"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC büdcə vəsaitlərindən səmərəli istifadə etmir

"Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC büdcə vəsaitlərindən səmərəli istifadə etmir
18:08 15 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında dövlət büdcəsindən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, nəzarət tədbiri zamanı tətbiq edilmiş metodlar və əldə edilmiş audit sübutları ilə bağlı yoxlama qrupunun rəhbəri N.Alıyevin məlumatı dinlənilib, kollegiya üzvlərinin sualları cavablandırılıb.

Daha sonra fəaliyyət istiqaməti üzrə auditor N.Həsənov auditin nəticələrinə dair təqdim etdiyi hesabatda nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.

Auditor bildirib ki, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən büdcə proqnozları tərtib edilərkən vəsaitə olan tələbat əvvəlki illərin icra səviyyəsi nəzərə alınmadan artıq hesablanılıb, onun tabeliyində olan idarələr tərəfindən isə büdcə vəsaitinə tələbatın hesablanması barədə məlumat mərkəzi idarə aparatına təqdim edilməyib.

Cəmiyyətin tabeliyində olan yaşıllaşdırma idarələri tərəfindən qulluq edilən sahələrin qeyri-meşə fondu torpaqları olması, həmçinin qulluq göstərilən ərazilərin (sahələrin) əksər hissəsinin qeyri-münbit torpaqlar təşkil etməsi, bəzi yaşıllaşdırma idarələri üzrə torpağın əkinə hazırlanması işlərinin və qulluğun tələb olunan səviyyədə aparılmaması səbəbindən büdcə vəsaitlərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdən olan qeyri-meşə fondunda (yolkənarı) əkilmiş ağac və kolların bitiş norması (faizi) müvafiq qaydada qəbul edilmiş həddən aşağı olub.

ASC-nin “Maliyyə vəziyyəti haqqında hesabat”ında ilin əvvəlinə və sonuna qısamüddətli debitor və kreditor borcları və gələcək hesabat dövrlərinin gəlirləri üzrə qısamüddətli öhdəliklərin az, material ehtiyatları üzrə qalıq məbləğinin çox göstərildiyi, ilin sonuna isə yanacağa görə yaranmış kreditor borcunun hesabatda əks etdirilmədiyi, Cəmiyyətin tabeliyində olan yaşıllaşdırma idarələri tərəfindən magistral avtomobil yollarının kənarında əkilmiş ağaclar və kolların (bioloji aktivlər) uzunmüddətli aktivlər kimi deyil, qısamüddətli aktivlər kimi uçota alındığı, layihə-smeta sənədlərinin hazırlanması üzrə yaranmış kreditor borcların isə maliyyə hesabatlarında göstərilmədiyi də audit sübutları ilə müəyyən olunmuş nöqsanlardan olub.

Auditor ASC-nin maliyyə hesabatlarına əsasən qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı torpaq sahələrindən istifadə etməsinə baxmayaraq, mülkiyyətində olmayan həmin torpaq sahələrinə dair daşınmaz əmlakın texniki pasportunun verilmədiyini, istifadədə olan torpaq sahəsinin bir qisminin vətəndaşların və bələdiyyələrin mülkiyyətində olan torpaqlarından, habelə Dövlət Neft Şirkətinin balansında olan torpaqlardan ibarət olmasını diqqətə çatdıraraq yararsız vəziyyətdə olan həmin ərazilərin Cəmiyyət tərəfindən münbitləşdirilərək əkin üçün hazırlanmasına və ilbəil becərilməsinə dövlət büdcəsinin vəsaiti hesabına çəkilən xərclərin potensial olaraq səmərəsiz xərclərə çevrilməsi riskini yüksəltdiyini qeyd edib.

Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, sərf edilmiş büdcə vəsaitlərinin nəticəliliyinin yüksəldilməsi məqsədilə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi zamanı aqrotexniki qaydalara əməl edilməsi, torpağın münbit vəziyyətə gətirilməsi işlərinin tələb olunan səviyyədə aparılması, yerli iqlim şəraitinə uyğun olan tinglərin əkilməsinə üstünlük verilməsi, əkinin optimal müddətdə aparılması, ağac və kolların bitiş faizinin artırılması və qurumasının qarşısının alınması, büdcə vəsaiti hesabına həyata keçirilən tikintisi başa çatmış obyektlərin istismara qəbul edilməsi və müvafiq qaydada təhvil verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi və Cəmiyyətin balansında olan dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələrinin müəyyən edilmiş qaydada qeydiyyata alınması zəruridir. Həmçinin Cəmiyyətə ayrılan büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasının təmin edilməsi, xərclərin potensial səmərəsizlik risklərinin azaldılması məqsədilə yaşıllıqların salınması nəzərdə tutulan torpaq sahələrində müvafiq işlərin mövcud qanunvericilik çərçivəsində mülkiyyətçilərlə qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi, qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması ilə əlaqədar əkinlərin bitiş normasının (faizinin) müəyyənləşdirilməsi qaydalarını əks etdirən metodiki sənədin hazırlanması məqsədəuyğun hesab edilib.

Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi müzakirə edilib, kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR