Hakimiyyətdən ümidsizlik qəzəb yaradır

Hakimiyyətdən ümidsizlik qəzəb yaradır
09:47 16 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı keçirilmiş referendumda saxtakarlıq, qanunsuzluq faktlarını sadalamağa belə, dəyməz. Çünki onların sayı həddən ziyadədir.
Ermənistan prezidenti Serj Sarkisyan konstitusion dəyişiliklər vasitəsilə yenə də hakimyyətdə qalmaq istəyir. O, ikinci səlahiyyət müddəti başa çatandan sonra iqtidarı tərk etməmək üçün referendum təşkil etmişdi.

Həmin əlavələrə və dəyişikliklərə görə, Ermənistan prezident üsul-idarəli ölkədən parlament dövlətinə çevriləcək. Prezidenti də seçicilər yox, deputatlar və yerli hakimiyyət strukturlarının nümayəndələri seçəcəklər. Üstəlik, real hakimiyyət prezidentdə yox, baş nazirdə olacaq.
Hazırda ölkə parlamentində çoxluğa iqtidardakı Ermənistan Respublika Partiyasının sahibləndiyini də nəzərə alsaq, Serj Sarkisyan hakimiyyətdə qalmaq planını reallaşdırmağa doğru gedir.

Bu səbəbdən də referendumun nəticələri saxtalaşdırılmaqla yanaşı, Yerevandakı hakimiyyət dövlət səviiyyəsində cinayət işlədi.
Cinayətin təşkilatçıları aşkar və çirkin şəkildə çalışdılar, Sarkisyan iqtidarının xeyrinə səslərin 63 faizini təmin etdilər.
Referendumda "yox" deyənlərin sayı 32,35 faiz və ya 421593 nəfər oldu. 
İlk baxışdan yaxşı nəticə deyil, amma Ermənistandakı daxili siyasət arenasının viran qaldığını, müxalifət qüvvələrinin iqtidarla kuluar danışıqlar və sövdələşmələr, qorxaqlıq və mağmınlıqla, vətəndaşların ümidlərini puç etməklə gözdən saldıqlarını xatırlasaq, normal sonucdur. 
Deməli, Ermənistanda ictimai müqavimətin göstəricisi budur.

Sarkisyanın istəyinə və planlarına qarşı çıxanlar referendumda uduzsalar da, əslində rejimə qalib gəldilər. Fəqət Ermənistan cəmiyyətinin hakimiyyət komandasının iyrənc ssenarisini hüquqi baxımdan rədd etmək üçün resursu yoxdur. Ölkədə zəruri siyasi rıçaqlar və alətlər yoxdur.
Ermənistanda cəmiyyətin ruhdan düşməsi, Sarkisyan rejiminin əməllərinə müqavimət göstərməməsi və ölkədə demokratik cəmiyyət qurmaq istəyindən boyun qaçırması barədə deyilənlər yanlışdır. 400 min erməni referendumda hakimiyyətə "Yox!" dedilər ki, bu rəqəm rəsmi göstəricidir. Əslində, ən azı 1 milyon erməni iqtidarı devirmək, hakimiyyəti dəyişmək, Yerevandakı kriminal oliqopoliyadan qurtulmaq istəyir.
İstisnasız olaraq bütün seçkilərin və səsvermələrin total saxtalaşdırıldığı ölkədə hakimiyyətin planını rədd edən 400 min insanın varlığı ciddi məsələdir.

Yerevandakı müxalifət liderləri, onların partiyalarındakı funksionerlərin dediklərinə, medianın iddialarına rəğmən erməni cəmiyyətində etiraz potensialı var və məntiqli proqrama malik xarizmatik müxalifət liderinin olacağı təqdirdə Sarkisyanın rejimini çox ciddi sınaqlar gözləyərdi. 
Referendumun özü və sonucları Yerevandakı iqtidar üçün həyəcan siqnalına çevrildi. Hakimiyyətin nail olduğu "qələbə" ictimai-siyasi sistemin bütün naqisliklərini ortaya qoydu. Həmin bəlalar az sonra S.Sarkisyanı devirəcək prosesləri sürətləndirə bilər.

Söhbət adi seçkisonrası proseslərdən və ya müxalifətin mübarizəsinin aktivləşməsindən getmir. Ermənistanda bəhs etdiyimiz hallar yoxdur. 
Referendumda seçiciləri rejimə "yox!" deməyə çağıran əsas qüvvələrdən biri - Ermənistan Milli Konqresi postreferendum proseslərini başa vurduğunu dedi. Digər müxalifət qüvvəsi - "Yeni Ermənistan" isə "ölkənin uçurum həddində olması"nı bəyan etməklə işini bitmiş saydı.
Söhbət yeni olmayan, amma inkişafının yeni mərhələsinə qədəm qoya biləcək proseslərdən gedir.

Referendum ərəfəsində yayılan rəsmi xəbərlərdə deyildi ki, "hakimiyyət nümayəndələrinə və rəsmi strukturlara hücumlar planlaşdıran qruplaşma zərərsizləşdirilib". Bu qrupun olub-olmadığını, nələr planlaşdırdığını zaman göstərəcək. Amma "qruplaşma işi" uydurma olsa da, cəmiyyətdəki narazılığın pik həddə çatdığını, ermənilərin çoxununun hakimiyyətin formalaşmasında iştiraklarının minimum həddə olduğuna inandığını göstərir. Hakimiyyəti dəyişməyin yeganə yolunun zorakılıq olmasına inananların sayının artdığı da göz qabağındadır.
Ermənistandakı mühacirət, siyasi süstlüklə bahəm zorakılığa tapınmaq, əslində, ümidsizlik və zəiflik nişanəsidir. Bəhs etdyimiz düşüncə qəddarlıq, qəzəb yaradır: həmin hisslər isə hətta ən zəif, süst insanı ən ağır cinayətlərə sövq edir.

Yerevan iqtidarı anlamır, amma belə şəraitdə dövlət quruculuğu, iqtisadiyyatın inkişafı, təhlükəsizliyin təminatı mümkün deyil. Bəhs etdiyimiz məsələlərin həlli yalnız ictimai iştirak zamanı, yəni cəmiyyət özünü ölkənin sahibi hiss edərək məsuliyyəti boynuna aldığı zaman mümkündür.
Serj Sarkisyan rejiminin fəaliyyəti məhz ictimai apatiyanın, vətəndaş süstlüyünün bərqərarına, planlarını reallaşdırmaq üçün cəmiyyətin qanuni hüquqlarından məhrum edilməsinə yönəlib.


Onun istəklərinin gerçəkləşdirilməsi faciələr, qanlı olaylar, cinayətlər, hakimiyyət didişmələri ilə müşayiət olunaraq Ermənistanı məhvə doğru gedən dövlətə döndərib.
Yerevandakı rejim dərk etməmiş deyil ki, referendumda 32,35 faizin "Yox!" deməsi passiv sabotajdır və belə sabotaj ən böyük küçə yürüşü, çoxsaylı mitinqdən də təhlükəlidir.

Ermənilər işsizlikdən, qanunsuzluqdan, rüşvətxorluqdan, məmurların harınlığından, yaramazlığından, "Dağlıq Qarabağ münaqişəsi" adlandırılan və hər gün erməni gənclərin həlak olduğu idefiksdən, işğalçılıqdan, yalanlardan usanıblar.
Onlar müsbət dəyişikliklər, inkişaf, normal yaşam istəyirlər.
Referendumun nəticələri də onu göstərdi ki, erməni cəmiyyətində sağlam müxalifət qüvvəsinə ehtiyac var. O qüvvəyə ki seçki saxtakarlıqları mexanizmini dağıtmaq, ölkənin inkişaf yolunun qarşısındakı bütün maneələri bir kənara atmaq potensialına malik olacaq.

Yeni, sağlam qüvvənin ölkənin indi düşdüyü bataqlıqdan çıxarmaq üçün proqramı da olmalıdır. Ermənilər bunu gözləyirlər.
Referendum aşkarladı ki, ermənilərin çoxu Serj Sarkisyana inanmır, onun dəstəsinin bütün "təşəbbüs"lərini rədd edir.
Serj Sarkisyan bunu bildiyindən referendumda gərəkli nəticəni əldə etmək üçün bütün çirkin texnologiyaları işə saldı.
Amma hər şeyin əvvəli və sonu olduğu kimi Şərin də təntənəsi çox çəkmir.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR