Şəkidə Prezident Kuboku uğrunda növbəti çövkən yarışlarına start verilib

Şəkidə Prezident Kuboku uğrunda növbəti çövkən yarışlarına start verilib
14:28 16 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 16-da Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışlara start verilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 21-dək davam edəcək yubiley yarışlarında Bakı, Şəki və Yevlax şəhərlərini, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Qax, Qazax, Qəbələ, Laçın, Oğuz, Samux, Şəmkir, Tərtər, Tovuz, Zaqatala rayonlarını təmsil edən 24 komanda mübarizə aparır.
Yarışlar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir. Xatırladaq ki, ötən il keçirilən IX çövkən milli oyunu üzrə yarışlarda Bakının “Sərhədçi” və “Kövsər” komandaları, Ağstafa, Balakən, Ağcabədi, Laçın, Oğuz və Qəbələ təmsilçiləri fərqləniblər.
On il əvvəl yaradılan Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb. 2006-cı ildən etibarən hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması və təbliği məqsədi daşıyır.
Çövkən oyunu Azərbaycanda çox qədimdən oynanılır. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində geniş yayıldığını sübut edir. Dahi Nizaminin Xosrov və Şirin əsərindən və “Kitabi-Dədə Qorqud” boylarından isə məlum olur ki, Azərbaycanda çövkənin tarixi hətta VI-VII əsrlərə, bəlkə ondan da qabaqlara gedib çıxır.
Qeyd edək ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_Prezident_Kuboku_ugrunda_novbeti_chovken_yarislarina_start_verilib-911680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR