Çində əsgərlər mənfi 20 dərəcədə təlim keçirlər.
ANS PRESS-in məlumatına görə, sərt soyuğa baxmayaraq təlimlərdə iştirak edən əsgərlərin üzərində yalnız hərbi paltarlar var.
Çin Ordusunda aparılan hərbi təlimlər zamanı əsgərlərin hətta soyuqdan kirpikləri də donur. Hər çərşənbə axşamı həyata keçirilən bu təlimin görüntüləri Çinin Heilonqjianq əyalətində çəkilib.
Qeyd edək ki, Çin 2,3 milyon adamla dünyanın ən böyük hərbi gücü olaraq qəbul edilir. İkinci yerdə isə 1,5 milyon şəxsi heyətlə ABŞ ordusu gəlir.
Çin Xalq Azadlıq ordusunun sayı yaxın 2-3 il ərzində 700 min nəfər azaldılacaq. Şəxsi heyətin sayının azaldılması, ordunun daha da müasir və yüksək texnologiyalı edilməsi üçün aparılan islahat çərçivəsində həyata keçiriləcək. İxtisar ilk növbədə quru qoşunlarında olacaq.
Çin eyni zamanda Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin sayını artırmağa hazırlaşır. Bəzi məlumatlara görə, bu qoşun növlərinə ali təhsilə malik şəxsləri cəlb edəcəklər.



