Azərbaycanda apteklərlə bağlı yeni tələblər müəyyən olunub

Azərbaycanda apteklərlə bağlı yeni tələblər müəyyən olunub
16:42 15 Dekabr 2015
63 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda apteklərlə bağlı yeni tələblər müəyyən olunub.
Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Analitik Ekspertiza Mərkəzinin yeni rəhbərliyinin göstərişi ilə "Etibarlı aptek təcrübəsi" və "Etibarlı distributor təcrübəsi" adlı yeni tələblərin hazırlanması üçün məsul şəxslər təyin edilib. 
Məlumata görə, yeni tələblərin hazırlanması üçün "Dərman vasitələri haqqında" qanunun, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tələbləri və digər ölkələrin bu sahədə olan təcrübələrindən istifadə edilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi aptek müəssisələrinin təsnifatında dəyişikliklər edib. Mövcud tələblərdən fərqli olaraq yeni tələblərdə 4 qrup aptek müəssisələri göstəriləcək. Yeni tələblərə əsasən, yalnız 1-ci kateqoriyaya aid olan apteklər həkim resepti əsasında dərmanların hazırlanmasını həyata keçirə biləcək. Daha bir yenilik isə aptek müəssisələrində xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədilə diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin,arterial təzyiqin) istifadə edilməsidir. Hazırlanan yeni qaydalara əsasən aptek müəssisələri özəl klinikanın və topdan satış əczaçılıq müəssisəsinin nəzdində təşkil olunduqda inzibati-məişət sahələri (anbar otağından başqa) ümumi olmasına yol verilir.
Topdan satış əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləmək məqsədilə hazırlanan yeni tələblərdə olan yeniliklər isə əczadeponun korroziyaya və kimyəvi təsirlərə davamlı olan xüsusi örtüklü metal konstruksiyalı stellajlarla təchiz edilməsidir. Hazırlanan tələblərə əsasən topdan satış əczaçılıq müəssisəsinin minimal sahəsi 250 m2 olmalı, anbarda dərman preparatlarının saxlanma şəraitinə (temperatur, rütubət, işıqdan qorunma və s.) ciddi riayət edilməlidir.
Həm aptek, həm də topdansatış əczaçılıq müəssisələrində qanunvericiliklə müəyyən edilən sanitar-epidemioloji və yanğın əleyhinə normalara, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməlidir.
Nazirlikdən verilən məlumatda o da qeyd olunub ki, yeni tələblərin hazırlanması bitmək üzrədir. Tələblərin təsdiq edilməyə hazırlanması Analitik Ekspertiza Mərkəzinin Direktoru Süleymanov Muradın ciddi nəzarəti altındadır.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/azerbaycanda-apteklerle-bagli-yeni-telebler-mueyyen-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR