Azərbaycanlı deputatlardan yapon karate ustasına idman "dərs"i

Azərbaycanlı deputatlardan yapon karate ustasına idman "dərs"i
17:37 15 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyevin dəvəti ilə Bakıda səfərdə olan yaponiyalı karateçi Hitoshi Kasuya dekabrın 15-də Milli Məclisə gəlib.

Ümumdünya Şotokan Karate Federasiyasının (WSKF) baş təlimatçısı olan Hitoshi Kasuya burada Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri ilə görüşüb.

Yaponiyalı karateçinin Azərbaycana gəlişindən məmnun olduğunu deyən Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanla Yaponiya arasında məsafə uzun olsa da, hər iki xalq bir-biri ilə qəlbən yaxındırlar: "Azərbaycanda gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün idmana xüsusi diqqət ayrılır. İdman sahəsində çox böyük uğurlar əldə edilib, bu da, əlbəttə ki, Prezidentimizin idmana ayırdığı diqqətin göstəricisidir".

Deputat qonağa Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu barədə də məlumat verib: "Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub. Amma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına böyük inam var".

Komitə sədri idman sahəsində qazanılan nailiyyətlərin də bu problemin həllinə yardım göstərə biləcəyini vurğulayıb: "Karate Azərbaycanda ən çox sevilən idman növlərindən biridir. Ölkəmizdə karatenin böyük məktəbi var. Azərbaycan artıq karate yarışlarına ev sahibliyi də edir. Sanki, elə karateyə sahib ölkələrdənik. Bu da Azərbaycanda karate məktəbinin yaranması ilə bağlıdır. Bu sahədə millət vəkili Ülvi Quliyevin adını çəkmək olar. Ülvi Quliyev Azərbaycanda karate ənənəsinin formalaşmasında böyük rol oynayır". 

Hitoshi Kasuya isə bildirib ki, karate, əslində, yalnız fiziki güc nümayiş etdirmək demək deyil, eyni zamanda sağlamlıq, fəlsəfədir: "30-40 il öncə insanlar karate ilə daha çox məktəb vaxtlarından məşğul olurdular. İndi isə daha erkən yaşlarından öyrənməyə başlayırlar. Mən həm də bunu insanların bir-birinə hörmətinin artması kimi də dəyərləndirirəm. Çünki yarışa başlamazdan əvvəl baş əyirlər, bu, insanlarda hörmətin formalaşmasına kömək edən məsələdir".

Görüşdə iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda idmanın inkişafından danışıb: "Azərbaycan Prezidentinin idmana diqqəti və qayğısı sayəsində bu gün dövlətimizdə çox peşəkar idmançılar yetişir. Prezidentimiz özü də çox idmansevər şəxsdir. Ona görə də bu gün Azərbaycanda idmanın bütün sahələri sürətli inkişaf yolunu tutub. Azərbaycan əlbəyaxa döyüş xüsusilə karate növü üzrə Qafqaz regionunda yaxşı ənənə ilə seçilir".

Görüşdə çıxış edən deputat Adil Əliyev isə Azərbaycanda karate ilə yanaşı, idmanın digər sahələrinin də inkişaf etdiyini xatırladıb: "Azərbaycanda idmanın bir çox sahələri getdikcə daha da inkişaf edir. Bu da, sözsüz ki, Prezidentimizin diqqətində olan əsas məsələlərdən biridir".

Deputat Sevinc Hüseynova isə sovet dövründəki karate idman növündən danışıb: "O vaxtlar bu idman növü ilə məşğul olmaq yasaq idi, hətta yadıma gəlir ki, qardaşım da bu idman növü ilə gizli məşğul olurdu. İndi isə Azərbaycanda karateyə xüsusi sevgi var, bu sevgi insanların karateyə marağını artırır. Bu gün Azərbaycanla Yaponiya arasında sosial və mədəni sahədə xüsusi layihələr işlənib hazırlanıb. Mən arzu edərdim ki, idman sahəsində belə işlər həyat keçirilsin".

Sonda çıxış edən komitə sədri Fuad Muradov bu cür görüşlərin keçirilməsinin önəmindən danışıb: "Belə görüşlər iki ölkə asrasında əməkdaşlığın genişlənməsinə böyük töhfə verəcək. Hörmətli Hitoshi Kasuyanın Azərbaycana gəlişi idmanımızın təbliği, eyni zamanda onu dünyaya tanıtdırmaq baxımından bir fürsətdir".

Görüşdə Azərbaycanda karate üzrə dəfələrlə dünya çempionu olmuş Rafael Ağayev də iştirak edib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR