Naxçıvan: Arxiv İdarəsində 400 minədək mühüm sənəd mühafizə olunur

Naxçıvan: Arxiv İdarəsində 400 minədək mühüm sənəd mühafizə olunur
16:53 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 15 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində 400 minədək mühüm sənəd mühafizə olunur. Burada 1831-ci ildən günümüzədək bir çox qiymətli sənədlər, o cümlədən 1023 fondda 80 mindən çox kağız əsaslı idarəçilik işi, elm, mədəniyyət, ədəbiyyat və incəsənət, dövlət xadimlərinin 2 minə yaxın işdən ibarət elmi və texniki sənədləri, 84 minə yaxın foto və 4 mindən çox kino sənədi qorunur.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada arxivin yaradılmasının 90-cı ildönümü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov bu barədə danışıb.
Muxtar Respublikanın Arxiv İdarəsində keçirilən tədbirdən əvvəl iştirakçılar Naxçıvan şəhərinin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində davam etdirilən tədbirdə idarənin rəisi Fəxrəddin Cəfərov çıxış edərək bildirib ki, muxtar respublikada arxiv işinin əsası 1925-ci ildə Mərkəzi Dövlət Arxivinin yaradılması ilə qoyulub, 1930-cu ildə isə Naxçıvan Arxiv İdarəsi təşkil edilib. Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi 1960-cı ilə qədər Naxçıvan Daxili İşlər Komissarlığının tabeliyində fəaliyyət göstərib, 1960-cı ildən sonra hər iki qurum Daxili İşlər Komissarlığının tabeliyindən çıxarılıb və Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin tabeliyinə verilib. Muxtar respublikada arxiv işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər müstəqillik illərində sürətlə davam etdirilib.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il dekabrın 6-da imzaladığı Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi yaradılıb. Bu gün Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi öz ətrafında bir Mərkəzi Dövlət Arxivi və 7 rayon Dövlət Arxivini birləşdirir.
Fəxrəddin Cəfərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün muxtar respublikada tarixi keçmişimizi özündə yaşadan arxiv sənədlərinin qorunması və saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci ildə istifadəyə verilən yeni bina arxiv işçilərinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Yaradılan yüksək şərait arxiv fondlarında saxlanılan yüz minlərlə sənədin etibarlı şəkildə mühafizə olunmasına imkan verir.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Zülfiyyə İsmayıl¬ovanın, aparıcı mütəxəssis Zərifə Abdullayevanın çıxışları olub.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclis Sədri¬nin “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında 10 dekabr 2015-ci il tarixli Sərəncamını oxuyub, təltif olunan arxiv işçilərinə “Rəşadətli əməyə görə” nişanını təqdim edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Arxiv_Idaresinde_400_minedek_muhum_sened_muhafize_olunur-911426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR