Bakı avtovağzalının cibgirləri (FOTO)

Bakı avtovağzalının cibgirləri (FOTO)
12:21 30 Dekabr 2014
121 Digər
Ölkə mətbuatı
A- A+

Sabahdan Azərbaycanda 5 günlük bayram tətili başlayır. Bayramla əlaqədar hələ dekabrın 28-dən gücləndirilmiş iş rejimində çalışan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında bu gün əməlli başlı sıxlıq müşahidə olunurdu.

ANS PRESS bayramqabağı avtovağzaldakı vəziyyəti öyrənmək üçün bu ünvana üz tutub. Hər il olduğu kimi bu dəfə də bayram günlərində vağzalda avtobus çatışmazlığı, süni qiymət artımı var idi. Biletsiz onlarla insan bayramı yaxınları ilə keçirmək üçün yer axtarışına çıxanlar avtobusların başına toplaşmışdılar.

Hər il olduğu kimi bu il də bəzi avtobus sürücülərinin süni qiymət artımına yol verməsi sərnişinlərin narazılığına səbəb olmuşdu.
Belə ki, Qazax istiqamətinə hərəkət edən avtobusda sürücü özbaşına olaraq gedişhaqqını 10 manatdan 12 manata kimi yüksəldib. “Həmişə bu yolu gedirik və 10 manat veririk. İndi bizdən 12 manat alıb. Bilmirəm bayram günü yol uzanır, yoxsa benzin bahalaşır. Biabırçılıqdır, camaatı dolayıblar”, - deyə Cavid Babayev adlı sərnişin ANS PRESS-ə bildirib.

Məsələni araşdırmaq üçün Bakı beynəlxalq və şəhərlərarası avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevə müraciət etdik və onunla birlikdə qeyd edilən avtobusa mindik. Avtobusun sürücüsü and-aman edərək deyilənlərin yalan olduğunu iddia etsədə, onun süni qiymət artımına yol verdiyi üzə çıxdı. ANS PRESS-in müdaxiləsindən sonra sürücünün aldığı artıq pullar sərnişinlərə geri qaytarılıb.

Məhəmməd Abdullayev ANS PRESS-ə açıqlamasında bildirib ki, belə hallarla mübarizəyə şəxsən özü nəzarət edir və sərnişinlərdən artıq pul alınmasının qarşısı alınır.

O, bayramla əlaqədar xəttə çıxarılan nəqliyyat vasitələrinin yetərli olduğunu və heç bir problemin yaşanmadığını bildirdi: “Adi günlərdən fərqli olaraq bayram ərəfəsində xəttə çıxarılan əlavə 200 nəqliyyat vasitəsi sərnişinlərin tam və təhlükəsiz daşınmasına xidmət edir. Demək olar ki, respublikanın bütün istiqamətlərində sərnişin sıxlığının yaşanır. Qurum yanvarın 6-na kimi gücləndirilmiş iş rejimində çalışacaq”.

Sərnişin sıxlığı Azərbaycan Dəmir Yollarında da müşahidə edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov ANS PRESS-ə bildirib ki, dəmir yolunda sərnişin sıxlığı əsasən qərb istiqamətində müşahidə edilib.

"Bu gün üçün olan biletlər 10 gün əvvəlcədən satılıb. Lakin gələn sərnişinlər üçün əlavə vaqonlar qoşulur. Dünən Bakı-Tiflis turist qatarını yola saldıq. Həmin relslə 180 nəfər getdi. Bütün qatarlara təlabata uyğun olaraq 3, yaxud 5 vaqon qoşulur. Əgər adi günlərdə 2000-2500 sərnişin olurdusa, bayram günlərində 5000 mindən çox sərnişin xidmətimizdən istifadə edir”.

Nadir Əzməmmədov onu da əlavə edib ki, bütün istiqamətlərə biletlər kassadan şəxsiyyət vəsiqəsi əsasında satıldığı üçün gedişhaqqılarda süni qiymət artımı ola bilməz.





























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR