Gömrük sahəsində Koreya ilə əməkdaşlıq əlaqələri möhkəmləndirilir

Gömrük sahəsində Koreya ilə əməkdaşlıq əlaqələri möhkəmləndirilir
18:58 15 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Dövlət Gömrük Komitəsində Koreya Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Koreya Gömrük Xidmətinin İnçeon şəhərinin Baş Gömrük İdarəsinin müşahidə bölməsinin rəhbəri Yang Dong Seonun başçılıq etdiyi nümayəndə heyətini Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev qəbul edib.
İqbal Babayev Azərbaycan gömrük xidmətinin yaranması, inkişaf mərhələləri, strukturu və Azərbaycanda gömrük işinin təşkili barədə qonaqları ətraflı məlumatlandırıb.
Ölkəmizdə gömrük sahəsində tətbiq olunan innovasiya layihələrinə toxunan Baş İdarənin rəisi Azərbaycan gömrüyünün bu istiqamətdə Orta Asiya respublikaları, Monqolustan və Ukraynaya dəstək verdiyini, bu ölkələrdə həyata keçiriləcək layihələrdə Koreya Gömrük Xidməti ilə əməkdaşlıq etməklə yanaşı, tərəfdaş kimi də fəaliyyət göstərməkdən məmnunluq duyulacağını ifadə edib.
Səfərin məqsədi barədə məlumat verən nümayəndə heyətinin rəhbəri Yang Dong Seon bildirib ki, Koreya hökumətinin ayırdığı qrant hesabına dünyanın müxtəlif ölkələrində “Gömrük işinin təkmilləşdirilməsi layihəsi” həyata keçirilir. Layihə çərçivəsində həmin ölkələrdə araşdırma aparan mütəxəssislər əldə etdikləri nəticələr əsasında gömrük işinin daha da səmərəli təşkili ilə bağlı tətbiq ediləcək innovasiya layihələrini müəyyənləşdirir.
Görüş başa çatdıqdan sonra Koreya nümayəndə heyəti Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti, VAİS proqramının iş prinsipləri ilə yaxından tanış olub.
Üç gün davam edəcək səfər zamanı koreyalı mütəxəssislər Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Dünya Gömrük Təşkilatının Avropa Regional Ofisi, eləcə də bu təşkilatın Regional Tədris Mərkəzi və Dövlət Gömrük Komitəsinin Akademiyasının da fəaliyyəti ilə yaxından tanış olacaq və araşdırma aparacaqlar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gomruk_sahesinde_Koreya_ile_emekdasliq_elaqeleri_mohkemlendirilir-911509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR