Bakıda qızların üstünə maşın sürən sürücünü cəzalandırdılar - FOTO

Bakıda qızların üstünə maşın sürən sürücünü cəzalandırdılar - FOTO
14:47 16 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı jurnalist Rufik İsmayılov hər bir vətəndaşa örnək ola biləcək bir hərəkət ilə yadda qalıb.

Criminal.az xəbər verir ki, metronun "Elmlər Akademiyası" satansiyasında qaydaları kobudca pozan sürücünü görən jurnalist onun tutulub istintaqa cəlb edilməsi üçün hərəkətə keçib.

Onun hadisə barədə açıqlamasını olduğu kimi təqdim edirik:

"Oktyabrın 13-ü işdən çıxıb "Elmlər Akademiyası" metrosunun yanındakı dayanacağa gedərkən xoşagəlməz hadisənin şahidi olmuşdum.

Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsindəki 4 yol ərazisində KİA markalı avtomobili idarə edən gənc sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozurdu. İnsanların gur olduğu yerdə işıqforun onun üçün qırmızı işığına əhəmiyyət vermədən, öz hərəkət zolağından çıxaraq, qoşa xətti tapdalayıb əks yola çıxmaqla yanaşı, maşını piyada zolağında hərəkətdə olan tələbə qızların üstünə sürürdü. Bu "sürücü" həm piyadalar, həm də digər sürücülər üçün təhlükəli anlar yaşadırdı.

O an öz bacımı, həyat yoldaşımı həmin qızların yerində təsəvvür etdim və gənc "sürücü"nün bu hərəkətlərindən çox əsəbləşdim.

Amma əsəbimi heç də onun yaxasından tutmaqla, dava-dalaş salmaqla çıxarmadım.

Həmin avtomobilin dövlət nömrə nişanını, hadisənin baş verdiyi ərazini, dəqiq vaxtı özülüyümdə qeyd edib, səhəri gün Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polis İdarəsinə öz adımdan rəsmi qaydada müraciət etdim. Müraciətimdə baş vermiş hadisəni tam dəqiqliklə təsvir elədim və tələb etdim ki, həmin "sürücü" tapılaraq qanun çərçivəsində cəzalandırılsın. Xüsusilə qeyd etdim ki, həmin "sürücünü" tanımıram, onunla heç bir şəxsi-qərəzliyim yoxdur və etdiyim əməl sırf vətəndaş mövqeyindən irəli gəlir.

Oktyabrın 18-də Daxili İşlər Nazirliyindən rəsmi cavab gəldi ki, müraciətiniz baxılıb tədbir görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilib. Noyabrın 27-də isə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən ünvanıma cavab məktubu göndərilib.

Məktubda bildirilib ki, müraciətim araşdırılıb, qaydaları pozan "sürücü" aşkar edilib, ərazidəki müşahidə kameraların yaddaşındakı videogörüntülər vasitəsilə onun günahı tam təsdiqini tapıb və o, İnzibati Xətalar Məcəlləsinin 151.3-1 və 151.2 maddələrinin tələblərinə uyğun olaraq cəzalandırılıb. Bu, üst-üstə 7 bal və 200 manata yaxın cərimədir. Amma bəlli ki, həmin "sürücü" bundan başqa da əməlli-başlı "tərləyib", "qazı" alınıb. Eşitdiyimə görə o, "sürücünün" ailəsində də buna görə çox böyük narahatlıq yaşanıb.

O gün, bu gün nə həmin "sürücünü", nə də onun idarə etdiyi maşını "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında görmürəm. Sözümün canı budur ki, heç kimdən və heç nədən çəkinmədən, siyasi məqsəd güdmədən, hər zaman vətəndaş mövqeyi bildirməkdən çəkinməyək, cəmiyyətdəki əyintilərə, qanunsuzluqlara qarşı sivil qaydada mübarizə aparaq. Bu Vətən də, bu dövlət də bizimdir..."

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR