Hökumət neftin ucuzlaşan qiymətinə görə büdcə ilə nə edəcək?

Hökumət neftin ucuzlaşan qiymətinə görə büdcə ilə nə edəcək?
13:13 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakl. İlahə Məmmədli – Trend:

Azərbaycan hökuməti ötən gün dünya bazarlarında Azərbaycanın 1 barel neftinin qiymətinin 39 dollardan bir az artmasına baxmayaraq, 2016-cı ilin dövlət büdcəsinin proqnozlarını yenidən baxmağı planlaşdırmır.

Faktiki olaraq Azərbaycanın ixrac etdiyi əsas neft sortu olan “Azeri Light”ın indiki qiyməti hətta hökumətin ən bədbin proqnozlarından aşağıdır. Trend-in məlumatına görə, 2016-cı ilin büdcə proqnozları 3 ssenari əsasında hazırlanıb: bədbin – 1 barel neftin qiyməti 40 dollar səviyyəsində götürülüb, baza – 50 dollar və nikbin – 60 dollar.

Gələn il üçün neftin qiymətini 51 dollar səviyyəsində proqnozlaşdıran Dünya Bankı (DB) daxil olmaqla iri beynəlxalq təşkilatların (Beynəlxalq Valyuta Fondu - 50,4, İqtisadi Əməkdaşlıq Təşkilatı – 50 dollar, “Goldman Sach” – 49,5 dollar, “Moody’s” – 43 dollar) gözləntilərini nəzərə alan hökumət mövcud proqnozları məqbul sayır. Bununla da Azərbaycan büdcəsinin bədbin ssenarisi indiki qiymətlərin qalması halında 2016-cı ildə də dəyişiklik etmədən proqnozları saxlamağa imkan verir.

Qonşu ölkələr, məsələn, Rusiya və Qazaxıstan öz büdcə göstəricilərini 1 barel neftin qiymətinin 50 dollar səviyyəsində proqnozlaşdırıb, hərçənd Nigeriya 38 dollar, Venesuela isə 40 dollar qiymətinə istiqamətlənib.

2015-ci ildə büdcə daxilolmaları ilə vəziyyətə gəlincə, 11 ayın yekunları üzrə Azərbaycan neftinin orta çəkili qiyməti 1 barelə görə 51 dollar təşkil edib ki, bu da proqnoz büdcə qiymətini 1 dollar üstələyir. İstənilən halda ölkə büdcəsi və bütün iqtisadiyyat getdikcə qeyri-neft sektoruna istiqamətlənəcək. Bu il büdcə daxilolmalarında bu sektorun xüsusi çəkisi artıq 65 faiz səviyyəsində gözlənilir, gələn il isə ümumiyyətlə onun payı 71 faizədək artacaq.

Hökumət 2016-cı ildən etibarən ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) xəzinəyə transferlərini azaldacaq. Bu il üçün dövlət büdcəsinin gəlirlərində SOFAZ-ın transferlərinin nisbəti 53,4 faiz təşkil edir, ümumi ifadədə bu köçürmələr 10,388 milyard manat səviyyəsində götürülüb. Gələn il SOFAZ-ın dövlət büdcəsinə transferləri 6 milyard manat səviyyəsində gözlənilir.

Neftin qiymətlərinin aşağı düşməsi səbəbindən neft şirkətlərinin gəlirləri azalıb və nəticədə “Azeri Light” sortun hasil edildiyi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunu işləyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən mənfəət vergisi üzrə daxilolmaları bu il 800 milyon manat proqnoza qarşı 693 milyon manat təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2470092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR