar. Dünyanın 120 ölkəsindən 8100 idmançının qatıldığı yarışda Azərbaycan 15-ci yeri tutub. Dünya Hərbi İdman Şurasının Hərbi İdman Oyunlarının əhəmiyyəti böyükdü. Bu baxımdan hesab edirəm ki, biz oyunlarda uğurla çıxış etdik.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmok-gln-movsum-premyer-liqa-urunda-yaracaqquot-t46157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR